Türkiyəli sürücünün öldürdüyü şəxsin kimliyi məlum oldu
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
ANPRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə gecə
rayonun Atakişili kəndi ərazisində qeydə alınıb. Belə ki, 49 yaşlı
Türkiyə vətəndaşı olan Kənan Kazmaçı idarə etdiyi "Mercedes"
markalı yük maşını olan "TİR" ilə yolu keçmək istəyən piyada,
təxminən 45-50 yaşlarında olan kişini vurub. Qəza nəticəsində
piyada hadisə yerində dünyasını dəyişib. Dünyasını dəyişən şəxs
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Kürdəmir
rayon şöbəsinə gətirilib. Baş Dövlət Yol Polisinin İstintaq və
Təhqiqat şöbəsindən verilən məlumata görə mərhumun üzərindən
telefon kitabçası müəyyən edilib. Ölən şəxsin kimliyi məlum olub.
Qəzada dünyasını dəyişən şəxs Zəngilan rayonundan məcburi köçkün
olan, 1952-ci il təvəllüdlü Nizami Yusif oğlu Cəfərovdur.