Bahar Muradova: "Azərbaycan hökuməti ehtiyacı olan təbəqələrin problemlərinin həlli üçün ciddi addımlar atacaq"
Azərbaycanda yanacaq qiymətlərinin artımından sonrakı dövrdə heç bir sosial partlayış gözlənilmir. Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
Onun sözlərinə görə, hökumət nə etməli olduğunu çox gözəl bilir və zaman-zaman bunu sübut da edib: "Bizi belə hadisələr ərəfəsində və ya belə hallar baş verdikdən sonra sosial partlayışın və ya gərginliyin olacağı ilə qorxutmağa və ictimaiyyəti çaşdırmağa çox çalışıblar. Amma bütün bunlar heç zaman təsdiqini tapmayıb. Azərbaycan sürətlə və dinamik şəkildə inkişaf edən ölkədir və iqtisadiyyatımız dünya iqtisadiyyatının tərkib hissəsidir. Dünyada gedən proseslərdən kənarda qalmaq mümkün deyil və onun tendensiyalarını da nəzərə almaq lazımdır. "
Vitse-spiker qeyd edib ki, Azərbaycan dünyada gedən proseslərdən kənarda qala bilməz, heç bir sosial partlayış, heç bir gərginlik gözlənilmir: "Biz qapalı dövlət deyilik, açıq dövlətik. Ona görə də qiymət artımı, istərsə də qiymət artımından sonra yarana biləcək proseslərin qarşısının alınması, ehtiyacı olan təbəqələrin maraqlarının nəzərə alınması ilə bağlı Azərbaycan hökuməti hər zaman mütərəqqi addımlarını atıb və prosesləri həm önləmək, həm də nəticələrinin daha zərərsiz keçməsi üçün lazım olan siyasəti yeridə bilib. Mən öz hökumətimizə inanıram və hər bir Azərbaycan vətəndaşına söyləmək istəyirəm ki, heç nədən narahat olmayın. Heç bir sosial partlayış, heç bir gərginlik gözlənilmir. Azərbaycan hökuməti ehtiyacı olan təbəqələrin problemlərinin həlli üçün də çox ciddi addımlar atacaq və siz bunları qarşıdakı dönəmlərdə görəcəksiniz".