Əlaqə Arxiv
news Image
2013.12.20
10:30
| A A A
İlham Əliyev: “Şahdəniz-2” layihəsi XXI əsrin layihəsidir

"İki gün bundan əvvəl Azərbaycanda tarixi hadisə baş verib. "Şahdəniz-2" layihəsinə start verilib. "Şahdəniz-2" layihəsi XXI əsrin layihəsidir, Azərbaycanın böyük tarixi uğurudur".


Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Qusarda "Şahdağ", "Pik Palas" otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bəyan edib. Dövlət başçısı qeyd edib ki, xalqın rifahı, ölkənin inkişafı üçün bu layihənin müstəsna rolu olacaq: "Bütün bu uğurları biz öz zəhmətimiz hesabına əldə etmişik. Azərbaycanın enerji siyasəti birmənalıdır, düşünülmüş siyasətdir. İki gün bundan əvvəl Avropanın bir çox ölkələrindən dövlət, hökumət başçılarının iştirakı ilə keçirilən tədbir bir daha ölkəmizin önəmini ortaya qoyur".

 

Prezident İlham Əliyev Azərbaycanın etibarlı tərəfdaş, layiqli dövlət olduğunu qeyd edib: "Azərbaycan güclü dövlətdir, iqtisadiyyatı güclüdür, güclü siyasət aparır, idmanı güclüdür, infrastrukturu yeniləşir. Ən önəmlisi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü rahat hiss edir. Azərbaycan bizim hamımızın Vətənidir, hamımızın evidir. Elə etməliyik ki, bundan sonra da ölkəmizin uğurlu inkişafı təmin edilsin".

 

Dövlət başçısı idmanın hər bir ölkənin ümumi inkişaf potensialınının göstəricisi olduğunu qeyd edib: "Əgər idman sahəsində aparıcı ölkələrə nəzər salsaq görərik ki, onların arasında mütləq əksəriyyət inkişaf etmiş ölkələrdir. İnkişaf etmiş ölkələrdə idman da güclü olur".

 

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu gün sürətlə inkişaf edən ölkədir: "Azərbaycan gələcəkdə inkişaf etmiş ölkəyə çevriləcək. İdman isə bizim gücümüzü göstərir. İdmançılar ölkəmizi ləyaqətlə təmsil edirlər, bayrağımızı göylərə qaldırırlar. Onların qələbələri hər birimizin qəlbində gözəl əks-səda verir. 2013-cü il də bu sahədə uğurlu il olub. Biz hər ilin sonunda idmançıları mükafatlandırırıq, onlara mənzillər verilir. Bu da gözəl ənənəyə çevrilib. Bu ənənə bu gün də davam etdiriləcək".

 

Azərbaycan prezidenti tədbirdə iştirak edən idmançıları, turizm sahəsinin işçilərini və bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək cansağlığı, xoşbəxtlik arzulayıb

Sizin Reklam Yeriniz