Əlaqə Arxiv
news Image
2014.01.10
07:27
| A A A
Xəzərdə yenə təhlükəli proseslər gedir
Üzeyir Cəfərov: “İddialı ölkələr Xəzərlə bağlı hərbi dəniz qüvvələrini gücləndirəcəklər” Qabil Hüseynli: “İran Xəzər dənizindəki bir sıra təbii sərvətləri ələ keçirmək arzusundadır”

Son illərdə Xəzər dənizi ilə bağlı narahatlıq doğuran məqamlardan biri də dənizin hərbləşdirilməsi ilə bağlıdır. Bu istiqamətdə şimal və cənub qonşularımızın daha fəal olması da diqqətdən yayınmır. İran hətta, Xəzərə sualtı qayıqları buraxacağını da bəyan edib. Xatırladaq ki, dəfələrlə İran admiralları tək Xəzərə yox, öz hərbi sualtı qayıqlarının Hindistan okeanının şimalına, Qırmızı dəniz, Suveyş kanalı, Aralıq və Ədən dənizinə göndərəcəkləri barədə açıqlamalar veriblər. Ekspertlərin fikrincə, İranın bu addımı ilk öncə Azərbaycan üçün təhlükəlidir.

Hələlilk Xəzərin statusunun təyin edilməməsi, mübahisəli enerji yataqlarının olması bunu deməyə əsas verir. Azərbaycanın da Xəzərdə oxşar silahlanmasını təklif edənlərlə yanaşı, məsələnin beynəlxalq müstəviyə çıxarılmasının vacibliyini deyənlər də var.

Hərbçi-ekspert Üzeyir Cəfərov bildirir ki, biz nədənsə, diqqətimizi quruya cəmləmişik: "Amma Xəzər dənizində ciddi proseslər gedir. Həmin proseslər yaxın perspektivdə bizə rahatlıq vəd etmir. Rusiya, İran, Qazaxıstan, Türkmənistan Xəzərlə bağlı öz hərbi dəniz qüvvələrini möhkəmləndirməkdədir. Onlar Xəzərlə bağlı iddialarını gündəmə gətirirlər. Ona görə də Azərbaycan tərəfi Xəzərlə bağlı lazım olan addımları atmalıdır. ABŞ Xəzərdə təhlükəsizlik tədbirləri proqramı çərçivəsində Azərbaycana ötən və ondan əvvəlki illərdə xeyli malliyə vəsaiti ayırmışdı. Qaçaqmalçılığa, narkoticarətə, terrora qarşı, Xəzərin resurslarının mühafizəsi üçün müəyyən vəsait ayrıldı. Bu, ABŞ-ın elə-belə istəyindən irəli gələn məsələ deyildi. ABŞ bilir ki, Xəzərlə bağlı iddialı olan İran və Rusiya zaman-zaman müəyyən təhlükəli addımlar atır. Rusiyanın 2025-ci ilə qədər hərbi sahədə ən prioritet istiqamətlərindən biri elə məhz Cənub Hərbi Dairəsi və Xəzər donanmasıdır. Ən müasir texnikaların alınması artıq Rusiya üçün problem deyil. Onlar Xəzərlə bağlı uzaqgedən məqsədlərini reallaşdırmağa başlayıblar. İranın da əvvəllər Xəzərdə sualtı qayıqları olub. Həmin qayıqlar iri yox, Xəzərin relyefinə və imkanlarına uyğun kiçik həcmli sualtı qayıqlardır. Azərbaycan da həmin sualtı qayıqların yenilərindən əldə etmək niyyətindədir. Xəzərlə bağlı istəsək də, istəməsək də bu addımları atmalıyıq. Onlar kiçik qabaritli sualtı gəmilər olacaq. Hazırda mütəxəssislər də hazırlanır. Quruda müəyyən məsələlər həll olunandan sonra yəqin ki, iddialı ölkələr Xəzərlə bağlı hərbi dəniz qüvvələrini gücləndirəcəklər. Bu da o anlama gəlir ki, gələcəkdə mübahisəli enerji yataqları uğrunda mübarizə genişlənəcək. Dəniz həmişə ölkələr üçün strateji əhəmiyyətli olub. Ona görə də gəmilərin alınması əbəs yerə deyil. Xəzərdə dominantlığını əldə etmək üçün bu ölkələr silahlanırlar".

Politoloq Qabil Hüseynli isə məsələnin beynəlxalq təşkilatalar səviyyəsində həll edilməsinin tərəfdarıdır: "Xəzərin keyfiyyətcə yeni silahlarla təmin edilməsi Rusiyadan başlayır. Rusiya Həştərxanda yerləşən hərbi dəniz donanmasını xeyli təkmilləşdirib. Bu donanama həm yeni tipli sualtı qayıqlar, həm ballistik raketlər, həm də kreyserlərlə təchiz edilib. Digər sahil dövlətləri də özlərinin hərbi donanamasını yaradıb. Bu sahədə Türkmənistan daha çox fəallıq göstərir. Amma məsələni daha da mürəkkəbləşdirən İrandır. İranla Sovet İttifaqı arasında 1923-cü ildə bağlanmış müqaviləyə görə, birinci tərəf Xəzər dənizində hətta, bir qayıq belə saxlamağa ixtiyarı yox idi. İndi isə İran özünün yeni hərbi dəniz donanmasını yaradıb. Bütün bunlar İranı hücum xarakterli silahları olan təhlükəli dövlətə çevirir. Ən böyük təhlükə də Azərbaycanadır. İran dənizin özünə səfr edən prinsiplə bölünməsi ilə çıxış edir. Belə prinsiplə onun sahəsi Lənkəranın lap yaxınlığına çıxır. Bəllidir ki, İran Azərbaycanın neft və qazla zəngin Xəzər zonalarına iddia edir. Əslində, Lənkəranın cəmi 40 km-liyində aparılan geofiziki tədqiqatlar nəticəsində aşkar edilmiş yataqlar bizə məxsusdur. Sualtı qayıqlar məsələsini işə salmaqla İran Azərbaycan üzərində həm psixoloji, həm də hərbi üstünlüyə nail olmaq istəyir. İran Xəzər dənizindəki bir sıra təbii sərvətləri ələ keçirmək arzusundadır. Ancaq bizim İranla bəhsə girməyimiz düzgün olmazdı. Yaxşısı budur ki, məsələni beynəlxalq təşkilatlara daşıyaq".

Sizin Reklam Yeriniz