Əlaqə Arxiv
news Image
2013.12.21
07:03
| A A A
Səngiməyən müharibə təhdidi...
Natiq Miri: «Regiondakı gərginlik halqası qlobal güclərin fəaliyyəti nəticəsində getdikcə zəifləməkdədir» Elxan Şahinoğlu: «Beynəlxalq güclər hələ də Ermənistana təsir etmək istəmirlər»

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşündə bir daha Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının bölgədə təhdid mənbəyi olaraq qaldığını diqqətə çatdırıb. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri, Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasını bölgədəki şəraitə mənfi təsir göstərməsini qeyd edib.

Aydındır ki, burada bölgədəki şəraitə mənfi təsir deyilərkən həm də münaqişənin yenidən hərbi müstəviyə keçə biləcəyi nəzərdə tutulur. Çünki Azərbaycan uzun müddətə ərazilərinin işağal altında qalmasını istəmir və Minsk qrupunun fəaliyyətinin də hansısa nəticəyə gətirib çıxarmamasından açıq şəkildə narazılığını bildirir. Elə bu məqam da münaqişənin hərbi müstəvidə çözülmə ehtimalını artırır.

Məsələyə münasibət bildirən ekspert Natiq Miri hesab edir ki, hələlik mövcud şərait bu gün problemin hərbi yolla çözümü üçün əlverişli deyil: "Çünki, regiondakı gərginlik halqası qlobal güclərin fəaliyyəti nəticəsində getdikcə zəifləməkdədir. Biz bunu "atlılıq"la İranın nüvə məsələsində müvəqqəti də olsa anlaşma sazişi imzalamasında da gördük. Bunu regiondakı gərginliyi azaltmaq fəaliyyəti kimi dəyərləndirmək lazımdır. Düşünürəm ki, proses inkişaf edən xətt üzrə davam edəcək. Ona görə də bu vəziyyətdə Dağlıq Qarabağ cəbhəsində hərbi əməliyyatlara başlamaq məqsədə müvafiq deyil. Çünki, bu, Ermənistanın həm havadarlarının, həm də regionda gərginlik istəməyən dünya güclərini Azərbaycana qarşı qoya bilər. Hətta, bu gün Türkiyə də ABŞ-ın istəyi ilə Ermənistanla olan soyuq münasibətlərinə bir hərarət gətirmək istəyir. Məqsəd Ermənistanı tədricən Qərbə tərəf yönəltmək üçün Türkiyədən istifadə etməkdir. Təbii ki, burada Türkiyənin də marqları olmamış deyil. Ona görə də həm İranda, həm də Türkiyə-Ermənistan cəbhəsində hiss olunur ki, münaqişələrin səngiməsində dünya gücləri maraqlıdırlar. Həmçinin, Suriyadakı münaqişələrin səngiməsi göstərdi ki, dünya gücləri ümumilikdə münaqişələrin inkişafında maraqlı deyillər. Ona görə də həm regional, həm də qlobal proseslər torpaqlarımızı qaytarmaq üçün müharibəyə başlamaq üçün əlverişli vaxt yetişmədyini göstərir. Amma bəzən qərarlar hüquqi deyil, siyasi qərar olaraq verilir.

Müdafiə naziri isə bu cür bəyanatlarla çıxış etməlidir. Çünki, o, birbaşa hərbiçidir, məsuliyyətli şəxsdir. Bu cür təhdidlərlə çıxış etməlidir ki, dünya Ermənistana torpaqlardan geri çəkilməsi üçün təzyiq etsin".

Digər ekspert Elxan Şahinoğlu qeyd edir ki, ATƏT-in Minsk qrupunu fəaliyyətsiz olmasını hamı deyir: "Amma bu, o demək deyil ki, avtomatik müharibənin başlama ehtimalı artırır. Hazırda danışıqlar intensivləşib. Eyni zamanda, bu da o demək deyil ki, danışıqlardan nəsə əldə etmək mümkün olacaq. Çünki, münaqişənin həllinə baxış dəyişməyib. Beynəlxalq güclər hələ də Ermənistana təsir etmək istəmirlər. Eyni zamanda, bu, müharibə ehtimalının artmasını gündəmə gətirmir. Çünki, ümumilikdə bölgədə sabitlikdir. Elə Azərbaycanın özü bölgədə açar dövlətə çevrilib. "Şahdəniz" yatağı ilə bağlı yeni anlaşma imzalayıb. Bölgənin enerji resursları dünya bazarına daşınır. İndiki şəraitdə müharibəni təsəvvür etmək mümkün deyil. Onda bütün enerji layihələrinə də təhlükə yaranır. Ona görə də müharibə ehtimalı çox yüksək deyil. Ancaq müdafiə nazirinin belə ritorikada çıxış etməsi də anlaşılandır. Həqiqətən də həmsədrlər turist səfərləri edirlər. 20 ildə həmsədrlər bir neçə dəfə dəyişib, amma ATƏT-in şəxsi nümayəndəsi Anjey Kasprişik 17 ildir ki, eyni vəzifəni daşyır. Bu adamın fəaliyyətinin nəticəsi yoxdur".

Sizin Reklam Yeriniz