Əlaqə Arxiv
news Image
2013.12.19
07:53
| A A A
Azərbaycan Qərb üçün daha böyük əhəmiyyətə malik ölkəyə çevrildi
Aydın Ağayev: “Proses göstərdi ki, Azərbaycan regionda və daha geniş coğrafiyada enerji rəqabəti şəraitində cəsarətli siyasət yürüdə və həyata keçirə bilir” Rüstəm Məmmədov: “Bu layihələrin gerçəkləşməsi ilə Avropa Rusiyanın qaz asıllığından qurtula bilər”

Məlumat verildyi kimi, dekabrın 17-də Bakıda "Şahdəniz" yatağından "Faza-2" layihəsi üzrə qaz hasilatını başlatmaq üçün müqavilələrin imzalanması mərasimi keçirildi. "Əsrin Müqaviləsi-2" kimi də adlandırılan "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycan və Gürcüstan ərazisi ilə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP), həmçinin Yunanıstan və Albaniyadan keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların reallaşdırılmasını da sürətləndirəcək.

Bu layihələr qazı Bolqarıstana ötürəcək infrastrukturun yaradılmasına və Avropaya yeni bir Cənub Qaz Dəhlizinin açılmasına imkan verəcək.

"Şahdəniz" layihəsi çərçivəsində dənizdə 26 sualtı quyunun qazılması və tamamlanması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın qurulması, quruda isə Səngəçalda yeni texniki emal və kompressiya qurğularının tikintisini nəzərdə tutur. "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimində çıxış edən Prezident İlham Əliyev deyib ki, "Şahdəniz-2" layihəsi bölgənin enerji xəritəsini dəyişdirəcək. Prezident bildirib ki, "Şahdəniz-2" çərçivəsində gerçəkləşdiriləcək layihələr Azərbaycan qazının tələbat olan bazarlara çıxarılmasına imkan yaradacaq. Dövlət başçısı onu da vurğulayıb ki, "Şahdəniz-2", TAP və TANAP dünyanın ən iri enerji layihələrindəndir.

Yaranmış vəziyyət ondan xəbər verir ki, geosiyasi və enerji resursları baxımından Avropa üçün Azərbaycanın əhəmiyyəti artır. Artıq Azərbaycan Avropa üçün sanki bir xilas mənbəyidir. Bu əhəmiyyətin nədən ibarət olduğunu ekspertlərlə dəyərləndirdik.

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, "Şahdəniz-2" layihəsi çərçivəsində bağlanan müqavilə ilə Avropa üçün Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artdı: "Şahdəniz-2" layihəsi Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi böyük layihələrin davamıdır. Bağlanan müqavilə göstərdi ki, Azərbaycan özünün xarici siyasi-iqtisadi strategiyasına sadiqdir. Bu, o deməkdir ki, Azərbaycan regionun, xüsusən də, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi paya sahib olan region dövlətidir. Proses göstərdi ki, Azərbaycan regionda və daha geniş coğrafiyada məlum enerji rəqabəti şəraitində cəsarətli siyasət yürüdə və həyata keçirə bilir. İmzalanan sənəd Azərbaycanın iqtisadi cəhətdən qüdrətinin və geniş mənada imkanlarının daha da artması mənasına da gəlir. Müqavilə həmin imkanlar içərisində ölkəmizin hərbi qüdrətinin daha da güclənməsinə xidmət edəcək. Layihə Azərbaycanın Avropa və geniş mənada dünyada siyasi nüfuz və çəkisini də daha da artıracaq. Bu layihə Azərbaycanın Avropa ilə ikitərəfli əlaqələri inkişaf etdirmək kursuna bariz nümunədir. Sadaladığım bu faktorların hamısı göstərir ki, "Şahdəniz-2" layihəsi çərçivəsində imzalanan sənədlə Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli hadisə baş verib. Həmçinin, bu faktor və gerçəkliklərin birmənalı olaraq heç birini Ermənistana şamil etmək olmaz. Azərbaycan regionda olan dövlət olaraq bu cür xarüqələr yaradır. Amma bədbəxt Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bu iddiasından geri çəkilmək istəmir. Hərtərəfli üstünlüklərə malik Azərbaycan nə etməlidir? Azərbaycan torpaqlarını Ermənistana bağışlamalıdır? Heç vaxt bağışlamayacaq. Ermənistanla region arasında yaranan və işğalçı ölkəni hara apardığı bilinməyən uçurum getdikcə dərinləşir. Azərbaycan da bunu dəfələrlə Ermənistana və dünyaya deyib. Belə bir şəraitdə sözügedən müqavilənin imzalanması ilə ölkəmizin mövqeyi yenə də güclənəcək. Gücləndikcə də münaqişənin nizamlanması üçün Azərbaycanın gətirdiyi, ortaya qoyduğu arqumentləri daha anlaşıqlı başa düşəcəklər. Burada maraqları olan dairələrdə bütün bunlar başa düşüləcək. Həmin dairələrin Azərbaycanda maraqları artır və bu artım getdikcə davam edəcək, Ermənistanda isə yox. Məntiqi olaraq bu atmosfer ona gətirib çıxaracaq ki, həmin gerçəklikləri Ermənistanda, regionda, Rusiyada, İranda, o cümlədən Avropada da görəcəklər. Təbii ki, buradan uyğun nəticələr də çıxarılacaq".

Politoloq Rüstəm Məmmədov da qeyd etdi ki, Azərbaycanla bağlanan bu saziş "köhnə dünya" üçün böyük əhəmiyyət kəsb edəcək: "Əslinə qalsa, "Şahdəniz-2" layihəsi çərçivəsində "XXİ əsrin müqaviləsi" hesab olunan bu saziş Azərbaycandan daha çox Avropa üçün nəzərdə tutulub, onun üçün daha böyük əhəmiyyət kəsb etməlidir. Bu layihələrin gerçəkləşməsi ilə Avropa Rusiyanın qaz asıllığından qurtula bilər. Xəzər dənizinin böyük qaz ehtiyatları Avropaya axacaq. Bu mənada da imzalanan müqavilə böyük fundamental əhəmiyyətə malikdir. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" neftlə bağlı idisə, yeni müqavilə qazla bağlıdır. Bu da aparılan qaz siyasətində inamlı dönüşdür, Azərbaycan və dünya üçün böyük əhəmiyyət kəsb edən amildir".

Sizin Reklam Yeriniz