Əlaqə Arxiv
news Image
2012.06.08
09:00
| A A A
Əcnəbilərə övladlığa verilən azərbaycanlı uşaqların sonrakı taleyi
Yusif Bəkirov: “Xarici vətəndaşa övladlığa verilən uşaqlarımızla bağlı problem bir sıra digər ölkələrdə olduğu kimi Azərbaycanda da aktualdır” Nazir Quliyev: “Uşaqlar əcnəbilərə verilibsə, xaricdəki Azərbacyan səfirlikləri, müvafiq dövlət orqanları vasitəsilə onların mütəmadi olaraq monitorinqi aparılmalıdır”

Cari ilin ötən dövrü ərzində Azərbaycandan olan 3 uşaq əcnəbi vətəndaşlara övladlığa verilib. Azərbaycanlı uşaqları Rusiya, İsveçrə və ABŞ-dan olan şəxslər övladlığa götürüblər. Amma məsələ həmin uşaqların əcnəbilərə övladlığa verilməsilə bitməməlidir. Belə uşaqların gələcək taleyinin necə olacağını bilmək də vacibdir. Bir sıra hallarda görürsən ki, uşağı övladlığa götürən əcnəbi vətəndaş ona qarşı amansız rəftarı ilə seçilir. Belədə isə həmin uşağı normal yetişdirmək əvəzinə, onun durumunun, səhhətinin, psixoloji vəziyyətinin daha da ağırlaşmasına bais olurlar.

Bu kimi mənfi hallar özünü Rusiyada daha kəskin şəkildə göstərir. Belə ki, burada aparılan araşdırmalar Rusiyadan övladlığa götürülmüş uşaqların bəzilərinin sonrakı taleyinin çox acınacaqlı olduğunu göstərib. Hətta rus telekanalları ABŞ-a övladlığa verilmiş uşağın başına açılmış oyun barəsində bir ara çoxsaylı süjetlər də nümayiş etdirdilər. Ona görə də xaricilərə övladlığa verilən uşaqların sonrakı taleyilə də ciddi şəkildə maraqlanmaq lazımdır.

Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov istəsələr də, özlərinin sözügedən uşaqların taleyilə maraqlanmaq imkanlarının olmadığını bildirdi: "Əslində təşkilatımızın xarici vətəndaşlara övladlığa verilən azərbaycanlı uşaqların sonrakı taleyilə maraqlanması üçün imkan və şəraiti yoxdur. Amma buna baxmayaraq, bir çoxları kimi biz də bu uşaqların taleyindən narahatıq. Məsələ ondadır ki, xarici vətəndaşa övladlığa verilən uşaqlarımızla bağlı problem bir sıra digər ölkələrdə olduğu kimi Azərbaycanda da aktualdır. Uşaqların övladlığa verilməsilə əlaqədar Haaqa Konvensiyası var. Orada qeyd olunur ki, uşağı başqa ölkənin vətəndaşına övladlığa verən dövlətin həmin uşaq üzərində nəzarəti olmalıdır. Yəni dövlət həmin uşağın gələcək taleyi barədə maraqlanmalıdır. Ölkəmizdə bu işlə Ailə, Qadın və Uşaq Problemləri Komitəsi məşğul olur. Həmin uşaqların gələcək taleyinə də məhz sözügedən komitə nəzarət etməlidir. Eyni zamanda komitə xaricə verilən uşaqlara nəzarət prosesini şəffaf şəkildə həyata keçirməli, uşağın vəziyyəti barədə mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmalıdır ki, cəmiyyət də bundan xəbərdar olsun. Bu yolla cəmiyyət xaricə övladlığa verilən uşağın hansı vəziyyətdə yaşadığından məlumatlı ola bilər. Amma təəssüf ki, sözügedən komitədə uşaqların sonrakı taleyilə maraqlansalar da, bu barədə ictimaiyyət məlumatlandırılmır. Bu isə onu göstərir ki, həmin uşaqların sonrakı taleyilə bağlı nəzarət prosesi də məxfi saxlanılır. Amma düşünürəm ki, proses şəffaf şəkildə olsaydı, xaricə verilən uşaqların hüquqları daha da yüksək səviyyədə müdafiə olunmuş olardı".

Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev isə əcnəbilərə övladlığa verilən uşaqların taleyilə mümkün olduğu qədər maraqlandıqlarını, hətta bu sahədə araşdırma da apardıqlarını diqqətə çatdırdı: "Ölkəmizdə azərbaycanlı uşaqların əcnəbilərə övladlığa verilməsi mübahisə predmeti olub. Bu sahədə narahatçılıq yaradan məqamlar vardı. Məsələn, 2003-cü ildə azərbaycanlı uşaqların əcnəbilərə satılması məsələsilə əlaqədar olaraq problem yaşanmışdı. 2004-cü ildə Azərbaycanda uşaq hüquqları, insan alverilə bağlı Milli Fəaliyyət Proqramı qəbul edildi, 2005-ci ildə Cinayət Məcəlləsinə bununla əlaqədar dəyişikliklər edildi. Nəhayət Ailə, Qadın və Uşaq Problemləri Komitəsi yaradıldıqdan sonra əcnəbilərin azərbaycanlı uşaqları övladlığa götürməsi məsələsinin çözümü bu quruma həvalə edildi. Əvvəl isə 3 yaşına qədər uşaqların övladlığa götürülməsi Səhiyyə Nazirliyi, 3-18 yaşlı uşaqlar isə Təhsil Nazirliyi vasitəsilə həyata keçirilirdisə, sözügedən komitənin yaradılması ilə məsələ bir təşkilatın öhdəsinə buraxıldı. Apardığımız son müşahidələr onu göstərir ki, əvvəlki illərə nisbətən əcnəbi vətəndaşlara verilən uşaqların sayında kəskin azalmalar baş verib. Bu da Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin işinin nəticəsidir. Yəni proses tənzimləndiyindən bu istiqamətdə işlər normallaşıb. Bizim mövqeyimiz isə ondan ibarət olub ki, Azərbaycanda çoxlu sayda valideynlər uşağı övladlığa götürmək üçün gözləyir. Ölkənin milli genefondu olan sağlam uşaqların ölkə xaricində övladlığa verilməsinə son qoymaq, onları mümkün qədər Azərbaycan vətəndaşlarına vermək lazımdır. Bu ilə xarici vətəndaşlara verilən 3 uşağın sağlamlıq durumunun nə yerdə olduğundan konkret olaraq məlumatım yoxdur. Ölkəmizdə ümumi düşüncə ondan ibarətdir ki, xarici vətəndaşlara yalnız sağlamlığında hansısa problemi olan, xarici ölkələrdə xüsusi əməliyyatlar vasitəsilə səhhəti yaxşılaşa bilən uşaqlar verilməlidir. Bir çox ölkələrdə uşaqların əcnəbilər tərəfindən övladlığa götürülməsilə bağlı qanunvericilikdə ciddi məqamlar vardır. Bu da ondan ibarətdir ki, övladlığa götürmə prosesi ciddi monitoriq sistemindən keçməlidir. Uşaqlar əcnəbilərə verilibsə, xaricdəki Azərbacyan səfirlikləri, müvafiq dövlət orqanları vasitəsilə onların mütəmadi olaraq monitorinqi aparılmalıdır. Xaricdə başqa ölkəyə verilən övladların taleyi daim diqqətdə saxlanılır. Prosesə nəzarət edən müvafiq qurumlar həmin uşaqlar barədə heç olmasa ildə bir dəfə müvafiq orqanlar vasitəsilə uşaqların sağlamlığı, səhhəti, yaşayışı və təhsililə bağlı məlumat verirlər. Amma hesab edirəm ki, belə uşaqlarla bağlı heç olmasa ictimaiyyətin də geniş məlumatı olmalıdır. Bir çox inkişaf etmiş ölkələrdə, ABŞ və Avropada Vyetnam və Afrika dövlətlərindən uşaqları Amerikanın yerli sakinləri övladlığa götürürlər. Bu zaman onlar çalışır ki, həmin uşaqların taleyi o qədər də gizli qalmasın. Onların yeni valideynləri və prosesə nəzarət edən qurumlar övladlığa götürülən uşaqların mütəmadi olaraq milli bayramlarını təşkil edir, adət-ənənələrini qorumağa çalışırlar ki, onlar öz inanclarından uzaq olmasın. Ona görə də düşünürəm ki, bizdə də belə uşaqların taleyilə bağlı ictimai məlumatlandırma da olmalıdır. Əcnəbiyə övladlığa verilən balaca soydaşımız gələcəkdə həmin ölkənin həyatında mühüm rol oynaya bilər və belədə onlar ölkəmizi də təbliğ edə bilər. Bunun üçünsə əcnəbilərə övladlığa verilən uşaqların taleyilə bütün səviyyələrdə ciddi maraqlanmaq gərəkdir".

Sizin Reklam Yeriniz