Ağır tonajlı yük avtomobillərin yollara vurduğu ziyan dəfələrlə gündəmə gətirilən mövzulardan biridir. Bu tipli avtomobillərin yol hərəkətinin tənzimlənməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olsa da, qaydaların pozulması ilə bağlı daim inzibati tədbirlər görülsə də, mövcud problem hələ də davam edir.
Memarlıq və İnşaat Universitetinin Nəqliyyat Tikintisi və Yol HərəkətininTəşkili Kafedrasının müəllimi Alim Binnətov Mövqe.az saytına verdiyi açıqlamada qeyd edir: "Avtomobil də istənilən qurğu kimi hər hansı bir yükə hesablanıb. Yollar elə salınmalıdır ki, ən azı 15 il, ən çoxu 18 il örtüyü dağılmadan xidmət etsin. Eyni zamanda icazə verilən yük həddinə də diqqət edilməlidir. Ancaq cəmiyyətdə bu qaydaya riayət etməyən xeyli sayda insan var. Təbii ki, onlar normadan artıq yük daşıyanda yol geyimi dözməyib dağılır. Bunun qarşısını almaq qeyri-mümkündür. Necə ki, cinayətkarların, oğurluq hallarının qarşısını tam və birdəfəlik ala bilimirik, eynilə də bunun qarşısını ala bilmirik. Bu, bütün dünyada belədir.
Nəqliyyat Nazirliyinin tərkibində xüsusi nəzarət qrupu var. Onlar mütəmadi olaraq nəqliyyat vasitələrini saxlayıb yoxlanış aparır, onların çəkisini yoxlayırlar. Təbii ki, yük norma daxilindədrsə, onlar buraxılır, deyilsə ya dərhal yük boşaldılır, ya da saxlanılır. Bu qurum işini düzgün görür, sadəcə, cəmiyyətimiz buna hazır deyil. Bəzi yükdaşıma şirkətləri buna diqqət etmirlər. Sadəcə, güclü maşınları olduğu üçün avtomobilləri istədikləri qədər yükləyərək yollara buraxırlar. Yolların nə vəziyyətə gələ biləcəyini isə düşünmürlər. Xarici ölkələrdə bizdəkilərdən də güclü yük daşıyan avtomobillər var. Amma onlar normalara riayət edirlər. Çünki, onlar başa düşürlər ki, əks halda elə bir cərimə verə bilərlər ki, yükdaşımadan da baha başa gəlsin. Ona görə normal çəkidə yük daşınması həyata keçirirlər.
Onu da qeyd edim ki, bir çox ölkələrdə yük daşınması üçün ümumi avtomobil yollarından deyil, təsərrüfat yollarından, onlar üçün ayrılmış xüsusi yollardan istifadə edirlər. Azərbaycanda da belə yolların salınması məqsədəuyğun olardı.
Bundan başqa əhali arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılmalıdır. İnsanlar bilməlidirlər ki, normalara uyğun olaraq maksimum nə qədər yük daşıya bilərlər. Ətraf mühitə ziyan vurduqlarını dərk etməlidirlər ilk öncə. Qaydalara əməl edilmədiyi halda, təbii ki cəza tədbirləri görmək, cərimələrin miqdarını artırmaq lazımdır. Bütün sahələrdə olduğu kimi, burda da problemin həlli yol qanunu, nəzarəti gücləndirməkdir".
Azərbaycan Texniki Universitetinin
avtomobil nəqliyyatı fakültəsinin dekanı, Baş Dövlət Yol Polisinin
eksperti, texniki elmlər namizədi Sülhəddin Gözəlov da məsələyə
münasibətini bildirdi: "Ağır tonnajlı avtomobillər həqiqətən də
yolların tez sıradan çıxmasında müəyyən rol oynayır. Ən azından ona
görə ki, avtomobil yolları layihələndirilərkən və inşa edilərkən
müəyyən buraxıla bilən yükə hesablanır. Və Azərbaycan
Respublikasında Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104
nömrəli qərarı var. Bu Azərbaycanda ağır çəkili yüklərin ümumi
istifadəsi, yollarda hərəkəti haqda bir qərardır. Həmin qərarda
birmənalı şəkildə göstərilib ki, bir oxa düşən ən böyük yük 10 tona
qədər ola bilər. Hətta oxların sayı çox olduqda, avtomobil 3-4 oxlu
olduqda bu oxa düşən yük bir qədər də azalır. Maksimal yük həddi
isə, 38 tondur. Qərara əsasən, bundan artıq daşınmaya icazə
verilmir. Amma reallıqda məsələn, tikinti materialları, daş,
sement, çınqıl və s. daşınmasına xidmət edən maşınlar o normaları
gözləmir. Avtomobilin oxuna düşən yükün çoxalması da o demək deyil
ki, elə avtomobil yolu qısa bir müddətdə dağılmalıdır. Yeni inşa
olunmuş avtomobil yolları bir ilin içərisində o avtomobillər
hesabına dağılmamalıdır. Əgər avtomobil yolu üçün istismar müddəti
20-30 il nəzərdə tutulubsa, bu ağır çəkili avtomobillər
onların istismar müddətini 2 dəfə, uzağı 3 dəfə azaldacaq. Bu da
deməkdir ki, yol ən az 10 il xidmət etməlidir. Amma reallıqda
görürük ki, yollar bəzən həddən artıq tez dağılır. Burda ağır
çəkili avtomobillərdən başqa yol inşaatının texnologiyasına ciddi
əməl olunması məsələsi müəyyən qədər sual doğuran bir məsələdir.
Yəni, 2 amil birlikdə - həm avtomobil yollarının inşaası
zamanı texnologiyada buraxıla bilən qüsurlu məqamlar, həm də bəzən
qüsurlu inşa olunan yollarımızın ağır avtomobillərlə yüklənib
dağılması bizə ikitərəfli ziyan vurur. Yol isə milli sərvətdir,
hamımıza aiddir. Onları qorumaq lazımdır".