Əlaqə Arxiv
news Image
2014.01.10
07:31
| A A A
Paytaxtda növbəti söküntü bumu başlanır
Bu, Bakının həm köhnə evlərdən xilas olmasına gətirib çıxaracaq, həm də şəhərdə yaşıllıqların sahəsini artıracaq

Paytaxt növbəti söküntü bumuna hazırlaşır. Bu istiqamətdə həyata keçrilən işlər isə Bakının həm köhnə evlərdən xilas olmasına gətirib çıxaracaq, həm də şəhərdə yaşıllıqların sahəsini artıracaq. Bu mənada yeni söküntü işlərinə start verilməsi təqdirəlayiq hal sayılır. Lakin məsələnin mənfi tərəfləri də var. Belə ki, aparılan söküntü işlərinin mütləq şəkildə əmlak bazarına təsir edərək onsuz da burada qeydə alınan bahalaşmanı daha da tətikləyəcək.

Paytaxtda gözlənən sökütnü işlərinin harada baş tutmasına gəlincə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq Əlaqələr və İnformasiya şöbəsinin müdiri Cahangir Qocayev həmin ərazilərin adlarını açıqlayıb. Onun sözlərinə görə, Bakının mərkəzi hissəsində yaşıllıq normadan xeyli azdır. Paytaxtda yaşıllığın artırılması ilə bağlı ayrı-ayrı tikililərin, heç bir tarixi əhəmiyyəti olmayan, texniki cəhətdən dayanıqlığını itirmiş və insan həyatı üçün təhlükəli olan binaların sökülməsi nəzərdə tutulur. Cahangir Qocayev sökülməsi nəzərdə tutulan bəzi ərazilərin adlarını açıqlayıb: "Bakıda "Sovetski" adlanan ərazinin sökülməsi barədə fikirlər hələ Sovet dövründə səslənirdi. Sovet hökuməti dağıldı, amma "Sovetski" sökülüb qurtarmadı. Onu da deyim ki, "Sovestki"nin sökülməsi məsələsinə yanaşma kütləvi olmalıdır. Mənə də müraciət edirlər ki, orada hətta hava olmayan, Günəş şüası düşməyən zirzəmilərdə yaşayan insanlar var. Təbii ki, onlar oradan köçmək istəyir. Amma həmin ərazidə iş yerləri, biznes fəaliyyəti ilə bağlı obyektləri olan, bundan əlavə çox gözəl, hətta tarixi əhəmiyyəti olan evlərdə, binalarda yaşayan insanlar da var ki, onlar köçmək istəmirlər. Bu baxımdan, oradakı söküntü işlərinə fərdi yanaşmaq lazımdır. Hesab edirəm ki, bundan ötrü müvafiq işçi layihəsi hazırlanacaq. Biz yaxın gələcəkdə bunun reallaşmasının şahidi ola bilərik".

Şöbə müdirinin sözlərinə görə, diqqət mərkəzində olan yerlərdən biri də "Kubinka" adlanan ərazidir: "Orada da vəziyyət çox acınacaqlıdır. Özü də son vaxtlar orada çoxmərtəbəli uca binaların tikilməsi ilə azmərtəbəli binalarda yaşayanlar üçün çətin vəziyyət yaranıb, həmin ərazinin ekoloji durumu bir az da mürəkkəbləşib. Təbii ki, sökülməsi yox, abadlaşdırılması gözlənilən ərazilərdən biri də "Kubinka" olacaq". C.Qocayev Trend-ə açıqlamasında həmçinin qeyd edib ki, "Papanin" adlanan ərazidə də söküntü işlərinin aparılması ehtimalı yüksəkdir: "Papanin" (indiki Cəlil Məmmədquluzadə küçəsi) Sovet dövründə insanlara ev tikməyə imkan verilmədiyi zamanlarda yaranıb. Orada əsasən bir gecəyə sıx yanaşı tikilmiş, heç bir sanitar şəraiti olmayan, Günəş şüası düşməyən, havalanmayan evlər yerləşir. Bu ərazilərin sökülməsi doğru olardı. Qeyd edim ki, burada söküntünün dövlət hesabına aparılmasından söhbət getmir. Hansısa sərmayədar, sahibkar bu ərazidə biznes məqsədilə müəyyən ərazini alıb orada yeni obyektlər tikə bilər. Bakı şəhərinin müfəssəl planlaşdırma layihəsində nəzərdə tutulan parametrləri pozmamaq şərtilə bu qayda "Sovetski"də də tətbiq oluna bilər. Ola bilsin ki, sadaladığım bu ərazilər sökülmək üçün açıq elan edilsin. Çünki bu yerlərin sökülməyə, daha doğrusu abadlaşdırmaya verilməsi potensialı daha yüksəkdir. Bu ərazilərin abadlaşdırılması, oradakı insanların həyatının yaxşılaşdırılması gündəlikdə duran vacib məsələlərdən biridir".

Dövlət Komitəsi rəsmisi bildirib ki, bu işlərin bir qismi dövlət, digər qismi isə investorların hesabına aparıla bilər: "Lakin əvvəlki dövrlərdən fərqli olaraq bu dəfə yanaşma başqa cür olacaq. Yəni, əvvəllər gəlib 5-6 evin yerini alıb orada çoxmərtəbəli bina tikirdilər, qalan ərazi isə belə də qalırdı. Amma bundan sonra belə olmayacaq, kompleks yanaşma tətbiq ediləcək, yəni ətrafda artıq başqa evlər qalmayacaq".

Bütün bunlar yaxın illər ərzində paytaxtın simasının əhəmiyyətli dərəcədə dəyişməsinə təkan verəcək. Lakin yuxarıda qeyd olunduğu kimi, bu hal daşınmaz əmlak bazarında mənzillərin qiymətinin daha da bahalaşmasına gətirib çıxaracaq. Ekspertlər də qeyd edir ki, həyata keçirilən söküntü işlərinin daşınmaz əmlak bazarına təsiri getdikcə artmaqdadır. Məsələ burasındadır ki, söküntüyə görə əhaliyə verilən kompensasiya indi daha sürətlə əmlak bazarına daxil olaraq tələbi artırır. Bu vəziyyətdə isə qiymətlər istər-istəməz yüksəlir. İqtisadçı-ekspert Nüsrət İbrahimov da yeni evlərə tələbin artmasının qiymətlərin yüksəlməsinə gətirib çıxardığını vurğulayır: "Hər bir söküntü bazarda bir canlanma əmələ gətirir. Ona görə ki, evləri sökülən insanlar yeni mənzil almaq üçün bazara üz tuturlar. Ona görə aktivlik gətirir. Amma bu söküntü proseslərinin bazarda nə qədər bahalıq və ya ucuzluq əmələ gətirəcəyini demək bir az çətindir. Çünki onsuz da bu gün bahalaşma prosesi gedir, davam edir". Onu da bildirək ki, köhnə evlərin sökülməsi təkcə Bakının mərkəzilə məhdudlaşmır. Bu, paytaxtdan kənara doğru uzanan ərazilərdə də özünü göstərir. Belə ki, aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinir. Regionların sosial-iqtisadi inkişaf proqramı ilə bağlı bu tendensiya daha da dərinləşməkdədir.

Sizin Reklam Yeriniz