Əlaqə Arxiv
news Image
2013.12.03
07:26
| A A A
Yeni siqaret bahalaşması başlandı
Fərhad Bayramov: “Siqaretlərin qiymətindən artım varsa, burada dövlət amilindən söhbət gedə bilməz” Qadir İbrahimli: “Siqaret qiymətinin artımı obyektiv yox, subyektiv amillərdən yaranıb”

Məlumdur ki, dekabr ayının ilk günü Bakı mağazalarının bir neçəsində həm idxal, həm də daxili istehsal olan siqaretlərin qiymətində 10-20 qəpik arasında artım baş verib. Belə ki, qiymət artımı əsasən "Viceroy", "West", "LD", "Winston"un bütün növlərində və digər populyar siqaret markalarında müşahidə olunub.

Satıcılar isə siqaretlərin qiymətinin istehsalçı firmalar tərəfindən artırıldığını deyiblər. Azərbaycanda yeganə siqaret istehsalçısı olan "European Tobacco Baku"nun meneceri Anar Hətəmovun "Trend"ə verdiyi açıqlamada məlumat öz təsdiqini tapıb. O bildirib ki, Azərbaycanda tütün məmulatlarının qiymətinin artması dünya bazarlarında xammalın qiymətinin bahalaşması ilə əlaqədardır: "Dünyada tütünün qiymətinin siqaretin pərakəndə satış qiymətinə təsir etməsi onunla izah edilir ki, Azərbaycan bazarında məhsulların yarısından çoxu xaricdən idxal edilir. Tütün məmulatlarına olan daxili tələbatın 50 faizə qədəri yerli istsahsal hesabına ödənilir". Ancaq iqtisadçı eksperlər başqa fikirdədilər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Fərhad Bayramovun sözlərinə görə, elə sahələr var ki, onun iqtisadi əsasından danışmaq mümkün deyil: "Tütünə qoyulan vergilərin artırılmasında iqtisadi əsasdan söhbət gedə bilməz. Çünki, burada dövlətin əsas hədəfi qazanc yox, sağlamlıqdır. Əgər bəzi siqaretlərin qiymətindən artım varsa, deməli, burada dövlət amilindən söhbət gedə bilməz. Hansısa istehsalçı və satıcı edə bilər".

Ekspert əlavə etdi ki, tütün məhsullarına qadağa gətirmək mümkün deyil: "Lakin dövlət bunun azaldılması üçün əlavə vergi tətbiq etməklə onun istehlakını məhdudlaşdıra bilər. Dövlətin bu sahədə apardığı siyasət gəlir qazanmaq yox, sağlamlığa zərəri olan bu kimi məhsulların istehlakını əhmiyyətli dərəcədə azaltmaqdır. Əslində, tütün məhsullarına nə qədər vergilər qoyulsa da, onların istehlakında aruzolunan dərəcədə nəticə müşahidə olunmur. Çünki, istehsalçı aşağı dəyərdə olan tütün də istehsal edə bilər. Amma kiçik dərəcədə vergilərin əlavə edilməsi ilə istehlakını azaltmaq mümkündür. Müşahidələr göstərir ki, tütün məhsullarına olan tələb heç vaxt vergilərə görə azalmır. Sadəcə dəyərlərində fərq olan məhsullar arasında istehlak artır".

İqtisadçı ekspert Qadir İbrahimli isə bildirir ki, bu qiymət artmının heç bir iqtisadi əsası yoxdur: "Çünki, qiyməti əmələ gətirən amillərin bahalaşması haqqında heç bir məlumat yoxdur. Eyni zamanda, ölkəyə idxal olunan sirqaretlərin askiz dərəcələrində də heç bir dəyişiklik baş verməyib. Bu səbəbdən də ola bilməz ki, müxtəlif çeşidli siqaret markaları eyni anda bahalaşsın. Ona görə də siqaret qiymətinin artımı obyektiv yox, subyektiv amillərdən yaranıb".

Ekspert əlavə etdi ki, bu vərdişlərə qiymət təsir etmir: "Yəni, çox az sayda insan ola bilər ki, bahalaşmaya görə siqareti tərgitsin. Aşağı qiymətə olan siqaret çəkəcəklər".

Sizin Reklam Yeriniz