Dünən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov
yazıçı-jurnalist Rafiq Tağının səhhəti ilə maraqlanmaq üçün Klinik
Tibbi Mərkəzdə olub. Xəstəxananın baş həkimi və yazıçı-jurnalisti
əməliyyat edən həkimlərlə görüşən şura sədrinə məlumat verilib ki,
R.Tağının vəziyyəti ağır olsa da, hələlik həyati təhlükəsi
yoxdur.
Dünən həmçinin Azərbaycan Mətbuat Şurası R.Tağıya sui-qəsdlə bağlı
Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət
ünvanlayıb. Müraciətdə bildirilir ki, baş vermiş hadisə ilə
əlaqədar Xətai Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin
126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış
cinayət işi, eləcə də prokurorluq orqanları tərəfindən həyata
keçirilən tədbirlər məsələyə həssas münasibət göstərildiyini deməyə
əsas verir. Müraciətdə eyni zamanda bildirilir ki, media
ictimaiyyətində belə bir xoşagəlməz halın R.Tağının son vaxtlarkı
mətbu çıxışları ilə bağlılığına dair fikirlər yayılmaqdadır. Bütün
bunlara görə hadisəyə hüquqi qiymətin verilməsi, günahkarın və ya
günahkarların tezliklə tapılaraq qanun qarşısında cavab
vermələrinin təmin olunması vacibdir.