Əlaqə Arxiv
news Image
2014.02.01
07:52
| A A A
Küçələrdən gələn bəla
Belə yerlərdə hələ də satılmaqda olan qida məhsulları insanların səhhəti üçün ciddi problemlər yaratmaq iqtidarındadır

Hələ üç il əvvəl yol kənarlarında, küçələrdə kvas, pirojki, smit və sair bu qəbildən olan məhsulların satışı qadağan edilib. Lakin indinin özündə də belə məhsulları küçədə gigiyenik tələblərə cavab verməyən şəkildə satanlara rast gəlmək mümkündür. Küçə tacirləri paytaxtın müxtəlif küçə və meydanlarında, bazarların ətrafında, avtobus dayanacaqlarında hələ də bu məhsulların satışını həyata keçirməyə çalışırlar.

Halbuki, küçə ticarətinə sərt qadağalar qoyulub. Bütün bunlara baxmayaraq, qadağalardan qaçmağa çalışanlar belə ərzaq məhsullarının satışını həyata keçirməyə cəhd göstərməkdədirlər. Halbuki, küçələrdə pirojki, bulka, smit və sair satılması həm də onu alan insanların səhhətinə ciddi təhdid yaradır. Bu, başdan-ayağa mikrob mənbəyidir. O da faktdır ki, hansısa mağazadan, dükandan yemək alanda, həmin sahibkar o qidaya cavabdeh olur. Amma küçədən keçən insan qida satırsa, onu almaq olmaz. Çünki həmin şəxs, satdığı yeməyə cavabdeh deyil.

Hazırda küçələrdə daha çox smit və bulka satışına rast gəlinir. Xüsusən də sürücülər belə insanlarla çox rastlaşırlar. Lakin antisanitar şəraitdə satılan smit, bulka və digər belə məhsulların satışı insanların sağlamlığını təhlükə altında qoyur. Bu yarımfabrikat məhsulun satışı ilə məşğul olanlara isə qeyd olunduğu kimi, daha çox yol kənarlarında, tıxaclarda rast gəlmək mümkündür. Ən pisi də odur ki, onlar bu satışı antisanitar şəraitdə həyata keçirir ki, bu da onu alan insanın orqanizmində ciddi fəsadlar törədə bilər. Düzdür, satıcılar smiti, bulkanı müştəriyə paketdə təqdim edirlər. Amma nə fayda? Səbətdə açıq şəkildə olarkən havadakı bütün mikroblar, toz-torpaq artıq həmin smitin, bulkanın üzərinə hopur. Mütəxəssislər qeyd edir ki, ola bilsin satılan məhsul özü təmiz olsun, yəni normal istehsal prosesindən keçsin. Amma bu cür, açıq havada satışa çıxarılan smitlərdə mikrobların inkişafı üçün əlverişli şərait yaranır. Belə ticarəti həyata keçirənlərə qarşı mübarizə aparmaq isə heç də asan məsələ deyil. Məsələ bundadır ki, küçə ticarətinin harada təşkil olunacağını əvvəlcədən bilmək olmur. Bu üzdən də küçələrdə satılan məhsulları daim yoxlamaq da mümkün deyil. Xatırladaq ki, ölkə qanunvericiliyinə əsasən, küçədə ərzaq məhsullarının satışı sanitar normaların pozulması anlamına gəlir. Buna yol verən şəxsləri isə cərimələr gözləyir.

Bununla bağlı müvafiq qurumlar tərəfindən mütəmadi olaraq küçə ticarətinin ləğvi ilə bağlı tədbirlər keçirilib. Ancaq paytaxtda və bəzi regionlarda bu ticarətə, xüsusən də ərzaq məhsullarının satışına yenə də rast gəlinir. Bəzi ekspertlər bunu küçələrdən gələ bəla da adlandırırlar. Çünki, qeyd olunduğu kimi, istənilən ərzaq məhsullarının açıq satışı qadağandır. Küçə isə konkret satış obyekti olmadığına görə, nəzarət aparmaq çətinlik yaradır. Ekspertlərə görə, elə bu səbəbdən bu sahədə hüquq mühafizə orqanları, bələdiyyələr, icra hakimiyyətlərinin birgə nəzarəti vacibdir. Ümumiyyətlə, istər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarının küçədə satışı yolverilməzdir.

Məsələnin həlli üçün ekspertlər qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsini vacib hesab edir. Hesab olunur ki, küçə ticarətinə nəzarət konkret qanunvericilik aktı ilə tənzimlənməli və nəzarəti kimin həyata keçirməsi müəyyən olunmalıdır. Aydındır ki, burada məsuliyyəti təkcə dövlət orqanlarında görmək olmaz, istehlakçılar da diqqətli olmalı, küçədə satılan məhsullardan uzar durmağa çalışmalıdırlar.

Qeyd edək ki, küçədə ticarətlə məşğul olanlar dövlət büdcəsinə də hansısa vergi ödəmirlər. Ötən ilin sonunda isə belə təklif səslənib ki, küçə ticarəti ilə məşğul olan işçiləri əhatə edən ayrıca sosial sığorta növü tətbiq olunsun. Bu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən dəstəklənən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsini həyata keçirən ictimai birliklər üzrə konsorsiumu tərəfindən irəli sürülən təkliflər paketində əks olunub.

Bundan başqa, tənzimləyici qanunverici və normativ bazanın yaradılması, küçə ticarəti anlayışı və onun sərhədlərinin müəyyənləşdirilməsi təklif olunur: "Küçə ticarətinin tənzimlənməsi sahəsində institusional əsasda səlahiyyətlər bölgüsünə yenidən baxılmalı və bələdiyyələr bu sahənin idarəedilməsi prosesinə cəlb olunmalıdır. Küçə ticarətinin vergi tənzimlənməsi sahəsində patent-vergi və ya lisenziya sisteminin tətbiqi təklif olunur".

Sizin Reklam Yeriniz