Məlum olduğu kimi son bir ildə ölkədə mənzillərin qiyməti sürətlə artır. Bahalaşma indi özünü təkcə paytaxt Bakıda yox, regionlarda da qabarıq formada büruzə verir. Araşdırmalar göstərir ki, regionlarda ötən il iki otaqlı evlər 25 min manat olduğu halda hazırda minimum 30 min manatdan yuxarıdır.
Daha bir maraqlı nüans odur ki, son aylarda xaricdə yaşayan soydaşlarımız ev üçün çox müraciət edirlər. Qarşıdakı aylarda bu tələbin daha da artacağı gözlənir. Bunun əsas səbəblərindən biri Rusiyadan qayıdan soydaşlarımızdır. Onların əksəriyyəti əllərində olan pulu daşınmaz əmlak bazarına yatırmağa üstünlük verirlər. Belə vəziyyətdə isə tələbi qarşılaya bilməyəcək qədər təklifin olduğu üzə çıxır.
Ekspertlər də deyir ki, Bakıda mənzillərin bahalaşmasına bir neçə amil, o cümlədən də mənzil bazarında qıtlığın yaranması təsir göstərir. İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycanda mənzil bazarının həcmi Avropa ölkələri, Rusiya və Çində olduğu kimi böyük deyil və paralel olaraq elastikliyi azdır. Yəni, bazarda tələbin və yaxud təklifin qismən dəyişməsi dərhal qiymətlərdə öz sözünü deyir.
Bir çox yeni tikililərdə satışa çıxarılan mənzillərin sayının məhdudlaşması bu binalarda qiymətlərin artımına təsirsiz ötüşməyib. Əgər ilin ortalarında hər bir alqı-satqı ofisinə gün ərzində 2-3 müraciət olunurdusa, oktyabr-noyabr aylarında bu say 3-4 dəfə artıb. Söküntü işləri isə paytaxtda evlərin qiymətinin artmasına daaha çox səbəb olub. Son 2-3 ildə Azərbaycanda dövlət büdcəsi hesabına böyük investisiya layihələri həyata keçirilib. Məsələn, paytaxtın bir neçə yerində - Heydər Əliyev adına Sarayın arxasında, Xutor qəsəbəsində, "Qara şəhər" adlanan ərazidə köhnə evlər sökülərək sakinlərə kompensasiya ödənilib. Paytaxtın mərkəzində və mərkəzinə yaxın yerlərdə sökülən evlərin əksəriyyətinin sahəsi az olduğundan və müvafiq olaraq həmin evlərə görə ödənilmiş pulla mərkəzi ərazilərdə mənzil almaq çətin olduğundan vətəndaşlar ev problemini həll etmək üçün Bakının ətraf ərazilərinə üz tutur. Bu da son nəticədə mənzilləri bahalaşdırır. İndi paytaxtın ətrafında əhalinin xüsusilə əldə etməyə çalışdığı 1-2 otaqlı mənzil tapmaq olduqca çətindir.
Daha bir səbəb ondadır ki, bazarda ucuz mənzillərin sayı azalır, eyni zamanda baha mənzillərin sayı artır. Aydın məsələdir ki, bu gün ipotekanı əhalinin bir və ya ikiotaqlı mənzilə üstünlük verən orta təbəqəsi alır. Bu nöqteyi-nəzərdən alıcılar üçün Bakının Xətai, Nərimanov, Binəqədi və Yasamal rayonları daha cəlbedicidir. Bu rayonlar şəhərin mərkəzinə yaxındır və qiymətləri də ipoteka kreditinə uyğundur. Mövsümi amillərin bu faktorda böyük rolu olsa da, qiymət artımına ipoteka krediti bazarının işləməsi, tikinti şirkətlərinin kredit portfelinin həcmini artırmaları, paytaxtın bəzi ərazilərində gedən tikinti-quruculuq işləri ilə əlaqədar nəğd vəsaitlər əldə edən əhalinin bu seqmentə marağının güclənməsi də təsir göstərib. İpoteka kreditlərinin predmeti də çox vaxt Bakıətrafı ərazilər olur. Bu da bahalaşmaya təsirsiz ötüşmür. Məsələn, mikrorayonlarda, Günəşli, Əhmədli kimi qəsəbələrdə göstərir. Əgər 1 il bundan əvvəl adı çəkilən yerlərdə 1 otaqlı mənzili yerindən, mərtəbəsindən və təmirindən asılı olaraq 35-45 min dollara almaq mümkün idisə, hazırda qiymət minimum 45-50 min dollardır. 2 otaqlı mənzillərin qiyməti isə 50-55 min dollardan 65-70 min dollara qalxıb. 3 və daha çox otağı olan mənzillər üzrə isə ciddi bahalaşma yoxdur. Ümumiyyətlə, bu ilin ilk 10 ayının nəticələrinə görə, Bakıda mənzillərin qiyməti 17-18% artıb. İlkin mənzil bazarında qiymət artımı 19%, təkrar bazarda isə 15% təşkil edib. Halbuki, 2012-ci ildə bahalaşmanın həddi orta hesabla 6%-i keçməmişdi. Bu isə, 2013-cü ildə qiymət artımı templərinin daha yüksək olmasından xəbər verir.
Yeni metro stansiyalarını açılması isə onlar ətrafında olan evlərin qiymətiən birbaşa təsir edir. Bunula yanaşı, Avropa və MDB ölkələri daşınmaz əmlak bazarında qiymət artımı və ölkə daxilində baş verən hadisələr Bakı şəhər daşınmaz əmlak bazarına da təsir göstərib.
Düzdür, indi axtarsan yeni tikililərdə boş mənzillər tapmaq mümkündür. Lakin araşdırmalar göstərir ki, satılmayan mənzillər bir kvadratmetri orta qiyməti təxminən min manat və ondan yuxarı olan mənzillərdir. Söhbət Bakının mərkəzində və mərkəzə yaxın olan ərazilərindən gedir. Bir çox tikinti şirkətləri var ki, ümumiyyətlə, satışa maraqlı deyillər. Düzdür, satış üçün müəyyən qiymətlər qoyulub, amma satılmayan mənzillərin əksəriyyətini inşa edən şirkətlər daha çox kənar maliyyə resursları hesabına fəaliyyət göstərirlər. Yəni onlar dayanıqlı maliyyə resurslarına malikdirlər və onlar tikintidən gələn gəlir hesabına dolanmırlar.