Son günlər Bakıda və Abşeron yarımadasında, eləcə də regionlarda müşahidə olunan mülayim hava qışdan çox yaz fəslini xatırladır. Hər qış belə günlərə təsadüf olunsa da, bu il xüsusilə mülayim, günəşli günlərin sayının daha çox olduğu bildirilir. Lakin qış günəşinin insanlara xəstəlik gətirdiyi fikri lap əvvəldən insanlar arasında yayılıb. Son günlərdə insanlar arasında yayılan xəstəlikləri, çoxları qış fəslinə uyğun olmayan bu günəşli və yağıntısız hava ilə əlaqələndirir, müşahidə olunan hava şəraitini qış fəsli üçün anomal hesab edirlər.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin
Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev
Movqe.az-a açıqlamasında burda anomal heç bir prosesin olmadığını,
hava şəraitinin gözlənilən şəkildə keçdiyini dedi: "Doğrudur, bir
neçə gündür ki, Azərbaycanda yağmursuz, günəşli hava şəraiti hökm
sürür. Eyni zamanda Bakıda və Abşeron yarımadasında dəyişkən
buludlu, əsasən yağmursuz hava müşahidə olunur. Tez-tez cənub-şərq
küləyi şimal qərb küləyi ilə əvəz olunur. Hazırda Bakıda və Abşeron
yarımadasında müşahidə olunan temperatur iqlim normasına yaxın və
bir qədər yüksəkdir. Ancaq bu anomal tempratur sayılmır. Ona görə
ki, bundan əvvəlki illərə nəzər salsaq görərik ki, 2008-ci ildən bu
günə qədər Bakı və Abşeron yarımadasında bundan artıq tempratur da
qeydə alınıbdır. Havanın maksimal tempraturu 15-20 dərəcə arasında
olub. Hazırda müşahidə olunan tempratur isə, həmin maksimal
göstəricilərdən aşağıdır. Ona görə də, bu hal anomal
deyil".
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin
rəhbəri, ekoloq Telman Zeynalov da müşahidə olunan hava şəraitinin
anomal olmadığını düşünür: "Əvvəlki illərdə də belə hallar baş
verirdi. Əgər şimal, şimal-qərb küləyi əsirsə, qar yağacaq, şaxta
olacaq, yox, əgər cənub küləyi, cənub və şərq küləyi əsəcəksə,
havalar isti keçəcək. Bu, təbiətin qanunudur və anormal heç bir
vəziyyət yoxdur".