Əlaqə Arxiv
news Image
2014.01.17
07:43
| A A A
Moskvanın Avropa bazarlarında Bakı qorxusu
Kreml Azərbaycanın Avropanın enerji sahəsində mövqelərinin güclənməsindən narahatdır

Azərbaycanın Avropanın enerji bazarında rol oynaması və bu sahədə mövqelərini daha da möhkəmləndirməsi Qərbdə getdikcə daha çox etiraf edilməyə başlanır. Bunun növbəti təsdiqi NATO baş katibi Anders Foq Rasmussenin fikirlərində öz əksini tapdı. Rasmussen açıq şəkildə bəyan etdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Qafqazda sülh və sabitlik üçün əhəmiyyətli ölkədir. Baş katib ümid edir ki, Azərbaycanla əməkdaşlıq bundan sonra da davam edəcək.

Ümumi vəziyyətin təhlili bir daha aydın nümayiş etdirir ki, həqiqətən Azərbaycanın Avropanın enerji bazarında oynadığı rol davamlı şəkildə yüksəlir. Xüsusən də "Şahdəniz" qazının hasilatının ikinci mərhələsinə dair imzalanan saziş bu sahədə daha böyük perspektivlər açmağa başlayır. "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanmasına dair 17 dekabr 2013-cü il tarixində Bakıda keçirilmiş mərasimdə vurğulandığı kimi, bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişəcək. Müvafiq olaraq TANAP və TAP layihələrinin reallaşması da ölkəmizin Qərb üçün əhəmiyyətini daha da artırır. Dünyanın böyük enerji layihələri sırasında olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin icrası üçün 45 milyard ABŞ dolları dəyərində sərmayə yatırılacaq . Layihənin birinci mərhələsində 10 milyard kubmetr, növbəti mərhələlərdə isə 20 milyard kubmetrdən artıq Azərbaycan qazının ixrac ediləcəyi də məlumdur.

Bütün bunlar Azərbaycanın Avropanın enerji bazarında xüsusi rolunu daha da artırır. Lakin o da məlumdur ki, belə vəziyyət Avropanın enerji bazarının digər oyunçuları tərəfindən heç də xoş qarşılanmır. Xüsusən də şimal qonşumuzun. Görünür, elə bu səbəbdəndir ki, bir ay əvvəl "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanmasından sonra Rusiya enerji diplomatiyasını fəallaşdırıb. Moskva "Cənub axını" layihəsinin inşasını tezləşdirmək məqsədilə avropalı tərəfdaşlarına şirnikləşdirici təkliflər etməyə başlayıb. Məsələn, Rusiya Macarıstana 10 milyard avro kredit təklif edir. Macarıstanın baş naziri Viktor Orban Moskvada prezident Vladimir Putinlə görüşdə "Pakş" atom elektrik stansiyasının 2 enerji blokunun tikintisi üçün tələb olunan məbləğin Rusiya tərəfindən ödənilməsinə nail olub. Rusiya prezidenti Vladimir Putin bildirib ki, "Pakş" atom elektrik stansiyasında əlavə 2 enerji blokunun inşası stansiyanın gücünü ən azı 2 dəfə artıracaq. Ayrılacaq 10 milyard avro dəyərində kredit macarıstanda çoxsaylı iş yerləri və bir çox sosial məsələlərin həllinə təkan vercək. Təbii ki, 10 milyardlıq kreditin qarşılığında Rusiyanın Macarıstandan istəkləri də var. Qərb analitiklərinin fikrincə, Rusiyanın son vaxtlar aktivləşən investisiya və kredit yardımları əslində bu ölkənin enerji siyasətinin bir hissəsidir. Əsas diqqət çəkən məqam Rusiya və Macarıstan rəhbərləri arasında görüşün həm də Serbiyada "Cənub axını" layihəsinin inşasından bir neçə ay sonra baş tutmasıdır. Bir neçə ay əvvəl Avropa enerji icmasının üzvü olan Serbiyaya 5 milyard dollar investisiya vəd edən Moskvanın eyni vaxtda Macarıstanla sövdələşməsi Avropada narahatlığa səbəb olub.

Avropa Komissiyası "Cənub axını" layihəsi çərçivəsində imzalanan ikitərəfli müqavilələrin Avropa İtitfaqının qanunlarını pozduğunu bəyan edib. Hətta komissiya bu dövlətlər qarşısında Rusiya ilə müqavilələri yenidən razılaşdıraraq, Avropa hüququna uyğunlaşdırmaq şərti qoyub. Üzv ölkələr yeni danışıqlara getməsə, komissiya onları buna məcbur etmək üçün lazımi alət və istəklərə əl atacağını bəyan edib.

Avropa komissarlarını narazı salan məqam "Qazprom"un İttifaq ölkələrində bazardakı situasiyanı nəzərə almadan qiymət müəyyən etməsidir. Mərkəzi və Şərqi Avropada dominantlığından sui-istifadə edən "Qazprom"u buna görə 15 milyard dollar cərimə gözləyir. Avropa rəsmilərinin gəldiyi qənaət budur ki, "Qazprom" İttifaqın bir sıra ölkələrinin ərazisindən qazın sərbəst nəqlinə mane olur. Buna görə də, İttifaq "Qazprom"a yaza qədər vaxt verib. Moskva da boş dayanmır və təsir alıtan sala biləcəyi Avropa ölkələri ilə əməkdaşılığı genişləndirir, onlara maliyyə yardımları və sərfəli şərtlərlə kreditlər vəd olunur.

Təbii ki, bütün bunların əsas məqsədi Moskvanın əvvəlki kimi Avropanın enerji bazarında hökmran mövqedə qalmasını təmin etməkdir. Lakin Azərbaycan bu bazarda getdikcə Rusiyanın rəqibinə çevrilir. Moskva isə mövqelərini əldən verməmək üçün TAP və TANAP-dan əvvəl "Cənub axını" layihəsini reallaşdırmaq nyyətindədir. Qeyd edək ki, "Cənub axını" layihəsinin dəyəri 16 milyard avro, nəqletmə gücü ildə 63 milyard kubmetrdir. Kəmərin 2015-ci ildə işə salınması gözlənilir. Layihə tam gücü ilə 2018-ci ildə işləyəcək. "Cənub axını" Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutur. "Cənub axını" Qara dəniz vasitəsilə Rusiyadan Bolqarıstana kimi uzanacaq. Daha sonra qaz kəməri iki hissəyə ayrılacaq. Bir qolu Serbiya, Macarıstan və Avstriya, digər qolu isə Yunanıstan və İtaliyadan keçəcək.

Sizin Reklam Yeriniz