Əlaqə Arxiv
news Image
2013.12.19
07:49
| A A A
Avtomobil sıxlığı Bakı üçün böyük problemə çevrilir
Azər Allahverənov: “Bakıdakı avtomobil sıxlığı şəhər üçün çoxsaylı problemlər yaradır” Sülhəddin Gözəlov: “Bakının mərkəzi hissəsində hər kvadratkilometrdə orta hesabla 750-800-ə yaxın avtomobil var”

Bakı şəhəri uzun illərdir ki, tıxaclardan xilas ola bilmir. Problemin çözülməsi yolunda atılan addımlar da hələ lazımi effekt verməyib. Hazırda avtomobil sıxlığına görə Bakıda dünyada mövcud olan orta sıxlıq normasından yuxarı göstəricilər qeydə alınır. Digər tərəfdən də ölkəyə gələn maşınların sayı ildən-ilə artır. Bu fonda yaxın dönəmdə şəhərdə avtomobil sıxlığı ilə bağlı vəziyyətin daha ağır olacağı göz qabağındadır.

Sözügedən sıxlıq baxımından yaranmış vəziyyətin hansı problemlər yaratdığı, perspektivdə nə vəd etdiyi və həlli yollarının nədən ibarət olduğunu aydınlaşdırmaq üçün ekspertlərə müraciət etdik.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, Bakıdakı avtomobil sıxlığı şəhər üçün çoxsaylı problemlər yaradır: "İstənilən halda Bakı yollarında müşahidə olunan tıxac bir neçə aspektdə öz mənfi təsirini göstərməkdədir. Bu hadisə ilə ətraf mühitə mənfi ziyan dəyir. Havaya buraxılan yanacaq tullantıları böyük həcmdə zərərli maddələr ötürür. Təxmini hesablamalara görə il ərzində ancaq Bakı şəhərində avtomobillərin hərəkətilə 500 min ton həcmində zərərli maddə havaya buraxılır. Digər tərəfdən, tıxac məsələsi ətraf mühitlə bahəm başqa sahələrə də dolayısı ilə öz mənfi təsirini göstərir. Məhz bunun səbəbidir ki, dünyanin aparıcı dövlətləri birbaşa olaraq tıxacla mübarizə aparır və onun aradan qaldırılmasına xidmət edən proqramlar həyata keçirirlər. Azərbaycanda da bu səpkidə müəyyən işlər həyata keçirilir. Ətraf mühitin mühafizəsi, yol infrstrukturunda gərginliyin azaldılması, sosial-psixoloji və s. nöqteyi-nəzərdən bəzi məqamlarda az, bəzən də çox olmaqla müəyyən işlər aparılır".

Hömsöhbətimiz paytaxtda avtomobil sıxlığının normadan çox olmasının həlli yollarının çoxşaxəli olduğunu diqqətə çatdırdı: "Bakı şəhərində alternativ yolların çəkilməsi layihəsinə xüsusi önəm verilməlidir. Həmçinin, yol hərəkəti istiqamətlərinin dəyişdirilməsi, yol infrastrukturunun yenidən nəzərdən keçirilməsi tələb olunmalıdır. Bakıda şəhərin müxtəlif hissələrini bir-birinə bağlayan bir neçə küçədən mərkəzi əraziyə maşın axını baş verir, bu hissəyə yaxınlaşdıqda ora yol daha da daralır. Nəticə etibarilə, həmin ərazidə böyük sıxlıq əmələ gəlir. Buna butulka effekti deyilir. Çox sayda maşın dar ərazidən keçmək şərtilə bu və ya digər əraziyə daxil olur və nəticədə həmin ərazidə butulka effekti baş verir. İcra qurumları, Dövlət Yol Polisi, Nəqliyyat Nazirliyi və digərləri yenidən bu məsələlərə baxmalıdır. Tıxacların yaranmasında bəzi hallarda sürücünün də günahı olur. Bir çox sürücülərimizdə sürücülük mədəniyyəti aşağı səviyyədədir. Onun davranışında özünü büruzə verən qaydalara zidd hərəkətlər baş verir. Bir sıra hallarda tıxacda saatlarla qalan sürücü qırmızı işığın yanmasına əhəmiyyət vermir. Bu da tıxacla yanaşı gərginliyə də gətirib çıxarır. Bu tip məsələlərdə hər bir tərəfin məsuliyyəti çərçivəsində konkret addımlar atılmalıdır. Hamı birmənalı şəkildə qanuna riayət etməlidir. Bunun üçün qanunvericilikdə sərt cəzaların olması lazlmdırsa, deməli, belə də olmalıdır. Ümumiyyətlə, yol qəzalarının aradan qaldırılması kompleks tədbirlər tələb edən məsələdir. Müvafiq qurumlar eyni zamanda, elə bir siyasət həyata keçirməlidirlər ki, Azərbaycana xas olan tanışlıq və digər neqativ hallar özünü göstərməsin. Müəyyən müəssisələr, xüsusən də orta məktəblər dar küçələrin olduğu ərazidə yerləşir. Bu da həmin ərazidə pik saatlarında böyük, saatlarla davam edən tıxacların yaranmasına səbəb olur. Belə olan halda siyasətə yenidən baxılmalı, lazım gələrsə bəzi müəssisələr köçürülməlidir. Şagird məktəbə uzaq ərazidə yaşadığından maşınla gətirilir. Bu mənada tıxac məsələsinin həlli üçün Təhsil Nazirliyi də prosesə qoşularaq məsələnin həlli istiqamətində düşünməlidir. Bunun özü də avtomobil sıxlığı probleminin kompleks şəkildə həll olunmasını vacib edir".

Nəqliyyat üzrə mütəxəssis Sülhəddin Gözəlov isə söylədi ki, nəqliyyat sıxlığı hərəkətin təşkilini mürəkkəb hala salır: "Bakıda nəqliyyat sıxlığı bəzi hallarda dünyadakı orta sıxlıqdan da çoxdur. Bu da Bakının müəyyən hissələrində özünü göstərir. Paytaxtın ümumi ərazisi 2,2 min kv.km-dir. Burada qeydiyyatda olan avtomobillərin sayı isə 750 min, bölgədən gələnlərlə birgə isə 800 minə qədərdir. Belədə adi riyazi hesablama ilə 1 kv.km-ə orta hesabla 400 maşın düşür. Bu böyük Bakı ərazisinə aiddir. Avtomobillərin əsas hissəsi isə kiçik Bakı ərazisində yerləşib. Kiçik Bakının ərazisi isə əsas Bakının ərazisinin yarısından da azdır. Belə olduğu halda, hesablarımıza görə Bakının mərkəzi hissəsində hər kvadratkilometrdə orta hesabla 750-800-ə yaxın avtomobil var. Bu da böyük rəqəmdir. ABŞ-ın bir sıra şəhərlərində bu rəqəm 3000, Avropada 1000-1500 arasındadır. Dünya üzrə orta sıxlıq isə 500-1000 arasındadır. Nəqliyat sıxlığı hərəkətin təşkilini mürəkkəbləşdirir. Bu da nəqliyyat və sərnişin ləngimələrinə, yanacaq-enerji resurslarının həddən çox sərfinə, qısa məsafəni getmək üçün lazım olandan iki dəfə çox yanacağın yanmasına, ekoloji durumun mürəkkbləşməsinə, şəhərin gəzinti sahələrinin maşınlar tərəfindən zəbtinə, qəzaların artmasına, stress hallarının çoxalmasına gətirib çıxarır".

Həmsöhbətimiz bu sahədə mövcud problemin həllinin müxtəlif variantlarla çözülə biləcəyini də vurğuladı: "Şəhərin müəyyən sektorlarında nəqliyyat sıxlığı inzibati qaydada azaldıla bilər. Bu da qadağaların tətbiqilə baş verməlidir. Qonşu ölkələrin böyük şəhərlərində müəyyən sektorlara müəyyən saatlarda fərdi minik maşınlarının girişi qadağandır. Hətta həmin sektorda yaşayanlar qadağan saatlarında ora avtomobillə cərimə qorxusu ilə daxil ola bilməz. Daxil olmaq üçün icazəyə görə isə böyük miqdar vəsait ödənilir. Belə qadağalar hesabına da sıxlığı müəyyən qədər azaltmaq mümkündür. Avtobuslar üçün isə əlavə zolaqlar, qadağan olunan həmin ərazilərdə sərnişin nəqliyyatına əlverişli şərait yaradılmalıdır. Əlverişli qiymətlərlə kifayət qədər böyük parkinq şəbəkəsi də qurulmalıdır. Avtomobilləşmə ilə bağlı olaraq dövlət sərt formada nizamlama da aparmalıdır, əhalini böyük avtomobillərdən kiçiklərinə doğru meylləndirməlidir. Bir böyük maşının torpaq üzərində tutuduğu sahə kiçik maşının üçünə bərabərdir".

Sizin Reklam Yeriniz