Əlaqə Arxiv
news Image
2014.01.18
07:26
| A A A
Ərzaq bazarında inhisarçılığa böyük zərbə
Artıq “fermer mağazaları” və “yaşıl marketlər” şəbəkəsindən kənd təsərrüfatı məhsullarını daha ucuz qiymətə almaq mümkün olacaq

Kənd təsərrüfatı məhsullarının bölgələrdən paytaxta daşınması daha da asanlaşacaq və həmin məhsulların qiyməti indiki ilə müqayisədə daha ucuz olacaq. Bunu şərtləndirən əsas səbəb isə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" verilən sərəncamdır.

Burada qeyd olunur ki, Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir. Bundan başqa Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərinin rayonlarında və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış "fermer mağazaları" və "yaşıl marketlər" şəbəkəsinin yaradılmasının dəstəklənməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, kənd təsərrüfatı və ərzaq məhsulları bazarında, tədarük prosesində haqsız rəqabət meyillərinin qarşısının alınması ilə bağlı tədbirləri və antiinhisar nəzarətini gücləndirmək, nəticəsi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək həvalə olunub.

Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi kənd təsərrüfatı və ərzaq məhsullarının ölkə daxilində daşınması üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər görməli və bu barədə rübdə bir dəfə Azərbaycan prezidentinə məlumat verməli, Dövlət Statistika Komitəsi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı uçotunun, ərzaq təhlükəsizliyi statistikasının və ərzaq bazarında qiymətlərin müayinəsinin təkmilləşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir. Nazirlər Kabinetinə beynəlxalq təcrübəni nəzərə almaqla, kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılmasına və daxili bazarın qorunmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, bu sərəncamın icrasına nəzarəti təmin etmək və nəticəsi barədə rübdə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ekspertlər isə bütün bunların ərzaq məhsulunda inqilabi dəyişikliklərə gətirib çıxaracağını proqnozlaşdırırlar. Ekspertlərin fikrincə, sərəncam ölkədə ərzaq bolluğunun yaranmasına, daxili istehsal hesabına əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsinə şərait yaradacaq. Xüsusən də, iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış "fermer mağazaları" və "yaşıl marketlər" şəbəkəsinin yaradılması bazarlarda inhisarçı mövqe tutanlara ciddi zərbə olacaq. Sirr deyildi ki, bu şəxslər fermerlərin ucuz qiymətə məhsullarını bazara gətirib satmasına çox ciddi maneə yaradırdılar. Eyni zamanda, fermerlərin rayonlardan məhsullarını paytaxta gətirməsinə də yollarda müəyyən maneə yaradılırdı. Lakin sərəncamla Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi kənd təsərrüfatı, ərzaq məhsullarının ölkə daxilində daşınması üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər görməlidir. Bu isə o deməkdir ki, məhsullarını daşıyan fermerlərə maneələr yaradılmayacaq. Eyni zamanda, onlar məhsullarını daha inhisarçılara yox, "fermer mağazaları" və "yaşıl marketlər" şəbəkəsinə verəcəklər. Bu isə kənd təsərrüfatı mallarıının daha ucuz qiymətə satılmasına gətirib çıxaracaq. Yəni bazarlarda daha burada istədikləri qiyməti diqtə edə bilməyəcəklər. Ekspertlər hesab edir ki, ilkin mərhələdə "fermer mağazaları" və "yaşıl marketlər" şəbəkəsi Bakıətrafı ərazilərdə yaradılmalı, daha sonra şəhərin mərkəzində müəyyən edlilmiş yerlərdə də fəaliyyətə başlamalıdır. Belə satış məntəqlərinin yaradılmasında məqsəd kənd təsərrüfatı məhsullarının istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində mövcud maneələri aradan qaldırmaq, ərzaq bazarında süni qiymət artımının qarşısını almaqdır. O da məlumdur ki, bu gün fermerlərin üzləşdiyi əsas problemlərdən biri loqistika xidməti ilə bağlıdır. Bu mənada sərəncamla Azərbaycanda dövlətin dəstəyilə kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasına xidmət edən xüsusi nəqliyyat vasitələri, o cümlədən avtorefrijerator parkı yaradılmasının nəzərdə tutulması mühüm əhəmiyyət daşıyır.

Sizin Reklam Yeriniz