Əlaqə Arxiv
news Image
2014.01.14
07:33
| A A A
Tıxacların iqtisadi zərəri böyüyür
İnsanların əsəbinə hakim kəsilən bu problem səhhətimizə də getdikcə ciddi problemlər yaradır

Ötən ay ölkədə yanacağın qiymətinin artmasından sonra tıxac probleminin qismən öz həllini tapacağı proqnozlaşdırılsa da, real vəziyyət tamamilə bunun əksini göstərir. Əvvəlki qaydada tıxac problemi davam edir və bəzən daha da kəskin xarakter alır.

Bu vəziyyət yanacağın qiymət artımının insanların maddi rifah halına təsir göstərməyəcəyinə dair hökumətin proqnozlarının da özünü tam doğrultduğunu göstərir.

Lakin tıxacların insan səhhətinə və iqtisadiyyata mənfi təsiri də danılmazdır və problem Azərbaycan üçün də olduqca aktualdır. Aparılan araşdırmalar göstərir ki, dünyada sürücülərin 80 faizi yol gərginliyindən əziyyət çəkir. Bu göstərici gənclər arasında xüsusilə yüksəkdir. "Yol gərginliyi" anlayışı çoxları üçün yenidir. Amma onun mahiyyəti hər kəsə yaxşı tanışdır. Paytaxt Bakı küçələrində də gərgin və aqressiv sürücülər kifayət qədərdir. Mütəxəssislər "Yol gərginliyi"nin yaranmasını müxtəlif obyektiv və subyektiv səbəblərlə izah edirlər. Əsas səbəb kimi yollardakı tıxaclar göstərilir və sürücülər də bunu təsdiq edir. Psixoloqlar deyir ki, uzun müddət tıxacda qalmaq sinir sistemi zəif olan insanları hövsələdən çıxarır. Müşahidələr göstərir ki, sürücülərin aqressiv davranmasına bəzən piyadaların qaydaları kobud şəkildə pozması səbəb olur. Dünyanın bir sıra ölkələrində problemi aradan qaldırmaq üçün müxtəlif vasitələrə əl atırlar. Məsələn, Britaniyada və Cənubi Koreyada avtomobilini texniki baxışa aparan sürücülərə psixoloji yardım təklif olunur və problemdən çıxış yolları göstərilir. Son illər yollarda avtomobillərin sayı həddən çox artan Azərbaycanda da yol gərginliyi problemi aktuallaşıb.

Qeyd olunduğu kimi, məsələnin iqtisadi tərəfi də var. Maraqlıdır ki, hazırda sürücülər özləri də şəxsi minik avtomobillərinin də çoxluğundan şikayətlənirlər. Digər tərəfdən tıxac zamanı avtomobil gün ərzində kifayət qədər çox benzin işlədir. Türkiyədə hesablayıblar ki, hər gün tıxacda qalan maşın 2-4 litr artıq benzin işlətməli olur. Təxmini hesablamalara görə isə, əgər Bakı şəhərində 800 min şəxsi avtomobil olduğu nəzərə alınsa, bu maşınların 250 mini, eyni zamanda hərəkət vəziyyətində olur. Bunların 30 faizi, yəni, 70-80 mini gün ərzində 1 saat tıxacda qalırsa, bu, tıxac zamanı gündə 160 min litr yanacağın sərfi deməkdir. Əgər bu avtomobillərin çoxunun köhnə olduğunu nəzərə alsaq, rəqəm daha da artır. Bundan əlavə, ekoloji amili də nəzərə alsaq, hesablamalar göstərir ki, 1 ildə Azərbaycanda havaya təkcə avtomobillərdən atılan yalnız zəhərli qazların həcmi 750 min - 1 milyon ton arasındadır. Bu, olduqca böyük rəqəmdir.

Sosioloq Əhməd Qəşəmoğlunun qənaətincə, tıxaclar insanların sinir sisteminə təsir edir və əmək məhsuldarlığını aşağı salır: "Tıxacda əsəbləşən sürücü asanlıqla yol qəzası törədə bilər".

Bundan başqa, paytaxtda maşınların sayının artması yol qəzalarının sayına əhəmiyyətli dərəcədə təsir edir. Yol qəzalarının 35 faizi Bakı şəhərinin payına düşür. Qeyd edək ki, Azərbaycanda ötən il 2882 yol qəzası baş verib.Qəzalar nəticəsində 1156 nəfər ölüb, 3117 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Digər tərəfdən, tıxaclar ölkə iqtisadiyyatının iş tempini zəiflədir. Çünki tıxac üzündən sürətli nəqliyyat daşınması olmadığına görə malların dövriyyəsi aşağı düşür. Bəzən isə elə ərzaq məhsulları olur ki, zamanında ünvanına çatmayanda xarab olur və bunu biz bilavasitə hiss etməsək belə, istehlakçıya birbaşa təsir edir. Ekspertlər isə Bakıda pik saatlarında tıxacların yaranmasının ölkəyə idxal olunan avtomobillərin ildən-ilə artması ilə bağlı olduğunu bildirir. Bir məqamı da qeyd edək ki, Bakıda 745 min avtomobil, ümumi respublika üzrə isə 1 milyon 246 min maşın qeydiyyatdadır. Cari il ərzində isə bu rəqəmlərin daha böyük hədlərlə ifadə olunacağı heç bir şübhə doğurmur. Bu mənada, ekspertlər tıxac prolbelminin həllində qabaqcıl təcrübələrin daha intensiv şəkildə tətbiqini vacib sayırlar.

Sizin Reklam Yeriniz