Müasir dünyanı elektron vasitələri olmadan təsəvvür etmək qeyri-mümkündür. İndi həyatımızın bütün sahələri əsasən məhz elektron vasitələrlə tənzimlənir. Hazırda demək olar ki, hər bir ailə telefon, kompüter, televizor və s. elektron vasitələrindən yararlanır.
Bu cihazlar eyni zamanda ətraf mühitin daha çox elektromaqnit dalğaları ilə dolmasına səbəb olur. Son illər Azərbaycanda da elektromaqnit dalğaları qəbul edən və ötürən cihazların sayı durmadan artır. Bunun isə insan səhhətinə necə təsir göstərməsi ciddi mübahisə predmeti olaraq qalır.
Tibb elmləri doktoru Adil Qeybulla bildirir ki, elektromaqnit dalğaları yaradan cihazların səhhətimizə vurduğu ziyan məsələsi artıq ən aktual problemlər sırasında yer alıb: "Bu gün insan səhhətinə neqativ təsir göstərən elektron vasitələrindən söhbət gedəndə əsasən mobil telefonlar yada düşür. Dünya səhiyyəsində ionlaşdırıcı şüalanmaya qarşı mübarizə tədbirləri içərisində xüsusi yer tutan məsələlərdən biri də radioaktiv şüalanmasıdır. Yəni bu problem hər yerdə nəzərə alınır. Bir də yüksək tezlikli radio şüalarından söhbət gedir. Elektromaqnit dalğaları insan orqanizminə sirayət edərək toxumaları dağıdır. Yüksək tezlikli radioaktiv şüalanma isə hüceyrənin ən dərin qatlarına nüfuz üdə bilməsələr də, onun fəaliyyətinə ciddi təsir göstərə bilir. Ona görə də xüsusilə mobil telefonlarla danışan və radioqəbulediciyə qulaq asan zaman ətrafda böyük bir elektromaqnit sahəsi yaranır ki, bu da insan orqanizminə təsirsiz ötüşmür. Mobil telefonların, onların yaratdığı elektromaqnit şüalarının ətrafa mənfi təsirləri barədə mətbuatda çoxsaylı yazılar dərc olunub. Onların xərçəng törətməsi, konsoligen təsirləri barədə danışılaraq bu məsələlər öyrənilib. Lakin elektromaqnit dalğaları yayan cihazların, o cümlədən mobil telefonların tarixi çox da uzaq deyil. Ona görə də bu sahədə uzaq nəticələr barədə danışmaq hələ tezdir. Amma artıq 25-30 illik tarix var ki, ona əsasən də müəyyən nəticələrə gəlmək mümkündür. Mobil telefonlardan istifadə müddəti müəyyən xəstələrin ondan istifadəsi və s. məqamlar da araşdırılmalıdır. İndi Azərbaycanda elektromaqnit dalğalı cihazların sayı da artıb. Əslində, infrastrukturu düzgün qurmayan mobil şəbəkələr şüalanmanı uzun müddət və uzaq məsafəyə ötürə bilirlər ki, bu da insan orqanizminə çox ziyanlıdır. Ona görə də düşünürəm ki, hansı meqabitlərlə işlənilməsi barədə parametrlər müqavilələrlə razılaşdırılmalıdır ki, sonradan mobil şəbəkələr bundan sui-istifadə edərək səhhətimizə ziyan vurmasınlar".
Tibb elmləri doktoru Aydın Əliyev isə qeyd etdi ki, bəd xassəli şişlər, ürək xəstəliklərinin çoxalmasında elektromaqnit dalğalı cihazların rolu böyükdür: "Ümumiyyətlə, elektromaqnit dalğaları və şüalanma bu gün dünyada, o cümlədən Azərbaycanda həddən artıq çoxalıb. Cihaz sistemi ilə elm və texnologiyanın inkişaf etdiyini, həyatın yüngülləşdiyini söyləyirlər. Amma onların insan orqanizminə ciddi mənfi təsir göstərdiyini unudurlar. Elektromaqnit dalğaları da şüalanmanın bir variantıdır. Onun təsiri ilə insan orqanizminin hüceyrələri, zülal sintezi və hissiyyat məhv olur. Bunun nəticəsində hüceyrənin forması dəyişdiyindən ayrı-ayrı insanlarda istənilən cürbəcür xəstəliklər meydana gəlir. Son zamanlar hüceyrənin quruluşunun dəyişməsilə əlaqədar olaraq bədxassəli şişlər, ürək xəstəlikləri, insultun artımının əsas səbəblərindən biri də kortəbii şəkildə elektromaqnit dalğalı cihazlara müraciət etməyimizdir. Təəssüf ki, hələ də bu əsarətdəyik. Təəssüf edirəm ki, dünyada elm cihaz sistemi üzrə inkişaf edir. Amma təbiət, insan münasibətləri və sağlamlığa xeyir verən elmin inkişafı texnoloji imkanlardan həddən çox geri qalır".