Əlaqə Arxiv
news Image
2014.02.06
07:27
| A A A
Suriya ermənilərinin Qarabağa köçü BMT-də araşdırıla bilər
Aydın Ağayev: "Məsələnin BMT səviyyəsinə qaldırılması doğru yanaşmadır və suriyalı ermənilərin Dağlıq Qarabağa köçürülməsinin qarşısı alınmalıdır" Elşən Manafov: "Bu addım Azərbaycan diplomatiyasının uğuru olacaq"

Suriyada cərəyan edən hadisələr orada yaşayan 100 minlərlə insanın vətənlərindən didərgin düşməsi ilə nəticələnir. Hərbi əməliyyatların başlanmasından üzü bəri ölkəni tərk edənlər arasında erməni əsilli suriyalılar da var. Lakin məsələ ondadır ki, Suriyadan qaçan bu ermənilərin bir qismi Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirilir. Dəfələrlə faktlar əsasında sübut olunub ki, İrəvan hökuməti Suriya ermənilərini işğal etdikləri Dağlıq Qarabağ ərazisində yerləşdirib.

Bu barədə Azərbaycan hökuməti bir neçə dəfə məsələni beynəlxalq qurumlar qarşısında qaldırıb. Lakin buna baxmayaraq, hələlik sözügedən məsələ konkret həllini tapmayıb. Ermənistan fürsət düşən kimi yenə də Suriya ermənilərini Dağlıq Qarabağada məskunlaşdırmaq cəhdlərində bulunur. Bu günlərdə isə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik belə bir açıqlama yayıb ki, Suriya ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsi məsələsi BMT-də qaldırılıb. Görəsən, həmin məsələnin BMT-də qaldırılması problemin həllinə necə kömək edə bilər? BMT bu məsələni araşdıra bilərmi?

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, BMT səviyyəsində həmin addımın atılması qurumun Suriyadan qaçan ermənilərin qanunsuz olaraq Dağlıq Qarabağda yerləşdirilməsi məsələsinə xüsusi diqqət ayırması ilə nəticələnə bilər: "Suriyadan qaçan ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilməsi məsələsinin BMT-də qaldırılması doğru məsələdir və bu, lazımdır. Neçə vaxtdır ki, Ermənistanın Suriyadan gələn erməniləri Dağlıq Qarabağda yerləşdirmələrinə dair informasiyalar gedirdi. Azərbaycan tərəfi də buna öz münasibətini bildirib. Çünki atılan həmin addım tamamilə qeyri-qanunidir. İndi bu məsələ BMT-də qaldırılırsa, deməli, hardasa həmin səylərin nəticəsidir ki, beynəlxalq ictimaiyyət də ona reaksiya verir. Məsələnin BMT səviyyəsinə qaldırılması doğru yanaşmadır və suriyalı ermənilərin Dağlıq Qarabağa köçürülməsinin qarşısı alınmalıdır. Çünki o torpaqlar ermənilərin deyil. İrəvan hökuməti həmin erməniləri haradasa yerləşdirmək istəyirsə, qoy Ermənistanda yerləşdirsin. Dağlıq Qarabağa isə bunun heç bir dəxli yoxdur. BMT-də bu məsələ ilə bağlı hansı qərarın qəbul olunub-olunmayacağından asılı olmayaraq, məsələyə həmin qurum səviyyəsində diqqət yetirilirsə, deməli, bu problemə biganə qalınmayacaq. Elə bir ölkə göstərin ki, o qonşu dövlətin ərazisini işğal etsin, sonra da istənilən digər ölkədən kimləri isə gətirib həmin işğal edilən ərazidə yerləşdirsin. Bu, bütün beynəlxalq qanunlara zidd olan məsələdir və onun qarşısı kəskin şəkildə alınmalıdır. BMT-də Suriyadan olan ermənilərin Dağlıq Qarabağda yerləşdirilmələri məsələsi qaldırılırsa, Azərbaycan tərəfi də buna adekvat münasibət gözləyir".

Politoloq Elşən Manafov da qeyd etdi ki, həqiqətən erməni əsilli Suriya vətəndaşlarının Dağlıq Qarabağda yerləşdirilməsi ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə BMT-də müzakirəyə çıxarılırsa, bu, bütün hallarda növbəti dəfə BMT xəttilə Ermənistanın Azərbaycan torpaqlarına olan iddialarının əsassız və beynəlxalq hüquqa zidd olduğunu sübut edən növbəti bir dəlil olacaq: "Bir daha bəlli olacaq ki, Ermənistanın Azərbaycanla Dağlıq Qarabağla bağlı münaqişəsi İrəvanın bu torpaqlara qanunsuz olaraq yiyələnmək istəyindən və açıq-aşkar təcavüz siyasətindən başqa bir şey deyil. Məsələ ondadır ki, suriyalı ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi mövqeyini ABŞ-dan olan həmsədr səsləndirib. ATƏT-in Minsk qrupunda münaqişənin həlli ilə bağlı kifayət qədər fərqli mövqelər var. Əslində, indiyə kimi münaqişənin öz həllini tapmaması səbəblərindən biri də həmsədr ölkələrin münaqişənin tənzimlənməsi məsələsində maraqlarının üst-üstə düşməməsidir. Ona görə də istisna etmirəm ki, həmin məsələ BMT-yə çıxarılacağı təqdirdə Rusiya buna maneə ola bilər. Hərçənd, Vladimir Putinin Azərbaycana olan son səfərindən sonra iki ölkə arasında bir sıra problemlər arxada qaldı. Ancaq Azərbaycan prezidentinin bu günlərdə Belçikaya olan məlum səfərindən sonra Ermənistanla təmas xəttində gərginlik də artdı. Bir gün ərzində 300-400 dəfə atəşkəsin pozulması halları qeydə alındı. Bu isə əslində, Rusiyanın Ermənistan iqtidarına sıcaq münasibətinin nəticəsi idi. Bu yolla Rusiya daha müstəqil siyasət yürüdən Azərbaycana hərbi mesajlarını ünvanlayaraq bildirmək istəyir ki, münaqişənin tənzimlənməsində əsas açar Moskvanın əlindədir. Bu səbəbdən də istisna etmirəm ki, danışıqlar prosesində Rusiya özünün forpostu olan Ermənistanı müdafiəsiz qoysun. Bütün bunlara görə, güman edirəm ki, Suriya ermənilərinin Qarabağda yerləşdirilməsi məsələsi BMT-də müzakirəyə çıxarsa, Rusiya onun keçməsinə imkan verməməyə çalışacaq. Digər tərəfdən, hazırda BMT-nin özündə ciddi struktur islahatlarına ehtiyac var. Bu qurum mötəbər təşkilat olaraq təəssüf ki, beynəlxalq hüququn tərəfində deyil, beynəlxalq güclərin tərəfindən çıxış edir. Liviyaya, İraq və Əfqanıstana münasibətdə qurum dərhal qətnamə qəbul edərək anındaca NATO-ya yaşıl işıq yandırıb. Amma işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı qəbul etdiyi qətnamələrin icrası məsələsində isə BMT-nin siyasəti əslində, Minsk qrupunun siyasətindən fərqlənməyib. Burada da ikili standartlar hökm sürür. Bu səbəbdən də həmin qurumda Almaniya, Yaponiya, Ərəb Dövlətləri Liqası və Türkiyə təmsil olunmalıdır. Bu mənada hazırki situasiyada Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi məsələsilə bağlı qətnamə qəbul olunsa da belə, güman etmirəm ki, bu münaqişənin tənzimlənməsilə bağlı məsələdə mövcud vəziyyətin ölkəmizin xeyrinə dəyişə biləcəyinə işarə olacaq. Bu addım sadəcə, Azərbaycan diplomatiyasının uğuru olacaq. Amma münaqişə ətrafında status-kvonun dəyişdirilməsində elə bir əhəmiyyətli rolu olmayacaq".

Sizin Reklam Yeriniz