Əlaqə Arxiv
news Image
2014.01.25
07:13
| A A A
Süni qidalar ciddi təhdidə çevrilir
Azər Quliyev: "Təbii yolla hazırlanmış qidalardan istifadə etmək məsləhətdir" Məlahət Abbasova: "Süni qidalar xərçənglə yanaşı, gənc qızlarda müəyyən xəstəliklərin yaranmasına da gətirib çıxarır"

Eyyub Hüseynov: "Süni qidaların törədə biləcəyi əsas fəsad xərçəng xəstəliyi yarada bilməsidir"

Son illər əhalinin süni qidalardan hazırlanmış ərzaq və yeməklərdən istifadə halları nəzərəçarpacaq dərəcədə artıb. Bir sıra hallarda insanlar hazırlanması rahat olduğundan, süni qidalara daha çox üstünlük verirlər.

Məsələ ilə bağlı onkoloq Azər Quliyev də bizimlə söhbətində süni qidaların bəzən təhlkə mənbəyi ola biləcəyini qeyd edir. Belə ərzaqların tərkibində insan orqanizmində şiş yaradan maddələrin olduğunu vurğulayan onkoloq insanlara təbii yolla hazırlanmış qidalardan istifadə etməyi məsləhət gördü: "Məsələn, broyler toyuqlara verilən qidaların tərkibindən asılı olaraq onlarda tez böyüməni təmin etmək üçün müəyyən maddələrdən istifadə olunur və uzunmüddətli araşdırmaların nəticəsi göstərir ki, bu maddələr kanserogen effektə malikdir. Toyuğa verilən maddələr onun bədənində qaldığı üçün insanlar bununla qidalanan zaman bu maddələr onun orqanizminə daxil olaraq orada şiş əmələ gətirir".

A.Quliyev genləri dəyişdirilmiş meyvələrin də xərçəng xəstəliyi yaratdığını vurğuladı: "Xaricdə təbii yolla hazırlanmamış qidaları insanlara birmənalı olaraq vermirlər və yaxud da bunun zərərli olduğunu bildirərək çox ucuz qiymətə satırlar".

Terapevt Məlahət Abbasova isə qeyd etdi ki, süni qidalar xərçənglə yanaşı, gənc qızlarda müəyyən xəstəliklərin yaranmasına da gətirib çıxarır: "Məsələn, süni şəkildə böyüdülmüş toyuqlar hormonlarla hazırlandığı üçün insan onu qəbul edərkən orqanizmin hormonlar sferasına təsir edir. Əgər cavan qızlar uzun müddət belə toyuq məhsullarından istifadə edirsə, onlarda ginekoloji pozğunluqlar yaranır, hətta, bu sonsuzluğa qədər də gətirib çıxarır. Belə toyuqlardan hazırlanan qrillər isə təhlükəni daha da artırır. Alimlərin son araşdırması göstərir ki, tavada qızardılan və qrildə bişən toyuqlarda zərərli maddələr daha çoxdur.

Ayaqüstü yeyilən süni yeməklər kökəlməyə meyilliliyi də artırır. Fikir versək, belə yeməklərdən insanların ən çox qidalandığı ölkələrdə piylənmə xəstəliyi inkişaf edir. Məsələn, Amerikada əhalinin yarı faizini kök insanlar təşkil edir".

Hömsöhbətimiz vurğuladı ki, belə qidalar uşaq orqanizmində daha ciddi fəsadlara gətirib çıxarar: "Bu cür qidalar kövrək uşaq orqanizmində kökəlmə, allergik xəstəliklər və mədə bağırsaq xəstəlikləri törədə bilər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, əhalinin bu sahədə biliyinin az olması süni qidalardan istifadənin artmasına rəvac verir: "Süni qidalardan istifadə hallarının artması əhalinin bu sahədə biliyinin az olmasından irəli gəlir. Görünür, istehlakçı hüquqlarının müdafiəsilə məşğul olan bizim kimi təşkilatlar da əhalinin bu sahədə biliyinin artırılmasına ciddi diqqət yetirməyib ki, əhali süni qidaların hansı fəsadlar yarada biləcəyindən ümumən xəbərsizdir. İkinci bir tərəfdən, bu cür qidaların ucuz başa gəlməsi də insanları bir çox hallarda onlara müraciət etməyə vadar edir. Süni qidaların görkəmli olması, diqqəti cəlb etməsi də insanları, əsasən də uşaqları həmin məhsulları qəbul etməyə meylləndirir. Süni qidalardan istifadə hallarının artmasının ən başlıca səbəbi isə ölkədə istehlakçı siyasətinin olmamasıdır. Hazırda süni yumurta, genetik modifikasiya olunmuş mallar, süni kürülər mövcuddur. Belə qidalar arzuolunmazdır. Amma nə edəsən ki, yuxarıda sadaladığım səbəblər üzündən əhali bir çox hallarda bu kimi qidalara üstünlük verir. Süni qidaların törədə biləcəyi əsas fəsad isə xərçəng xəstəliyini yarada bilməsi ehtimalı ilə bağlıdır".

Sizin Reklam Yeriniz