Əlaqə Arxiv
news Image
2013.11.27
07:50
| A A A
Mingəçevir su anbarında zəlzələ təhdidi
Vüsalə Hüseynova: “Mingəçevir su anbarının ərazisi seysmik zonalara aiddir” Telman Zeynalov: “Əgər su anbarı artıq doldurulursa, yaranan təzyiq yerin təkanına təsir göstərir”

Xəbər verildiyi kimi, 25 noyabr tarixində Mingəçevirdən 35 km şimal-qərbdə maqnitudası 3 bal olan yeraltı təkan qeydə alınıb. Amma bu təkanın təhlükəsini ölkənin digər ərazilərində qeydə alınan təkanlarla eyni tutmaq düzgün olmazdı. Zəlzələnin Mingəçevir su anbarında qeydə alınması ilk növbədə bunu deməyə əsas verir.

Xüsusi ilə də bu yaxınlarda Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin Mingəçevir hövzəsi barədə verdiyi qorxulu açıqlama məsələyə diqqəti artırmağa vadar edir. Belə ki, direktor Mingəçevir hövzəsinin seysmiklik baxımdan daha fəal olduğunu bildirmişdi. Bundan başqa, Mingəçevir hövzəsinin altında zəlzələ ocaqlarının yerləşdiyini qeyd edən mərkəz direktoru hövzədə suyun miqdarı artdıqca seysmik fəallığın da artdığını vurğulamışdı. AMEA prezidenti Akif Əlizadə isə deyib ki, 60 ildən artıq istifadədə olan Mingəçevir su hövzəsində ciddi tədqiqatlar aparılmalıdır. Çünki 60 il ərzində orada müxtəlif geoloji, tektonik, geodinamik dəyişikliklər baş verib. Bu tədqiqatlar AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi, Geologiya İnstitutu və FHN ilə birlikdə aparılmalıdır. Ancaq konkret olaraq sonuncu təkana gəlincə, müvafiq qurum və ekspertlər nikbindirlər.

Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Hüseynova "Mövqe"yə açıqlamasında bildirdi ki, Mingəçevirdə xırda təkanların olması böyük təhlükələrdən sovuşmaq üçün müsbət haldır: "Kiçik təkanlarla oradakı enerji yığılması boşalmağa doğru gedir. Amma bundan sonra Mingəçevir su anbarında təkanların olub-olmaması barədə nəsə demək mümkün deyil. Bu, xırda təkan idi. Bilirik ki, Azərbaycan ərazisində seysmik baxımdan aktiv olan ərazilər var. Mingəçevir su anbarının ərazisi də seysmik zonalara aiddir. O baxımdan oradakı sonuncu təkan adi vaxtlarda qeydə alınan təkanlardan biridir. Sadəcə olaraq, təkanların maqnitudası 3-dən yuxarı olanda ictimaiyyəti məlumatlandırmalıyıq. Orada zəlzələ ocaqları var. Amma orada hansısa təkan qeydə alınırsa, o demək deyil ki, gələcəkdə güclü zəlzələlərə gətirəcək və ya gətirməyəcək. Bu, yerin təkində gedən prosesdir. Bəzən hansısa müşahidələrə əsaslanaraq uzaqdan nəyinsə ola biləcəyini demək mümkündür. Yaxınla bağlı isə heç bir proqnoz vermək mümkün deyil. Amma orada suyun həcmi artdıqca zəlzələ ocaqlarına təsir edə bilər".

Ekoloq Telman Zeynalov bildirir ki, Mingəçevir su anbarının məhz həmin ərazidə tikilməsi əbəs yerə seçilməyib: "Ona görə orada tikilib ki, həmin yerdə güclü zəlzələlər olması ehtimalı azdır. Kiçik təkanlar olsa belə, su anbarına ciddə ziyan gətirməyəcək. Əvvəl həmin ərazilər seysmik baxımdan aktiv zona deyildi. Ancaq son dövrlər dünyada süni təkanların yaradılması praktikası var. Bundan başqa, təbiətin işini bilmək olmaz. Həmin ərazidə güclü zəlzələ olmayıbsa, o demək deyil ki, heç vaxt olmayacaq. Çünki, 250 il bundan öncə ABŞ-da baş verən vulkan ölkənin 70%-i viran etmişdi. Həm də əgər su anbarı artıq doldurulursa, yaranan təzyiq yerin təkanına təsir göstərir. Orada zəlzələ ocaqlarının yaranmasına və təkana səbəb ola bilər. Ancaq anbar hesablanıb tikilibsə, və qurğunun ömrünün bitməsinə az bir zaman qalmış orada bərkidilmə işləri aparılacaq. Çünki, Məngəçevir su anbarında olan həcm hətta Bakı şəhərini belə su altında saxlaya bilər. Ona görə də orada mütləq şəkildə bərkidilmə işləri aparılıb və aparılacaq. Hazırda anbarda suyun səviyyəsi normadadır. Ancaq əgər hansısa problem yaranarsa, dövlət onun qarşısını ala biləcək qabaqlayıcı tədbir görə bilməz. Ona görə də əvvəlcədən hansısa tədbir görmək lazımdır. Əgər belə təkanlar baş verirsə, dövlətə bir siqnal olmalıdır. Çünki, Mingəçevir su anbarı milyard kubmetr su deməkdir".

Sizin Reklam Yeriniz