Əlaqə Arxiv
news Image
2013.12.20
07:38
| A A A
Turizm xəttilə yenə xaricə milyonlar axacaq
Elxan Vəliyev: “Daxildə insanlara turizm baxımından göstərilən xidmət daha bahadır” Eldar Aslanov: “Düşünürəm ki, ölkədəki qış turizmi ilə bağlı mövcud potensial bura gələcək bütün turistləri qəbul edəcək miqyasda deyil”

Samir Əliyev: "Yeni il Məhərrəmliklə üst-üstə düşdüyündən ölkəmizdə həmin bayrama elə də əhəmiyyət verilmir"

Qarşıdan yeni il gəlir. Bu ərəfədə istirahət günlərinin çox olması ölkə əhalisini turist səfərlərinə çıxmağa həvəsləndirir. Amma bir çox soydaşlarımız yeni il tətilini yenə də xaricdə keçirməyə daha çox üstünlük verir. Bunu turizm firmalarına verilən sifarişlərin çoxluğundan da görmək olar. Təəssüf ki, Azərbaycanda son illər turizm sahəsində irəliləyişlərin olmasına rəğmən, hələ də insanlarımız istirahət günlərini keçirmək üçün əcnəbi ölkəyə gedir.

Azərbaycanlılar qış tətillərini əsasən Gürcüstan, Rusiya, Dubay və Türkiyədə keçirir. Belə vəziyyət isə milyonlarla vəsaitin yenə də xaricə axıdılması deməkdir. Məsələnin nədən bu vəziyyətdə olaraq qaldığını aydınlaşdırmaq üçün ekspertlərə müraciət etdik.

Turizm məsələləri üzrə ekspert Elxan Vəliyev düşünür ki, azərbaycanlıların yeni il tətilini əsasən xaricdə keçirməyə meyl etməsi birinci növbədə alış-veriş etmək məqsədindən qaynaqlanır: "Bildiyiniz kimi, yeni il bayramı ərəfəsində hər yerdə olduğu kimi ölkəmizdə də işdə fasilələr yaranır. İş günlərinin olmamasından dolayı, əhali xaricə getməklə həm alış-veriş məsələsini həll edir, həm də yeni il bayramlarını qeyd etmiş olurlar. Yəni insanlar bu səfərlərlə alış-verişlə yanaşı, istirahəti də eyni vaxtda həyata keçirmək istəyir. Digər tərəfdən, soydaşlarımızın yenə də bayram günlərini əsasən xaricdə qeyd etməyə meyl etməsi ilk növbədə, daxildə olan qiymət uyğunsuzluğundan irəli gəlir. Daxildə insanlara turizm baxımından göstərilən xidmət daha bahadır. Bu baxımdan da insanlar əsasən xaricə üz tutur. Bu fonda bayram ərəfəsi xaricdə alış-verişlərini də həyata keçirmək imkanı qazanırlar. Məsələn, Dubayda yanvarın 5-dən fevralın ortalarına qədər böyük bir şopinq festivalı keçirilir. Bu da onu göstərir ki, bayram günlərində xaricdə istirahətlə yanaşı, insanları cəlb edə bilən müəyyən layihələr də reallaşdırılır. Bu amilin özü də soydaşlarımızı yeni il bayramını əsasən ölkədən kənarda qeyd etməyə meylləndirir".

Turizm Universitetinin prorektoru Eldar Aslanov isə sözügedən məsələyə iki prizmadan yanaşmağı lazım bildi: "Bayram günlərini xaricdə keçirmək istəyənlərin sayının artması amilinə iki tərəfdən yanaşmaq olar. Bir tərəfdən ölkədə yetərincə insan var ki, imkanları xaricdə istirahət etməyə onlar üçün şərait yaradır. Bu səbəbdən də bu insanlar yeni il bayramlarını əsasən xaricdə qeyd etmək istəyir. Buna da normal yanaşmaq lazımdır. Dünyanın turizm imkanları geniş olan istənilən ölkəsinin əhalisinin bir hissəsi də bayram tətillərini başqa dövlətlərdə keçirmək istəyər. Bu da öz ölkələrini yetərincə görmələri ilə bağlıdır. Nədən o insanlar ölkə daxilində istirahət etmir, bəlkə daxili istirahətin hansısa çətinlikləri var? Bu nöqteyi-nəzər də düşündürücüdür. Düşünürəm ki, ölkədə olan qış turizmi ilə bağlı mövcud potensial bura gələcək bütün turistləri qəbul edəcək maştabda deyil. Hazırda Azərbaycanda 514 otel fəaliyyət göstərir. Qış turizmi üçün yüksək keyfiyyətli xidməti təşkil etmək gücündə olan obyekt isə yalnız Şahdağdır. Onun da tutumu məhduddur. Burada yalnız iki otel istifadəyə verilib. Yerlərin də böyük əksəriyyəti artıq tutulub, boş yerlər yoxdur. Başqa alternativ turizm kompleksləri isə yoxdur. Hazırda Qəbələdə biri tikilir. Regionlarda qış turizmi kifayət qədər olmadığı üçün insanlar da yeni il bayramını keçirmək üçün başqa ölkələrə üz tutur. Amma bu turizm sənayesi üçün bir siqnal olmalıdır. Bu sahədə çalışan iş adamları ölkəmizin təbiətinin verdiyi imkanlardan istifadə edib qış turizmi infrastrukturunu genişləndirməlidirlər. İnfrastrukturun genişlənməsi ilə qiymət aşağı düşəcək, rəqabət artacaq, buna uyğun keyfiyyət əmsalı da yüksələcək. Nəticədə indi xaricə gedən turistlərin bir hissəsi daha çox daxili turizmə meyl edəcək. Həmçinin, xaricin özündən də ölkəmizə daha çox turist gələcək".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə azərbaycanlıların yeni ili xaricdə keçirməyə üstünlük vermələrinin kökünü bu bayrama daxildə elə də əhəmiyyət verilməməsində görür: "İnsanlar bayram tətilindən istifadə edərək başqa ölkələri görmək, gəzmək, istirahət etmək və gününü daha yaxşı keçirməyi düşünür. Azərbaycanda son illər yeni ilin çox sönük keçdiyi müşahidə olunur. Burada dini amillərin rolu da vardır. Yeni il Məhərrəmliklə üst-üstə düşdüyündən ölkəmizdə həmin bayrama elə də əhəmiyyət verilmir. Avropada, Rusiyada isə əksinə, yeni il bayramı kifayət qədər maraqla izlənilir və keçirilir. Ona görə də azərbaycanlılar bu ərəfədə istirahət üçün əsasən xarici seçir. Vəziyyətin belə olmasının başqa səbəbləri də vardır. Azərbaycanda turizm qiymətləri hələ də çox baha olması ilə seçilir. Gedib hansısa rayonda istirahət etmək bəzən bizdə xaricə nisbətən baha başa gəlir. Bu bahalığa rəğmən xidmət göstəricisi isə aşağı səviyyədədir. Azərbaycanın turizm obyeklərində hələ də keyfiyyəti xidmət göstərə bilmirlər. Beləliklə, burada əsas səbəbin qiymət amili ilə bağlı olduğunu görürük". Xaricə üz tutan azərbaycanıl tursitlərin isə burada xərclədiyi məbləğ milyonlarla dollar həcmində ölçülür.

Sizin Reklam Yeriniz