Evlərə sü çəkmək asanlaşdı
"Azərsu" texniki şərtlərin verilməsi qaydalarını
sadələşdirilib. "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Movqe.az-a
verilən məlumata görə, indiyədək Bakı şəhəri və Abşeron rayonunda
yaşayanlar texniki şərt almaq üçün birbaşa "Azərsu" ASC-yə müraciət
edirdi. Bu sahədə aparılan islahatlar nəticəsində yerli Sukanal
idarələrində texniki şərtlərin verilməsi üçün lazımi şərait
yaradılıb. Artıq abunəçilər sənədlərini rayon Sukanal idarələrinə
təqdim edib texniki şərtləri oradan ala bilərlər. Texniki şərt
almaq üçün şəxsiyyət vəsiqəsinin, həmçinin mənzillərin mülkiyyət
hüququnu təsdiq edən və ya torpaqayırma sənədinin surətləri təqdim
edilməlidir. Müraciət edildikdən sonra "Azərsu" ASC-nin müvafiq
Sukanal idarəsinin mütəxəssisləri sifarişçinin su təchizatı və
kanalizasiya sistemlərinə qoşulacaq fərdi yaşayış evinə və ya
torpaqayırma sənədlərində göstərilən əraziyə yerində baxış keçirir,
birləşmənin eskizini hazırlayır və "Su təchizatı və kanalizasiya
sistemlərinə qoşulmaq üçün texniki şərtlərin verilməsi"
qaydalarının tələblərinə uyğun olaraq sənəd təsdiq edilir.
Tətbiq olunan yeniliklər nəticəsində
texniki şərtlərin verilmə müddəti də azaldılıb. Belə ki, indiyədək
texniki şərtlərin hazırlanması və təsdiqi prosedurası üçün 15 gün
vaxt müəyyən edilmişdisə, artıq bu ildən vətəndaşlar həmin sənədlə
cəmi 3 iş günü ərzində təmin
olunurlar. "Azərsu" ASC bir daha
bəyan edir ki, əhali qrupu üçün texniki şərtin verilməsi, eləcə də
su sayğaclarının quraşdırılması pulsuzdur. "Azərsu" ASC
vətəndaşlardan xahiş edir ki, texniki şərtin verilməsi və ya sayğac
quraşdırılması zamanı hər hansı bürokratik amillə rastlaşdıqda
dərhal 955 saylı Zəng Mərkəzinə məlumat versinlər.