Əlaqə Arxiv
news Image
2012.05.28
11:52
| A A A
Bu gün ADR-in yaranmasından 94 il ötür

YARANMASI

Movqe.Az xəbər verir ki, ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.

Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 8913,17 km² (ərazisi – Yeni-Bəyazid qəzası, İrəvan qəzasının 3/5-i, Eçmiədzin qəzasının ¼-i, Aleksandropol qəzasının ¼-i daxil idi ; əhalisi 321 min nəfər olmuşdur ki, bunun da 230 mini erməni , 80 min müsəlman , 5 min yezidi kürd və 6 min digər millətlər) təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilənin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular.

30 may 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi

Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir.

4 iyun 1918 – Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında "Sülh və dostluq haqqında" müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski , Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınıb. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürüb

17 iyun 1918 – Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq öz fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib. Bu Nuru paşanın tələbi idi. Həmin gün Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurası istefa verib və onun rəhbərliyi ilə ikinci hökumət qurulub

24 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Hökumətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabrında qəbul edildi

26 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin – əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə ("Qafqaz İslam Ordusu") Nuru paşanın komandanlığı altında "Bakı Kommunası"nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəyMehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər.

27 iyun 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşdə "Bakı Soveti"nin qoşunlarını məğlub edib. Bu zəfərdən sonra Qafqaz İslam Ordusunun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçməyə başlayıblar

27 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti "Dövlət dili haqqında" qərar qəbul edib. Azərbaycan (türk) dili Cümhuriyyət ərazisində dövlət dili elan olunub

2 iyul 1918 – Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub.

10 iyul 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik "Bakı Soveti"nin qoşunlarını məğlub ediblər. Kürdəmir qəsəbəsi işğalçılardan azad olunub. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başlanıb. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji əhəmiyyətli Kərar dəmir yolu stansiyasını ələ keçiriblər

15 iyul 1918 – Xalq Cümhuriyyəti hökuməti azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb. Komissiya 1918-ci ilin mart qırğınları ilə yanaşı, XX əsrin əvvəlindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər qətliamlar haqqında çoxsaylı materiallar toplamış, Cümhuriyyət hökumətinin qərarı ilə 31 mart "Soyqırımı günü" elan edilmişdi. Azərbaycanın sovetləşməsindən sonra bu tarix gizlədildi

20 iyul 1918 – Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Nuru paşanın komandanlığı altındakı birgə Qafqaz İslam Ordusu daşnak-bolşevik "Bakı Kommunası" qoşunlarına daha bir zərbə endirərək Şamaxı şəhərini azad ediblər. Bu arada türk qoşunları cənubdan (indiki Neftçala rayonu ərazisi) Bakı istiqamətinə irəliləməyə başlamışdı

6 sentyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşüb.Milli Şuranın sədri M.Rəsulzadə, "Müsavat" fraksiyasının üzvü X.Xasməmmədov və general S.Səfikürdskinin daxil olduğu heyət Osmanlının yeni sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Xalq Cümhuriyyətinin rəsmi heyətinin ilk xarici səfəri idi. Osmanlı hərbi rəhbərliyinin (Ənvər paşa) də iştirak etdiyi görüşdə Xalq Cümhuriyyətinə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olub. Bu görüşdən sonra Bakının azad olunması barədə həlledici hücum barədə qərar verildi

1918-ci il sentyabrın 15-də baş verən ağır döyüşlərdən sonra, Azərbaycan Demokratik Respublikasının milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad etmışdir və müstəqil Azərbaycan hökuməti Bakıya köçmüşdür.

28 may 1919 – Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib

16 iyun 1919 – Azərbaycanla Gürcüstan arasında hərbi müttəfiqlik paktı imzalanıb. Razılaşmaya əsasən, Azərbaycan gürcü tərəfə neft verməklə əvəzində silah və texnika almağa başladı. Hərbi pakta görə, tərəflər Rusiyanın hərbi təcavüzünə qarşı bir-birinə dəstək verməli idilər. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyasının Azərbaycana hücumu zamanı Gürcüstan bu öhdəliyə deyil, özünün müstəqilliyinin tanınması barədə ruslarla separat danışıqlara üstünlük verdi.


İNZİBATİ-ƏRAZİ VAHİDLƏRİ

Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi haqqmda ilk dəfə Istiqlal bəyannaməsində bəhs edilmişdi. Həmin sənəddə göstərilirdi ki, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tamhüquqlu müstəqil dövlətdir, Lakin yenicə yaranmış Cənubi Qafqaz respublikalarının əraziləri və sərhədlərinin konkretləşdirilməsi ciddi problemlərlə qarşılaşdı. Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı. Həmin qərar qəbul olunarkən hər iki respublikanın gələcəkdə konfederasiya şəklində birləşəceyi, Ermənistanın Qarabağın dağlıq hissəsinə olan əsassız iddiadan əl çəkəcəyi və başqa məsələlər nəzərə alınmışdı. Lakin tarix bu addımın yanlış olduğunu göstərdi. Ermənilər həmin güzəştlərdən istifadə edərək, yeni-yeni ərazi iddiaları irəli sürdülər. İrəvan quberniyasında, Qarayazıda olan Azərbaycan hərbi hissələrinin 24 saat müddətində oradan çıxarılması haqqında ultimatum verdilər, azərbaycanlılara qarşı yeni soyqırımları həyata keçirməyə başladılar və bununla, həmin əraziləri zor gücünə ələ keçirməyə cəhd göstərdilər. Azərbaycanla Gürcüstan arasında da sərhəd mübahisələri vardı. Gürcüstan hökuməti keçmiş Tiflis quberniyasına daxil edilmiş Azərbaycan torpaqlarını – Borçalı, Qarayazı və Sığnax mahallarını Azərbaycana qaytarmaqdan boyun qaçırdı. Gürcü silahlı qüvələri alman hərbi dəstələri ilə birləşərək, 1918-ci il iyunun əvvəllərində Borçalıya daxil oldular. Ayın 14-də Azərbaycanm Xarici Işlər Nazirliyi azərbaycanlıların məskunlaşdığı Borçalıya və digər ərazilərə birləşmiş gürcü-alman hərbi qüvvələrinin yeridirilməsine qarşı nota verdi, sərhəd məsələsinin siyasi yolla həll olunmasını təklif etdi. Gürcüstan hökuməti buna razılıq vermədi. Cənubi Qafqaz respublikaları arasındakı ərazi mübahisələri daha kəskin şəkil almağa başladı. Buna görə də həmin problemin beynəlxalq Istanbul konfransında müzakirə edilməsi qərara alındı. 1918-ci ilin noyabrında Əlimərdan bey Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə göndərdiyi xüsusi memorandumda Azərbaycanın ərazisi müəyyənləşdirilirdi. Bu məsələ daha geniş şəkildə-'Paris sülh konfransındakı Azərbaycan sülh nümayəndəliyinin tələblərində də əks olunmuşdu. Həmin sənədə əsasən, Azərbaycan Xalq Cümhuriyyəti aşağıdakı əraziləri əhatə edirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası); Yelizavetpol (Gəncə) quberniyası (Yelizavetpol, yəni Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin, yəni Cəbrayıl qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı)); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, habelə Yeni Bəyazid qəzası, Eçmiədzin ve Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası (Borçalı qəzası, Tiflis ve Sığnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə ve Samur nahiyələrini əhate eden ərazinin bir hissəsi, habele Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, Qaytaq-Tabasaran qəzasının bir hissəsi). Bundan başqa, Azərbaycan Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verirdi. Lakin ərazi məsələlərini dinc yolla həll etmək mümkün olmadı. Birinci dünya müharibəsində məğlub olan Osmanlı imperiyası hərbi qüvvələrini Cənubi Qafqazdan çıxaran kimi ermənilər daha da fəallaşdılar, ərazi iddiası ilə 1918-ci ilin sonunda Gürcüstanla apardıqlan müharibə nəticəsində Borçalı mahalında Lorini və onun ətraflarını zəbt etdilər. Ermənistan Azerbaycanın tarixi torpaqlarına olan iddialarını həyata keçirmək üçün Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə soyqırımlarını daha da genişləndirdi. Naxçıvanda bu siyasətin qarşısını almaq üçün 1918-ci ilin noyabrında Araz Türk Cümhuriyyəti yaradıldı və bu Cümhuriyyət sonra Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti ilə birləşdirildi. Cənubi Qafqaz dövlətləri arasındakı ərazi mübahisələrini müzakirə etmək üçün, nəhayət, 1919-cu il aprelin 25-də Tiflisdə konfrans çağırıldı. Lakin konkret nəticə verməyən Tiflis konfransı da iyunda işini dayandırdı. Son dərəcə mürəkkəb beynəlxalq və daxili vəziyyətə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ərazi və sərhəd məsələlərinə həyati əhəmiyyət verirdi. Cümhuriyyət Hökuməti Cənubi Qafqazdakı bütün tarixi Azərbaycan torpaqlarını öz nəzarəti altında saxlamağa çalışırdı. 1920-ci ilin ünvan – təqvimində Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən cədvəl nəşr olunmuşdu. Göründüyü kimi, Cümhuriyyətin ərazisi 113,9 min kv. km-ə bərabər idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km; mübahisəli ərazi 16,6 min kv. km).Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı qısa dövr ərzində ərazisini və sərhədlərini qorumaq sahəsində mühüm işlər gördü. Lakin Aprel işğalı (1920) və Azerbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra Sovet Rusiyasının yeritdiyi ayrıseçkilik siyasəti nəticəsində Azərbaycan əraziləri daha da azaldıldı. Yeni yaradılan Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri 86,6 min kv. km müəyyən edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin 27,2 min kv. km-i Azərbaycan xalqının əlindən alındı.

İstiqlal Bəyannaməsi

Azərbaycan Demokratik Respublikası Parlamentinin birinci iclası, 1918-ci il

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılmasını xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, dinindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarının hüquqlarının təminatçısıdır.

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Sizin Reklam Yeriniz