Əlaqə Arxiv
news Image
2013.12.24
07:44
| A A A
Xəzərdə iki mühüm məsələ Azərbaycanın lehinə həll olunur
Rüstəm Məmmədov: “Türkmənistanın Qərblə yaxınlaşmaq üçün Azərbaycanla münasibətləri genişləndirməkdən başqa əlacı qalmır” Elman Nəsirli: “Belə olan halda hesab edirəm ki, “Transxəzər” kəməri ideyası aktuallaşa və onun reallaşması üçün daha münbit şərait yarana bilər”

Son zamanlar Türkmənistan tərəfinin Azərbaycanla daha sıx əlaqələr qurmaq niyyəti özünü qabarıq büruzə verir. Hətta, Türkmənistan prezidenti səviyyəsində bu münasibətlərin genişlənməsinin vacibliyi vurğulanır. Belə ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabadda hökumətin geniş tərkibli iclasında Cənubi Qafqaz ölkələri ilə dostluq əlaqələrinin inkişafının vacibliyini qeyd edib və Azərbaycanla sıx qarşılıqlı fəaliyyətin olduğunu bildirib.

Berdiməhəmmədov deyib ki, Türkmənistanın beynəlxalq əməkdaşlığında əhəmiyyətli rol Cənubi Qafqaz dövlətləri ilə dost əlaqələrinin inkişafına ayrılır: "Əgər ən yaxın qonşularımız haqqında danışırıqsa, onda artıq Azərbaycanla bizim ölkəmizin sıx qarşılıqlı fəaliyyəti qeyd edilməlidir". Xəzərdə qonşuluq edən Türkmənistan və Azərbaycan Avropaya Xəzər regionunun enerji daşıyıcısılarının tədarükü üzrə alternativ marşrutlardan istifadədə maraqlıdırlar. Türkmənistanın karbohidrogen resursları boru kəmərinin tikintisi nəticəsində Xəzər dənizinin dibi ilə (təxminən 300 kilometr) Azərbaycanın sahilindən Avropa istiqamətinə göndərilə bilər. Oradan yanacaq Avropa ölkələri ilə ümumi sərhədlərə malik Türkiyəyə göndərilə bilər.

"Transxəzər" qaz kəməri genişmiqyaslı "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi ola bilər. Rəsmi Aşqabad hesab edir ki, hüquqi statusu hələ müəyyən edilməmiş Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi üçün layihə ərazisinə düşən tərəflərin (Türkmənistan və Azərbaycan) razılıqlarının olması kifayətdir. Öz növbəsində Azərbaycan bu layihənin həyata keçirilməsi üçün ərazisini, tranzit imkanlarını və infrastrukturunu təqdim etməyə hazırdır.

Görəsən, Türkmənistan prezidentinin Azərbaycanla münasibətlərə dair açıqladığı fikirlər fonunda "Transxəzər" qaz kəməri və mübahisəli "Kəpəz" yatağı ilə bağlı mövcud problemlərin həlli istiqamətində prosesin genişlənməsi mümkündürmü?

Politoloq Rüstəm Məmmədovun məsələyə cavabı bir qədər diplomatik tərzdə oldu: "Azərbaycan bildiyimiz kimi, Qərblə neft-qaz sövdələşməsinə getdi. Təbii ki, bu da Azərbaycanın xeyrinə işləyir. Türkmənistana gəldikdə, Aşqabad Rusiya ilə münasibətləri tam şəkildə tarazlaşdıra bilmir. Belə olan halda onun Qərblə yaxınlaşmaq üçün Azərbaycanla münasibətləri genişləndirməkdən başqa əlacı qalmır. Aşqabad başa düşür ki, indiyə qədər başının altına yastıq qoymaqla məsələni həll edirdilərsə də, indi bu da alınmır. Türkmən qazının satılması qeyri-mümkündür, bu sahədə çətinlik var. Azərbaycan isə Avropa bazarına çıxır. Bütün bunlarla bağlı olaraq, Türkmənistan başa düşüb ki, situasiya dəyişib. Aşqabadın "Kəpəz"lə bağlı qaldırdıqları hay-küy isə bəhanədir. Bu yataqda elə də geniş neft yoxdur".

Politoloq Elman Nəsirli isə qeyd etdi ki, Aşqabadla Bakı arasında münasibətlərin genişlənməsi fonunda Transxəzər kəməri, "Kəpəz" yatağı kimi mövcud məsələ və problemlərin həlli üçün də daha münbit şərait yaranar: "Türkmənistan Azərbaycan münasibətlərində həllini gözləyən müəyyən problemlər var. Bu konteksdə xüsusən də Xəzərin statusu və buradakı "Kəpəz" yatağı ilə bağlı məsələlərdə fikir ayrılıqları mövcuddur. Xəzərin həm orta xətt prinsipi ilə bağlı Türkmənistanın öz yanaşması, eyni zamanda, həm də yataq problemi var. Bu nöqteyi-nəzərdən hələ də sadaladığım məsələlər həllini tapmayıb. Amma son zamanlar, Berdiməhəmmədovun siyasətində müəyyən yumşalma tendensiyaları nəzərə çarpır. Bundan əvvəl isə Türkmənbaşının siyasəti ona gətirib çıxarmışdı ki, həmin dövrlərdə ikitərəfli münasibətlərdə xeyli gərgin anlar yaşandı. İndi isə hazırkı Türkmənistan prezidentinin siyasəti daha çox kompromisə meylli olması ilə seçilir. Bu baxımdan hesab edirəm ki, xüsusilə, Azərbaycanın enerji layihələrində qazandığı uğurlar, TAP layihəsində razılaşmanın əldə olunması, TANAP-la bağlı müvafiq addımların atılması, eyni zamanda, dekabrın 17-də "Şahdəniz-2" layihəsi üzrə qaz ixracını nəzərdə tutan yekun investisiya qərarının verilməsi müəyyən mənada Türkmənistanın siyasətinə də təsirsiz qalmayıb. Türkmənistan onun fərqindədir ki, Azərbaycan dövləti artıq öz qaz ehtiyatlarının müxtəlif istiqamətlər üzrə Avropa bazarına çıxarılmasını reallaşdırmaqla bağlı müəyyən addımlar atmağa başlayıb. Belə olan təqdirdə, hesab edirəm ki, "Transxəzər" kəməri ideyası aktuallaşa bilər və onun reallaşması üçün daha münbit şərait yaranmış olar. Türkmənistan dövləti real vəziyyəti adekvat qiymətləndirib. Hesab edirəm ki, praqmatik siyasət yeritməklə buna da nail olmaq mümkündür. Əvvəllər Xəzərin dibi ilə qazın Azərbaycana gəlib çıxması, sonra isə qaz kəmərinə qoşulması ideyasının reallaşdırılmasında problemlər vardı. Bu da Rusiya, İran və Türkmənistanın özü ilə bağlı problemlər idi. İndiki halda isə Türkmənistan tərəfi daha cəsarətli addımlar ata bilər və bunun üçün daha münbit şərait formalaşıb. Rəsmi Aşqabad onun da fərqindədir ki, bu zaman Moskva ilə Tehranın müəyyən təzyiqləri ilə də üzləşə bilər. Amma hesab edirəm ki, Türkmənistan prezidenti lazım olan məqamda lazım olan qərarları qəbul etmək iqtidarındadır. Bu nöqteyi-nəzərdən də hesab edirəm ki, prinsip etibarilə bunlar mümkün ola bilər". 

Sizin Reklam Yeriniz