Əlaqə Arxiv
news Image
2013.12.11
07:22
| A A A
Türkiyə Qarabağ məsələsində təşəbbüsü ələ keçirir
Elxan Şahinoğlu: “Sarkisyan daxili və Rusiya amilini neytrallaşdıra biləcəksə, konfliktin həllində əsaslı dönüşün əldə olunmasına stimul yarana bilər” Elşən Mustafayev: “Türkiyənin Ermənistana təsiri fonunda işğalçı ölkənin hansısa konstruktiv addımlar ata biləcəyindən danışmaq mümkünsüzdür”

Xəbər verildiyi kimi, dekabrın 12-də Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun İrəvana səfəri olacaq. Bu fonda Türkiyənin "Sabah" qəzeti məlumat yayıb ki, Türkiyənin yaxın günlərdə rəsmi İrəvan qarşısında Qarabağla bağlı iki təklif irəli sürəcəyi gözlənilir. Qəzet yazır ki, Türkiyə Ermənistana təklifini xarici işlər naziri Əhməd Davudoğlu vasitəsilə çatdıracaq.

Məlumata görə, səfər zamanı Davudoğlu rəsmi İrəvandan Ermənistanın işğal etdiyi Azərbaycanın 7 rayonundan ən azı ikisindən çıxmasını istəyəcək. Rəsmi Ankara bunun əvəzində "Sərhəd qapısını açaq" təklifini irəli sürəcək Gözlənilir ki, Davudoğlu Ermənistandan 1993-cü ildə işğal etdiyi Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan olmaqla 7 rayondan ən azı ikisindən çəkilməsini istəyəcək. Türkiyə bunun əvəzində Ermənistanla sərhədlərin qarşılıqlı açılmasını təklif edir. Diplomatik çevrələr Davudoğlunun bu təklifini Ermənistan üçün önəmli fürsət kimi dəyərləndirir. Qeyd edilir ki, Ermənistan təkliflə razılaşarsa, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın idxal və ixracatında hiss edilən canlanma yaradacaq. İrəvanın Türkiyənin təklifini qəbul etməsi nəticəsində sərhəd ticarətini də canlandıracağı iddia edilir.

"Today Zaman" qəzetinin rəsmi saytında isə bildirilir ki, Türkiyə xarici işlər nazirinin İrəvan səfəri Ermənistanla yaxınlaşmaqda, hər iki ölkə arasında diplomatik münasibətlərin bərpasında əhəmiyyətli rol oynaya bilər. Görəsən, Ankaranın təsiri ilə Ermənistanın Dağlıq Qarabağ məsələsinin həllində hansı addımlar atması mümkündür?

Politoloq Elxan Şahinoğlu inanmır ki, Ermənistan Türkiyənin təsiri ilə Qarabağ məsələsində hansısa addımlar atmağa girişsin. Ən azından daxildə millətçilər, xarici ölkələrdən də Rusiya buna imkan verməyəcək: "Inanmaq istərdim ki, Ermənistan rəhbərliyi ağıla gələrək Türkiyənin təsiri ilə nəhayət, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində konstruktiv mövqeyə sərgiləməklə ən azından ilk addım olaraq Dağlıq Qarabağ ətrafındakı iki rayonu azad edəcək. Bundan sonra Ermənistanın Azərbaycanla münasibətlərində də normallaşma baş verə bilər. Amma sadəcə olaraq, bunun baş verə biləcəyi böyük sual altındadır. Ermənistan prezidenti tərəfindən Türkiyənin təsiri ilə belə bir addım atılacağı inandırıcı görünmür. Ermənistan rəhbərliyi hazırda iki amildən çəkinir. Bu amillərdən biri daxillə bağlıdır. Türkiyənin təsiri ilə hazırkı hakimiyyət Dağlıq Qarabağ məsələsində hansısa konstruktiv addımlara qol qoyarsa, bu, ölkədəki millətçi qüvvələrin qiyamına gətirib çıxarar. İkinci amil isə xarici faktordan asılıdır, yəni Rusiyanın Ermənistana olan təzyiqləri ilə bağlıdır. Sarkisyan sadaladığım bu iki amili neytrallaşdıra biləcəksə, konfliktin həllində əsaslı dönüşün əldə olunmasına stimul yarana bilər. Amma inanmıram ki, Sarkisyan hakimiyyəti həmin iki amili neytrallaşdırmağa nail olsun. Nəinki nail olmayacaq, hətta Sarkisyanın bu istiqamətdə fəallıq göstərməsi də gözə dəymir. Bu əsasda da Davudoğlunun Qarabağla bağlı səsləndirdiyi son ümidverici açıqlamaları bölüşmürəm".

Politoloq Elşən Mustafayev də Türkiyənin təsiri ilə İrəvanın konfliktin həlli istiqamətində hansısa addımlar ata biləcəyini zənn etmir: "İşğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı danışıqlar birbaşa Azərbaycan və Ermənistan prezidentləri arasında da müzakirə oluna bilər. Belə bir müzakirə Davudoğlu ilə həmin əsasda ola biləcək müzakirədən daha çox effekt verər. Çünki vaxtilə Sürix protokoluna qarşı çıxan da məhz Azərbaycan idi. Azərbaycan hökuməti vaxtilə məsələyə öz münasibətini də bildirmişdi. Məhz Azərbaycanın təpkisindən sonra Sürix protokolu əsasında danışıqlar dayandırıldı. İkinci bir tərəfdən işğal olunan ərazilər Azərbaycana məxsus olduğundan bu istiqamətdə danışıqların da məhz Azərbaycan prezidenti ilə aparılması daha effektiv olardı. O da məlumdur ki, danışıqlar gedişində bir çox məqamlar da özünü göstərir. Bu məqamlarda isə baxmayaraq ki, Türkiyə hər zaman Azərbaycanı müdafiə edərək onun arxasında durub, lakin qardaş ölkənin rolununun effektiv olacağını düşünmürəm. Çünki hazırda situasiya bir qədər başqadır. Regionda ciddi siyasi kataklizmlər mövcuddur. Burada söhbət Gömrük İttifaqının yaradılması ilə Avrointeqrasiya məsələsindən gedir. Rusiya prezidenti Vladimir Putinin Ermənistanda olarkən Qafqazla bağlı verdiyi bəyanat ona əsas verir ki, Moskva regiondakı mövqelərini əldən vermək fikrində deyil. Bu da birbaşa olaraq Rusiya tərəfindən Çənubi Qafqaz ölkələrinə ünvanlanan bir mesaj idi. Dağlıq Qarabağın açarı da Rusiyanın əlində olduğundan Türkiyənin bu məsələdə Ermənistana təsiri fonunda işğalçı ölkənin hansısa konstruktiv addımlar ata biləcəyindən danışmaq mümkünsüzdür. Sarkisyan özbaşına deyil ki, bu məsələdə Türkiyə ilə hər hansı bir razılığa gəlsin. Razılığa gəlinərsə, bu, birbaşa Azərbaycanla edilməlidir, amma bunun üçün də Rusiya faktoru neytrallaşdırılmalıdır. Ermənistan hökuməti son illər Avropa ilə bir qədər isti münasibətlər yarada bilmişdi. Ermənistandan olan 3 partiya birdən-birə Avropa Xalq Partiyasının sıralarına qəbul olundu. İrəvan Avropa institutları ilə ciddi danışıqlara da getmişdi. Avropa İttifaqı hətta əmin idi ki, Ermənistan "Şərq Tərəfdaşlığı" çərçivəsində müqaviləyə imza atacaq. Lakin nəticə etibarilə Rusiyanın cüzi barmaq silkələməsilə Ermənistanın Gömrük İttifaqına meylləndiyi üzə çıxdı. Bunları nəzərə almaqla düşünürəm ki, Türkiyənin Qarabağ məsələsində aktivlik nümayiş etdirməsinə rəğmən İrəvanın bu yöndə hansısa addımlara qol qoyacağı inandırıcı görünmür. Bu məsələ tamamilə başqa mövqelərdən asılı olan məsələdir".

Sizin Reklam Yeriniz