Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zərərsizləşdirdiyi silahlı birləşmənin planlarından biri Azərbaycan prezidentinə qarşı terror aktı həyata keçirilmək olub. APA-nın xəbərinə görə, MTN-in İctimai Əlaqələr Mərkəzinin həyata keçirilən antiterror əməliyyatı barədə bu gün yaydığı açıqlamada bildirilib ki, keçirilən əməliyyat zamanı eyni zamanda, məlum olub ki, tapşırıqlara əsasən, Vüqar Padarov və onun rəhbərlik edəcəyi silahlı dəstənin üzvləri tərəfindən cari ilin aprel ayının əvvəlində Azərbaycan Respublikası Prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başcısına qarşı terror aktı həyata keçirilməli, habelə eyni vaxtda hüquq mühafizə orqanlarına silahlı basqınlar təşkil edilməli, bu strukturların əməkdaşları öldürülməli və inzibati binalarda olan silah-sursat ələ keçirilməli, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahlar, məscidlər və başqa dini konfessiyalara məxsus ibadət yerləri partladılmalı imiş.
Elmir Nurəliyev isə Vüqar Padarovla əlaqəli şəkildə Bakı şəhərində qeyd olunan terrorçuluq aksiyalarının törədilməsi məqsədilə zəruri məlumatların əldə edilməsi üçün kəşfiyyat işləri apararaq, hücum hədəflərinin, o cümlədən bir sıra dövlət orqanlarının yerləşdikləri ərazilərin sxemlərini, iş rejimini, xidməti personalının sayını, snayper mövqelərini və digər faktorları müəyyənləşdirməli idi.
Qeyd edək ki, MTN İctimai Əlaqələr Mərkəzinin bu gün yaydığı açıqlamada nazirliyin keçirdiyi antiterropr əməliyyatı nəticəsində "Eurovision-2012" müsabiqəsi ərəfəsində Bakıda terror-təxribat aksiyalarını törətmək cəhdinin qarşısını alındığı bildirilib.
Zərərsizləşdirilən "Transmilli cinayətkar silahlı birləşmənin əsas məqsədlərindən birinin də müsabiqə ərəfəsində və keçiriləcəyi zaman Bakıda terror-təxribat aksiyalarını törətmək olduğu vurğulanıb. Məlumata görə, indiyədək silahlı birləşmənin 40 üzvü yaxalanıb.