Əlaqə Arxiv
news Image
2014.02.11
07:41
| A A A
Pensiya yaşı artırıla bilər
Buna əsas səbəb uzunömürlülüyün artması və əhali arasında təqaüdçülərin sayının çoxalmasıdır

Demoqrafiya sahəsində getdikcə daha çox diqqət çəkən məqamlardan biri də əhalinin yaşlanması, yaşlı nəslin xüsusi çəkisinin artmağa başlamasıdır. Əlbəttə, bu hal ilk növbədə ölkədə uzunömürlülüyün artmasının göstəricisdir. Lakin məsələnin diqqət cəlb edən digər tərəfləri də var. Məsələn, araşdırmalar təqüdçülərin sayının artmaqda olduğunu göstərir. Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 275 min nəfərə çatır.

Onu da qeyd edək ki, ölkədə 4 milyondan artıq işçi qüvvəsi mövcuddur. Bütün bunlar isə o deməkdir ki, hər 4 nəfər 1 təqaüdçü üçün çalışır. Gələcəkdə isə təqaüdçülərin sayının artması proqnozlaşdırılır ki, bu da büdcədən pensiyalara görə ayrılan vəsaitlərin həcminin artması deməkdir. Çünki sosial yığım hələ tələbləri tam ödəmir.

Qeyd edək ki, hələ ötən il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının 102-ci sessiyasındakı çıxışı zamanı bu xüsusda olduqca maraqlı fikirlər səsləndirmişdi: "20 il əvvəl Azərbaycan əhalisini nisbətən gənc adlandırmaq mümkün idisə, indi bu əhali yaşlanan hesab oluna bilər. Bu müddət ərzində yaşı 65 və ondan yuxarı olan insanların xüsusi çəkisi 4,8 faizdən 5,8 faizə qalxıb, əhalinin 15 yaşadək olan hissəsinin xüsusi çəkisi isə 33,1 faizdən 22,3 faizə enib. Uzunömürlülük isə dayanmadan yüksələrək, hazırda 74 yaş həddinə yaxınlaşır". Birləşmiş Millətlər Təşkilatının təsnifatına görə, yaşı 65 və ondan yuxarı olan insanların xüsusi çəkisi əhalinin ümumi sayına nisbətdə 4 faizdən az olarsa, həmin ölkənin əhalisi "gənc", 4-7 faiz arasında olarsa, "yaşlanan", 7 faizdən yuxarı olarsa, "yaşlı" sayılır. Bütün bunlar hazırda Azərbaycanda artıq əhalinin yaşlanan olduğunu göstərir.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov da qeyd edir ki, yaxın bir neçə ildən sonra Azərbaycanda əhali arasında təqaüdçülərin sayının artması müşahidə ediləcək. Əhalinin yaş strukturunda dəyişikliyin olmasını mənfi hal sayan alim Trend-ə açıqlamasında qeyd edib ki, Azərbaycanda əhalinin təbii artımı 1960-cı ildən sonra yüksək olub. Bunun nəticəsi olaraq, hazırda əməkqabiliyyətli yaşda olan əhalinin sayı ümumi əhalinin 67 faizdən çoxunu təşkil edir: "Yaxın vaxtlarda - bir neçə ildən sonra onlar təqaüd yaşına çatdıqda ölkədə təqaüçülərin sayının kəskin artacağı gözlənilir. Proses ona doğru gedir. Ona görə də doğulan uşaqların sayının artırılması üçün əhalinin təbii artımı nizamlanmalıdır. Dövlət bunun üçün müəyyən tədbirlər görməlidir". Z.Eminov deyib ki, bir neçə ildən sonra əhali arasında təqaüdçülərin sayının artmasının əsas səbəblərindən biri də 1990-cı ildən 2003-cü ilə kimi ölkə əhalisinin təbii artımında azalmanın baş verməsidir. Əhali arasında təqaüdçülərin sayını azaltmaq üçün doğumun səviyyəsi yüksəlməli, hər ailədə normal olaraq, 3 uşaq olmalıdır.

Alim bildirib ki, əvvəllər əsasən çoxuşaqlı olması ilə fərqlənən kənd ailələrində də artıq 2-3 uşaq olur: "Şəhərlərdə əvvəllər də 2 uşaq olurdu. Bəzi hallarda ailələrdə uşaqların sayı 3-ə çatırdı. Ancaq bu tendensiya artıq sabitləşib. 2013-cü ildə təbii artımın nisbi göstəricisi 2012-ci ilə nisbətən azalıb. Bu da onunla əlaqədardır ki, 1990-cı illərdə anadan olanlar artıq nigah yaşına çatmış olurlar. Nigah yaşının qaldırılması, məşğulluq problemləri, yeni qurulan bəzi ailələrin ilkin illərdə uşaq istəməməsi təbii artıma təsir edir".

Təqaüdçülərin sayının artması isə perspektivdə pensiya yaşının qaldırılması məsələsini gündəmə gətirə bilər. Həqiqətən də dövlətin böyük maliyyə imkanlarına malik olması pensiya yaşının artırılmasına ehtiyac olmadığını göstərir. Lakin perspektivdə Avropa ölkələrində olduğu kimi, ölkəmizdə də bu addıma gedilə bilməsi istisnalıq təşkil etmir. Bunu şərtləndirən əsas səbəblərdən biri isə qeyd olunduğu kimi, həm də uzunömürlülüyün artmasıdır. Digər tərəfdən, hesab olunur ki, pensiya ilə bağlı dövlətin yükünü azaltmaq üçün özəl pensiya fondlarının yaradılması prosesi də sürətlənməlidir.

Sizin Reklam Yeriniz