Əlaqə Arxiv
news Image
2014.02.12
07:11
| A A A
Azərbaycanın böyük enerji oyununda növbəti möhtəşəm gedişi
Ölkə karbohidrogen ehtiyatlarının nəqlində əsas tranzit məkanlardan birinə çevrilir

Hələ 20 il əvvəl "Əsrin müqaviləsi" kimi böyük bir kontraktın ərsəyə gəlməsinə nail olmaqla Azərbaycan böyük enerji oyunlarında nə qədər məharətli bir oyunçu olduğunu meydana qoymuş oldu. Məhz bu müqavilə müasir Azərbaycan reallığının yaranmasında mühüm rol oynamaqla bərabər, dünyanın enerji təhlükəsizliyinin təminində də böyük əhəmiyyətə malikdir.

Azərbaycanın enerji sferasında olduqca uğurlu gedişlər etməyi, xarici tərəfdaşlarla müstəsna əhəmiyyətə malik işbirliyi qura bilməsini göstərən daha bir hal ötən ilin sonlarında "Şahdəniz 2" layihəsi üzrə Bakıda yekun investisiya qərarının imzalanması oldu. "Əsrin müqaviləsi 2" adlandırılan bu möhtəşəm layihə Azərbaycanın Avropada enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolun daha da gücləndirilməsinə gətirib çıxaracaq.

Lakin Azərbaycanın enerji sektorunda dünya üçün xüsusi çəkisi təkcə öz karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarması ilə məhdudlaşmır. Azərbaycan həm də digər məkanlardan enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasında əsas tranzit məkanlardan birinə çevrilir. Məsələn, Orta Asiyadan, konkret Türkmənistan və Qazaxıstandan hasil olan neftin Azərbaycan vasitəsilə də dünya bazarlarına çıxarılması buna konkret nümunə ola bilər. Perspektivdə təbii qaz məsələsində də Azərbaycan əsas tranzit məkanlardan birinə çevrilməyi planlaşdırır. "Transxəzər" layihəsi reallaşdıqdan sonra Azərbaycan Orta Asiya qazının dünya bazarlarına çıxarılmasında əsas tranzit məkanlardan birinə çevriləcək.

Hazırda qeyd edilən səpkidə Azərbaycanın diqqətini cəlb edən ölkələrdən biri də zəngin enerji ehtiyatlarına malik İraqdır. Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İraqda rəsmi səfərdə olub. Cənab Məmmədyarov İraqın baş naziri Nuri əl-Maliki və xarici işlər naziri Xoşyar Zebayri ilə görüşlər keçirib. İraqın baş naziri ilə görüş zamanı ikitərəfli münasibətlərin inkişafı, müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticarət, enerji, təhsil sahələrində əməkdaşlıq perspektivləri, eləcə də iki ölkə arasında hökumətlərarası müştərək komissiyanın fəaliyyəti müzakirə edilib. Nuri Əl-Maliki İraqın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu bildirib. Baş nazir İraqın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edərək, beynəlxalq birlik tərəfindən qəbul edilmiş və tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulmasını təcavüz kimi qiymətləndirib və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməli olduğunu vurğulayıb.

Səfər çərçivəsində E.Məmmədyarov qeyd olunduğu kimi, İraqın xarici işlər naziri X.Zebayri ilə də görüşüb. X.Zebayri ilə görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğu qeyd olunaraq, iqtisadiyyat, enerji, nəqliyyat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə səylərin artırılmasının vacibliyi vurğulanıb. E.Məmmədyarov həmkarına Azərbaycanın iştirakı ilə regionda həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barəsində məlumat verib. Bundan başqa Azərbaycan İraq qazının Avropaya ixracına kömək üçün rəsmi Bağdada Cənub Qaz Dəhlizinə çıxış təklif edib. Elmar Məmmədyarovun sözlərinə görə, İraq rəsmiləri sözügedən enerji layihəsində iştirak etməkdə maraqlı olduqlarını nəzərə çatdırıblar: "Azərbaycan bu məsələ ilə bağlı danışıqlara başlamağa hazırdır".

Nazir vurğulayıb ki, Azərbaycan İraqa öz qazını Avropaya nəql etməkdə kömək göstərməyə hazırdır: "Bu, böyük layihədir və İraq üçün açıqdır. İraq da bu dəhlizlə öz təbii qazını Avropaya ixrac edə bilər. Biz bu məsələ ilə bağlı danışıqlar aparmağa hazırıq". İraq qazının Azərbaycan kəmərləri ilə Qərbə nəqli ölkəmizin enerji sahəsində əhəmiyyətinin daha da artması deməkdir. Bağdad rəsmilərinin bu məsələyə marağı isə Azərbaycanın qeyd olunan istiqamətdə artıq mühüm nəticələrə nail olmaq üzrə olduğunu göstərir.

Onu da xatırladaq ki, 2009-cu ilin mayında Praqada Avropa Birliyinin elan etdiyi Cənub Qaz Dəhlzi layihəsində Xəzər regionundan Avropaya qaz nəql edəcək bir neçə kəmər nəzərdə tutulur. Onlardan biri olan hələlik ideya şəklində olan "Transadriatik" kəməri (TAP) "Şahdəniz 2" layihəsi çərçivəsində reallaşacaq. Bu kəmər Yunanıstan ərazisi ilə Albaniya, Adriatik dənizin altı ilə İtaliyaya çıxmalıdır. Bundan başqa 2018-ci ildə istifadəyə veriləcək TANAP da burada xüsusi əhəmiyyətə malikdir. Bütün bunlar həm də Azərbaycanın böyük enerji oyununda uğurlu gedişlərinin real göstəricisi kimi çıxış edir.

Sizin Reklam Yeriniz