Əlaqə Arxiv
news Image
2013.12.10
07:55
| A A A
Dizellə işləyən maşınlar sürətlə bahalaşır
Nüsrət İbrahimov: “Bu artım ilkin olaraq satıcıların gözləntilərindən irəli gəlib” Seymur Yunusov: “Yanacağın qiymətinin qalxması insanların irihəcmli mühərriklərə malik olan avtomobillərə qarşı düşüncəsinə az da olsa, təsir edəcək”

Ölkədə bəzi neft məhsullarının qiymətinin artımı nəqliyyat sektoruna da təsirini göstərməyə başlayıb. Belə ki, artıq maşın bazarında kiçik mühərrikli avtomobillərin qiymətində artımlar müşahidə edilməkədir. Ümumiyyətlə, bahalaşma həm dizellə, həm də benzinlə işləyən maşınlarda özünü göstərir. Mütəxəssislərin fikrincə, belə qiymət artımı müvəqqətidir.

"MBA Group" konsaltinq şirkətinin direktoru, iqtisadçı ekspert Nüsrət İbrahimov bildirir ki, bu artım ilkin olaraq satıcıların gözləntilərindən irəli gəlib: "Satıcılar fikirləşirlər ki, yanacağın qiymətinin qalxması son nəticədə potensial alıcıların bu seqmentə axınını təmin edəcək. Ona görə də onlar hadisələri qabaqlamaq üçün əvvəlcədən həmin nəqliyyat vasitələrində 300-500 manat qiymət artımları ediblər. Amma hələ ki, alıcıların bu seqmentə axını hiss olunmur. Ola bilsin ki, yaxın zamanlarda axın baş versin. Bunun digər maşınlara da təsiri olacaq. Ümumiyyətlə, iqtisadiyyatı tam oturuşmamış ölkələrdə asan pul qazanmaq indeksi yüksək olur. Yəni bu, az zəhmətlə daha çox pul qazanmaqdır. Asan qazanılan pulun bir hissəsi sərvət yığımına yönəlir. Sərvətin də bir hissəsi bahalı avtomobillərdir. Ölkə iqtisadiyyatı oturaşdıqca asan pul qazanmaq indeks göstəricisi azalır. Bu zaman sərvət yığımına yönələn pulların miqdarı azalır. O halda insanlar artıq iritutumlu maşınlardan kiçiktutumlu maşınlara üstünlük verirlər. Həmçinin bu gün avtomobil istehsalında aparıcı ölkələrdən olan Almaniyada kiçik həcmli maşınlara daha çox üstünlük verilir".

Digər iqtisadçı ekspert Seymur Yunusov bildridi ki, bazar hələlik belə tendensiya var: "Amma bu, müvəqqəti ajiotajdır. Ola bilsin ki, müəyyən dövrdən sonra insanlar benzinin qiymətində olan artıma öyrəşəcəklər. Bununla da ajiotaj aradan qalxacaq. Amma ümumiyyətlə, yanacağın qiymətinin qalxması insanların irihəcmli mühərriklərə malik olan avtomobillərə qarşı düşüncəsinə az da olsa, təsir edəcək. Amma bu, o demək deyil ki, insanlar iri həcmli avtomobillərini satacaq. Əsasən 0.8-1.6 litr mühərrik intervalında olan avtomobillərə tələbat yüksələcək. Amma çox güman ki, artım daha çox yeni avtomobillərdə büruzə verəcək. Çünki, az yanacaq sərf edən avtomobillər daha çox son texnologiyanın məhsullarıdır. Amma dizel mühərrikli avtomobillərin qiymətində yüksəlmə olacağını düşünmürəm".

Ekspert əlavə etdi ki, ümumilikdə benzinlə işləyən kiçik mühərrikli maşınlara qarşı maraq artacaq: "Düzdür, dizel avtomobillərinə də maraq var. Amam bunlar daha çox köhnə avtomobillərdir. Köhnə olduqlarından onsuz da onların yanacaq sərfiyyatı çoxdur. Ona görə də bazarda kiçik həcmli benzinlə işləyən maşınların sayı artacaq. Dizel yancağı ilə işləyənlərdə isə artım çox az olacaq. Ən çox taksilər dizeldən istifadə edir. Ancaq taksi üçün alınan maşınlar bazara o qədər ciddi təsir edə bilməz. Bütün proseslər indiki mərhələdə hiss olunmayacaq dərəcədə olacaq. Yüksək faizlə qiymət artımı mümkün deyil. İnsanların kiçik həcmli mühərrikli avtomobillərə keçməsi də çox tədricən baş verəcək. Həm də burada psixoloji faktor da var ki, bizdə böyük avtomobilə həvəs çoxdur. Yəni, qiymət artımı qısa yox, uzun müddət üçün ola bilər".
Sizin Reklam Yeriniz