Əlaqə Arxiv
news Image
2014.02.06
10:30
| A A A
İlham Əliyev: "Bu son xəbərdarlığımdır"

Dövlət başçısı məmurlar qarşısında çıxışında subsidiyaların verilməsində şəffaflığın təmin edilmədiyini və onların fermerlərə çatmadığını deyib

"Subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir. Mən keçən dəfə də, bir il bundan əvvəl də bu barədə danışmışam, bu gün də məcburam bu barədə öz fikirlərimi bildirim. Burada biz şəffaflığa nail olmamışıq. Şəffaflıq təmin edilmir və burada oturanlar bilirlər şəffaflıq nəyə görə təmin edilmir. Bu mənim son xəbərdarlığımdır".

Movqe.az xəbər verir ki, bunu Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransında prezident İlham Əliyev deyib. 


Dövlət başçısı subsidiyanın verilməsində tam şəkildə nəzarət-uçot sistemi yaradılmalı olduğunu deyib. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinə bu göstərişlər verilib. Yerli icra orqanlarının nümayəndələri də burada öz müsbət rolunu oynamalıdırlar. "Çünki bəzi hallarda subsidiyalar fermerlərə çatmır. Ona görə, konkret təkliflər veriləcək və yeni müvafiq sərəncam da imzalanacaq. Məqsəd şəffaflığı yaratmaq, kənd təsərrüfatını inkişaf etdirmək və fermer təsərrüfatlarına yardım etməkdir".


İ.Əliyev fermerlərin problemlərinə də toxunub. O, qeyd edib ki, problemlərdən biri də istehsal etdikləri məhsulların satışı ilə bağlıdır. "Dövlət burada da əlbəttə ki, öz yardımını göstərməlidir, göstərəcək. Biz çalışmalıyıq ki, ilk növbədə, Azərbaycanda istehsal olunan məhsullar bazara çıxarılsın və burada aidiyyəti dövlət qurumları bu işləri tənzimləməlidirlər. Azərbaycanda istehsal olunan məhsullar ola-ola, qala-qala xaricdən məhsullar idxal edilir. Burada da ciddi nəzarət olmalıdır. Əgər biz özümüz bu məhsulu istehsal ediriksə, niyə onu xaricdən idxal etməliyik, niyə şərait yaratmalıyıq?! Hər bir dövlət öz bazarını qorumalıdır, qoruyur və Azərbaycan da bu yolla gedir. Bilirsiniz ki, biz hələ Dünya Ticarət Təşkilatına üzv olmamışıq, baxmayaraq bizi böyük təkidlə oraya dəvət edirlər. Bunun səbəbləri var və səbəblərdən ən birincisi yerli istehsalçının müdafiəsidir, Azərbaycan bazarının qorunmasıdır. 

Dünya Ticarət Təşkilatına üzv olacağıq, ancaq nə vaxt, onu biz bilirik". 


Prezident kənd təsərrüfatının inkişafı üçün müasir texnikanın alınması davam etdiriləcəyini deyib. O, bütün texnikanın yenilənməli olduğunu deyib. Müvafiq göstərişlər verilibdir və artıq proses başlanıb. Bundan əlavə o, fermerlərin elektron qeydiyyat sistemi yaradılmalı olduğunu vurğulayıb.


"Bölgələr üzrə ixtisaslaşma aparılmalıdır. Burada belə kortəbii yanaşma qəbuledilməzdir. 

Torpaqların elektron uçot sistemi yaradılmayıb, yaradılmalıdır". 


Sizin Reklam Yeriniz