"Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!"
Bəli, mövzumuz qeydiyyatsız, nəzarətsiz kredit, yəni sələmdir. Sələm fəaliyyətində nə dövlətə vergi ödənilir, nə də bu işin məhkəmə müstəvisində həlli yoxdur. Vətəndaşın başqasına borca pul verməsi və qarşı tərəfin öhdəlikləri notarial qaydada təsdiqlənməyibsə, məhkəmə iddianı qəbul etmir. Eyni zamanda sələmə pul vermək dini müstəvidə də haramdır. Düzdür, müqayisəcə ölkəmizdə sələmçiliklə bağlı vəziyyət o qədər pis olmasa da, mütəxəssislər həmin fəaliyyətin qarşısını almağı təklif edirlər. Ekspertlərin fikrincə, sələmçilik fəaliyyətini inzibati yox, iqtisadi yollarla azaltmaq mümkündür. Çünki, sələmçilik əsasasən ölkənin kredit bazarında faizlərin yüksək olması şəraitində aktivləşir.
Professor Zahid Məmmədov bildirir ki, heç kimin Azərbaycan respublikasında sələm vermək hüququ yoxdur: "Bunun üçün bankçılıq fəaliyyəti var. Sələmçilik fəaliyyəti faiz dəcələrinin yüksək olduğu şəraitdə çox yayılır. Əslində, sələmin də faiz dərəcələri yüksək olur. Sələmçilik haqsız yüksək faiz dərəcələridir. Bu, hər dində də yasaqdır. Bəziləri bankçılıq fəaliyyəini bilmədiyindən köhnə düşüncələri ilə gedib dost-tanışından faizə pul alır. Korrupsiya əməlini həyata keçirənlər, vergidən yayınanlar öz fəaliyyətlərini gizlətmək üçün sələm verməklə vergi ödəmirlər. Ona görə də sələmçiliyə üstünlük verirlər. Onu qanuniləşdirmək də mümkün deyil. Elə sələmçiliyin mahiyyəti korrupsiya, gizlilik, vergidən yayınmaqdır. Onu leqallaşdırmaq olmaz. Bunun üçün banklar var. Bankdan fərqli olaraq, sələmçilikdə uçot yoxdur. Orada nəzarət, qeydiyyat olmur".
Professor bildirdi ki, sələmçiliyin qarşısını almq üçün ölkədə faiz dərəcələrinin aşağı salınması, kredit verilən prosedurların sadələşdirilməsi, qeyri-bank təşkilatlarının inkişafı, kooperativ kredit təşkilatlarının inkişafına dəstək, şirkətlərin kredit kooperativlərinin yaradılması haqqında güzəştlərin edilməsinə ehtiyac var: "Ancaq Pakistan, Banqladeşlə müqayisədə bizdə ümumulikdə bu istiqamətdə vəziyyəti pis qiymətləndirmək olmazdı. Artıq demək olar ki, bu ənənə ortadan qalxır. Əhalinin maliyyə savadının artırılması üçün Mərkəzi Bankın, Maliyyə Nazirliyinin kospensiyaları var".
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev isə bildirir ki, sələmçilik fəaliyyətinin genişlənməsinin bir sıra səbəbləri var: "Bu da onunla bağlıdır ki, insanlar qısa müddət ərzində gəlir götürmək imkanı əldə edirlər. Çox vaxt kredit bazarında faizlərin yüksək olması insanlarda belə bir fikir formalaşdırır ki, həmin pulu sələmə götürmək daha sərfəli olar. Maliyyə bazarında kapitala olan tələbin təklifi üstələməsi maliyyə çatışmazlığına gətirib çıxarır. Həmçinin də müxtəlif maliyyə alətlərinin az olması sələmçiliyin bazarda geniş vüsət almasına şərait yaradır. Sələmçilik çox zaman insanların daşınmaz və daşınan mülkiyyətlərinin əlindən çıxmasına gətirib çıxarır. Çünki, sələmçilik iqtisadi baxımdan da səmərsiz olur. Sələmə girən insan hansısa iqtisadi fəaliyyətlə məşğul olub pulu qaytarmalıdırsa, orada sələm faizi o qədər yüksək olur ki, iqtisadi fəaliyyətdən əldə etdiyi gəlir çox zaman onun sələmi qaytarmasına kifayət etmir. Odur ki, sələmə əl atanlar iqtisadi səmərəsizliyə görə çox zaman öz mülkiyətini itirməli olurlar. Sələmə pul götürməyin bir hissəsi də sosial vəziyyətin ağırlığı ilə bağlıdır. Bu, həm də çirkli pulların hərəkətinə köməklik göstərir. Çünki, qeyri-leqal yolla əldə olunmuş pullar sələmçilik vasitəsi ilə geniş şəkildə vüsət almasına gətirib çıxarır. Bu, gizli iqtisadiyyatın maliyyə təminatına köməklik göstərir. Sonda leqal maliyyə bazarına da mənfi təsir göstərə bilir. Ümumiyyətlə, sələmçilik fəaliyyəti heç bir tarixi dövrdə yaxşı hal kimi görünməyib. Onun qanuni vasitələrlə aradan qaldırılması daha yaxşı olardı. Həm də alternativ maliyyə institutları formalaşdırılmalıdır. Xüsusi ilə də "Ventur" kapitalının, "Françayzinq" maliyyə metodunun Azərbaycanda genişləndirilməsi, xüsusən də faizsiz maliyyələşmə metoduna üstünlük verilməlidir. Onlar sələmçiliyin qarşısını almaqda köməklik edərr. Yəni, sadalanan fəaliyyətlərin qanuniləşdirilməsinə ehtiyac var".