Əlaqə Arxiv
news Image
2013.12.17
07:29
| A A A
Dövlət Komissiyasına təhvil verilməyən binalarda yaşamaq qadağan oluna bilər
Rövşən Talıbzadə: “Yaxşı olardı ki, vətəndaş hələ köçməmişdən öncə bina tam təminatlı olsun” Nüsrət İbrahimli: “Mövcud situasiya göstərir ki, Azərbaycanda da belə bir qadağanın qoyulmasına ehtiyac vardır”

Yaşar Əsədov: "Belə halların qarşısını almaq üçün qanunu tam sərtliyilə tətbiq etmək gərəkdir"

Bilindiyi kimi, Azərbaycanda tikilən yaşayış binaların bəziləri hələ müvafiq Dövlət Komissiyası tərəfindən təhvil alınmamış sakinlərin yaşayış məskəninə çevrilir. Belə ki, təhvil alınmayan binalara bir sıra kommunal xidmətlərin göstərilməsi qadağandır. Məsələn, yaşayış binaları ancaq təhvil alındıqdan sonra qazla təmin oluna bilər. Təhvil alınma prosesi isə bir qədər uzun müddət çəkir. Hətta, bəzən tikinti şirkətinin günahı üzündən illərlə uzanır.

Buna baxmayaraq, təcrübə göstərir ki, Azərbaycanda əhali tam təhvil alınmayan və beləliklə yarımçıq binalara köçür. Burada əsas məsuliyyət daşıyan tərəf qismində isə tikinti şirkətləri çıxış edir. Bir məqamı da qeyd edək ki, Azərbaycanda təhvil alınmayan binalara əhalinin köçməsinə qadağa qoyan hər hansı bir qanun yoxdur. Ukrayna isə deyəsən, artıq bu problemi həll etmək ərəfəsindədir. Belə ki, bu ölkədə təhvil alınmayan yarımçıq yaşayış binalarına sakinlərin köçməsinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi hazırlanır. Görəsən, yarımçıq binalara köçməyi qadağan edən qanunun Azərbaycanda da qəbuluna ehtiyac varmı?

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadənin fikrincə, Azərbaycanda da belə bir qanunun olması məqbul variantdır: "Azərbaycanda indilikdə bina təhvil götürülmədiyi halda, ora köçmənin qadağan olunması ilə bağlı belə bir qanun yoxdur. Əksinə, ölkəmizdə binanın tam təmin olunması, qazın verilməsi üçün ən azından binaya sakinlərin 60 faizinə qədərinin köçməsi lazımdır. Yəni, tikilən yaşayış binasına sakinlərin üçdə ikisi köçdüyü halda qaz verilir. Bu rəqəm təmin olunmadığı halda isə binanın kommunal xidmətlərlə tam təmin olunması adətən sual altında olur. Bununla belə, Azərbaycan təcrübəsində binaların tam şəkildə təmin olunması təcrübəsi də vardır. Amma bu binaların qiyməti əhalinin əksər hissəsinin cibinə tərs-mütənasib olub. Ona görə də bu sahədə bəzi problemlər yaranıb. Binanın tam şəkildə təhvil götürülməsi üçün birinci növbədə investorun özünün maliyyə dayanıqlığı olmalıdır ki, onu hərtərəfli təchiz edə bilsin və ondan sonra sakinləri ora köçürsün. Amma təəssüf ki, hazırda bazarda mövcud reallıq sahibkarın belə problemi əhalidən aldığı vəsaitlər hesabına həll etməyə çalışmalarından ibarətdir. Əslində Ukraynada olduğu kimi, Azərbaycanda da binalara tam təhvil verilməmiş əhalinin ora köçməsi qadağan olunmalıdır. İndilikdə isə binaya köçən sakinlər onun qazla təmin olunub-olunmayacağı sualı qarşısında qalır. Ona görə də yaxşı olardı ki, vətəndaş hələ köçməmişdən öncə bina tam təminatlı olsun. Lakin hazırda belə binaların satış qiymətləri baha başa gəlir. Bu tip mənzillərin bir kv.m 3000-3500 manata qədərdir. Məsələn, "Rozvilla" yaşayış kompleksində evlər qaz, su, hətta bəzi mənzillərdə mebellə birgə təhvil verilib. Lakin məsələ ondadır ki, belə binaların alıcısı çox olmadığından sahibkarlar da həmin prosesə elə də ciddi maraq göstərmirlər".

"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimli də qeyd etdi ki, sözügedən istiqamətdə addım atmağın vaxtı yetişib: "Azərbaycanda istismara qəbul aktı olunmayan evlərdə yaşamaq qadağandır. Amma konkret vurğulamaq ki, hal-hazırda tikilən evlər təhvil verilməmiş orada yaşayışa qadağa qoyulsun, bunu edənlərə qarşı cəzalar tətbiq olunsun, bu istiqamətdə konkret qadağanedici maddə yoxdur. Yəqin ki, həmin qadağan edən maddə olarsa insanlar, xüsusən də iş adamları ondan nəticə çıxarardılar. Bir sıra ölkələrdə həqiqətən də tam təhvil verilməyən binalara köçmək yolverilməzdir. Mövcud situasiya göstərir ki, Azərbaycanda da belə bir qadağanın qoyulmasına ehtiyac vardır. Yəqin ki, yaxın zamanlarda bu məsələdə öz müsbət həllini tapacaq".

Müstəqil iqtisadçı ekspert Yaşar Əsədov da bu məsələdə sərt qanunların qoyulmasının tərəfdarıdır: "Əslində, Azərbaycan qanunvericiliyi üzrə əhalinin tam təhvil verilməyən yaşayış binalarına köçməsi qadağandır. Dövlət Kommisiyası tərəfindən təsdiqini tapmayan binalara insanların köçürülməsi yolverilməzdir. Sadəcə olaraq, ölkəmizdə əhali "Qanundan yan ötmək olar" kəlamına müvafiq olaraq hərəkət etməyi üstün tutur. Aydın məsələdir ki, tam təhvil verilməyən mənzillərə köçmək sakinlərin həyatı üçün təhlükəlidir. Təəssüf ki, bu məqamı nəzərə almayan bəzi insanlar həmin prosesdən yaranan bir sıra təhlükələrlə üz-üzə qalıblar. Buna baxmayaraq həmin mənfi praktika bu gün də davam edir. Belə halların qarşısını almaq üçün isə qanunu tam sərtliyilə tətbiq etmək gərəkdir".

Sizin Reklam Yeriniz