Əlaqə Arxiv
news Image
2012.05.25
22:11
| A A A
Nağd pul istifadədən çıxmağa başlayır
Artıq vətəndaşların böyük əksəriyyəti pos-terminallar vasitəsilə alış-verişə üstünlük verməyə başlayırlar

Bakıda keçirilən "Eurovision" yarışması ilə əlaqədar olaraq xüsusi diqqət yetirilən məsələlərdən biri də istifadədə olan pos-terminalların sayının artırılması ilə bağlı oldu. Artıq Bakı şəhəri üzrə pos-terminallaşdırılma 99 faizə çatdırılıb. Bu da istehlakçıların nağdsız ödəmələrə marağını artırıb.

Ölkə üzrə plastik kartların sayı 4 milyon 700 minə çatıb. Hazırda ölkənin 28 min kommersiya obyektində 35 min pos-terminal istehlakçılara xidmət göstərir. Mərkəzi Bankdan verilən məlumata görə, 2010-cu ildə bu rəqəm 8 minə yaxın, 2011-ci ildə 13 min olub. Aparatların 30 mini paytaxtda quraşdırılıb. Vergilər Nazirliyindən bildiriblər ki, pos-terminalların quraşdırılması əhalinin nadsız ödəmələrə marağını artırıb. Ötən bir il ərzində hər bir vətəndaş pos-terminallar vasitəsilə orta hesabla 12 dəfə əməliyyat aparıb. Bu isə ötən illərlə müqayisədə dəfələrlə çoxdur. Pos-terminalların quraşdırılması plastik kart əldə etmək üçün kommersiya banklarına müraciət edənlərin sayını artırıb. Müştərilərinə pulsuz kart təklif edən bankların da sayı çoxalıb. Mərkəzi Bankdan verilən məlumata görə, hazırda ölkə üzrə 4 milyon 700 minə yaxın plastik kart istifadəçisi var. 2011-ci il ərzində plastik kart istifadəçilərinin sayı 100 min nəfər artıb. Paytaxtdan sonra bütün ölkə üzrə pos-terminalların quraşdırılması sürətləndiriləcək. Hazırda regionlarda 5 minə yaxın pos-terminal fəaliyyət göstərir.

Pos-terminalların quraşdırılması və onlardan istifadə banklar üçün də çox sərfəlidir. Düzdür, əgər ticarət nöqtəsində fəaliyyət aşağıdırsa, onda bank fəaliyyətsiz pos-terminallar üçün 15-20 manat səviyyəsində aylıq xidmət haqqı müəyyən edir. Araşdırmalara görə, bank mağazadan pos-terminal vasitəsi ilə ayda ən azı 1000 manatlıq dövriyyə tələb edir, əks halda mağaza pos-terminala xidmət haqqı kimi hər ay 15 manat pul ödəməldir. Əgər pos-terminallarda normal dövriyyə olarsa, bankların gəliri daha yüksək olmalıdır - hazırda Azərbaycan bankları kart ödənişləri üçün dövriyyədən 1,5-3%-ə qədər pul tutur ki, bu da 1000 manatlıq dövriyyə üçün 30 manata qədər pul edir. Yəni istənilən halda banklar məsələdən gəlirli çıxırlar.

Statistikaya görə, Azərbaycanda 185 minə yaxın ticarət nöqtəsi var - bunun 40 minə yaxını hüquqi statuslu xidmət və ticarət nöqtələridir. Bazar və yarmarkalarda da 40 minə yaxın ticarət nöqtəsi var. Həmçinin ölkədə 55 min mağaza və 6 minə yaxın köşk mövcuddur. 9 minə yaxın iaşə müəssisəsi və 20 minə yaxın atelye fəaliyyət göstərir. Prezidentin fərmanına görə, 2,5 min aptekdə və 10 mindən çox taksidə də POS-terminal quraşdırılmalıdır.

Əslində, bu sayda pos-terminalların quraşdırılması və ticarət dövriyyəsində nağdsız hesablaşmaların artması Azərbaycan dövlətçiliyi və əhali üçün çox əlverişlidir. Birincisi, pos-terminalların quraşdırılmasının xüsusilə də neftdən kənar bölmə üzrə vergi ödənişlərinin artmasına səbəb olacağı ehtimal edilir. İkincisi, bu, istehlakçılar üçün xüsusilə əlverişlidir, çünki alıcını kağız pulların yaratdığı problemlərdən azad edir. Yəni müştərinin üzərində daşıdığı kağız pulun təhlükəsizliyi, ona qaytarılan qalıq pulun saxta olub-olmaması ilə bağlı qayğıları aradan qalxır. Beləliklə, proseslərin inkişaf istiqaməti yaxın perspektivdə pos-terminlların sayının daha da artacağını və bununla ölkədə nağdsız alış-verişin miqyasının əhəmiyyətli dərəcədə genişlənəcəyini göstərir. Bu isə nağd pulun tədricən istifadədən çıxması prosesinin başlanğıcı kimi də qiymətləndirilə bilər.

Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz