Əlaqə Arxiv
news Image
2014.01.11
07:43
| A A A
Zəlzələ gərginliyi yenidən artmağa başladı
Ənvər Əliyev: “Əgər laydaxili gərginlik artıma doğru gedirsə, bundan da güclü təkanları gözləmək olar” Vüsalə Rafiqqızı: “Ən pisi odur ki, aktiv zonada heç bir təkan olmasın”

Xəbər verildiyi kimi, yanvarın 10-da gecə saatlarında Qubadan 83 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, 61 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 5 bal olub. Bu, Xəzərdə dənizində yanvar ayında qeydə alınmış ikinci təkandır.

Budan əvvəl də 2 yanvar tarixində maqnitudası 4.1 olan yeraltı təkan baş verib. Ancaq zəlzələlər tək Xəzər dənizində qeydə alınmır. Demək olar ki, ölkənin digər seymsik cəhətdən aktiv ərazilərində, bundan başqa, region ölkələrində də təkanların baş verdiyini müşahidə edirik. Mütəxəssislər silkələnmələri regionumuz üçün xarakterik hesab edirlər.

Coğrafiya institutunun "Eko-coğrafiya" şöbəsinin müdiri, professor Ənvər Əliyev bildirir ki, təkanlar ölkəmiz üçün o qədər də qorxulu deyil: "Çünki, ümumilikdə Azərbaycan ərazisi 5-7 ballıq şkalda yerləşir. Ancaq aktivləşmə hiss olunub. Yəqin ki, yerdaxili gərginlik artıb. Bütün bunların hamısı regiondakı gərginliyin artmasında xəbər verir. Amma heç təlaşa lüzum yoxdur. Bakı tarixində elə dağıdıcı zəlzələ olmayıb. Sadəcə, baş verənlər gərginliyin çox olmasından xəbər verən amildir. Bundan sonra nələrin olacağı barədə proqnoz vermək çox çətindir. Əgər 5 baldırsa, bu, gərginliyin artmasına doğru getdiyini göstərə bilər. Ancaq yəqin seysmoloqlar hadisələrin hansı istiqamətdə getdiyini tutacaqlar. Bizdə müasir seysmik qurğular var. O qurğular gərginliyin artmağa, yoxsa, azalmağa doğru getdiyini tutacaq. Əgər laydaxili gərginlik artıma doğru gedirsə, bundan da güclü təkanları gözləmək olar".

Professor əlavə etdi ki, bu cür silkələnmələr lokal sahədə olduğundan və Xəzər dənizinin o qədər zəngin fauna-florası olmadığından fauna-flora üçün narahatçılığa dəyməz: "Ancaq vulkan püskürəndə bu hallar ola bilər. Ümumiyyətlə, bu günə qədər Xəzərdə belə təkanların, vulkanların faunaya ciddi ziynı qeydə alınmayıb. Ancaq yeraltı təkanların vulkanlara təsir göstərməsi qaçılmazdır. Sadəcə, zəlzələnin vulkanları oyatması gərginliyin istiqamətindən asılıdır. Gərginlik artmağa doğru getsə, vulkan da püskürə, zəlzələnin intensivliyi arta bilər. Ümumilikdə, zəzlələnin təxmini periodunu 11 illik Günəş aktivliyi ilə əlaqələndirirlər. Amma dəqiq dövr tutmaq çətindir".

Respublika Seysmoloji Xidmət Mərkəzinin sözçüsü Vüsalə Rafiqqızı "Mövqe"yə verdiyi açıqlamada bildirdi ki, budəfəki təkan çox dərində olduğu üçün yerin üstündə az hiss olub: "Azərbaycan seysmik baxımdan aktiv ərazidir. Aktiv zonalarımız var. Həmin zonalarda da vaxtaşırı belə təkanlar ola bilər. Əslində, xırda təkanların baş verməsi yaxşı haldır. Onda enerji boşalması gedir. Ən pisi odur ki, aktiv zonada heç bir təkan olmasın. Adətən 10 km-dən yuxarıda baş verən təkanlar olanda yerin üstündə problemlər yaşanır. Amma dərinlik artdıqca onun yerin üstünə təsiri azalır. Aktiv bölgədə istənilən halda təkanlar baş verə bilər. Bunun güclü və ya zəif olmasını proses göstərir. Bu təkanlar yerin təkində getdiyi üçün faydalı yataqlara təsir edə bilər. Amma hazırda baş verən sonuncu zəlzələlər yataqlardan aralıdır".

Sizin Reklam Yeriniz