Əlaqə Arxiv
news Image
2014.02.14
07:07
| A A A
BMT Təhlükəsizlik Şurası beşinci Qarabağ qətnaməsi qəbul edəcək?!
Aydın Ağayev: "Məsələ nə qədər çox beynəlxalq müstəvidə müzakirə oluncaqsa, bir o qədər Ermənistanın işi də çətin olacaq"

Beynəlxalq səviyyələrdə görülən işlərə baxmayaraq, Ermənistan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir. Hətta, işğalın nəticəsini aradan qaldırmaq üzrə qəbul olunan müxtəlif qətnamələr də münaqişənin "ölü nöqtə"dən tərpənməsinə stimul verməyib. Buraya BMT Təhlükəsizlik Şurasında qəbul olunan 4 məlum qətnamə də daxildir.

Lakin Ermənistan qoşunlarının işğal olunmuş Azəraycan ərazisindən çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə hələ də kağız üzərində qalmaqda davam edir. Bu qətnamələrin icra edilməsi istiqamətində sözügedən qurumun özü də hansısa bir konkret addıma imza atmayıb. Onlar problemin həllinin ATƏT-in Minsk qrupuna həvalə edildiyini bəhanə gətirərək, bu 4 qətnamənin nədən icra edilmədiyi məsələsində susmağa üstünlük verirlər. Amma bu, o demək deyil ki, Azərbaycan məsələnin "ölü nöqtə"dən tərpənməsi üçün lazım gəldikdə yenidən beynəlxalq qurumlara müraciət etməməlidir. Əksinə, belə fikirlər səslənir ki, hazırda münaqişənin həll olunmadan uzanması fonunda Azərbaycan işğal faktoru ilə bağlı BMT Təhlükəsizlik Şurası çərçivəsində növbəti bir qətnamənin qəbul edilməsinə çalışmalıdır. Aydındır ki, Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi son 24 ildə Azərbaycan üçün böyük fəlakətlərə yol açıb. Bu işğal 1 milyona qədər qaçqın və məcburi köçkünü hələ də ata-baba yurdlarına həsrət qoyub. Azərbaycan işğalın davam etməsilə əlaqədar olaraq yüz milyardlarla dollar ziyana düşüb.

Görəsən, bu əsasda Ermənistanın işğal siyasətinin son 24 ildə daha böyük fəlakətlərə yol açdığını göstərmək üçün Azərbaycan tərəfi BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı 5-ci qətnamənin qəbuluna nail ola bilərmi?

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev qeyd etdi ki, Azərbaycan Ermənistanın ölkəmizə yönəlik işğal siyasətinin böyük fəlakətlərə gətirib çıxardığını dünya ictimaiyyətinə göstərmək istiqamətində həmişə fəal siyasət aparıb: "Ölkəmizə lazım olan odur ki, münaqişə ilə bağlı qəbul olunmuş qətnamələr həyata keçsin. Problemi onda görürəm ki, həmin qətnamələr niyə indiyə kimi həyata keçirilməyib. Bunun səbəblərini də başa düşmək çətin deyil. Fikrimcə, problemin həll olunmaması və qəbul olunan qətnamələrin nədən həyata keçirilməməsi soruşulmalıdır. Bu istiqamətdə Ermənistanı məcbur edəcək hansısa sənədin qəbulu əlbəttə ki, lazım idi. Məsələ ondadır ki, indiyə qədər BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi həmin sənədlərdən başqa digər beynəlxalq qurumlar tərəfindən də maraqlı sənədlər qəbul olunub. Amma gördüyünüz kimi, problem yerində qalmaqda davam edir, həll olunmur. Zənnimcə, yeni bir mexanizm olmalıdır ki, qəbul olunan qətnamələrin həyata keçirilməsi təmin olunsun. Beynəlxalq praktika göstərir ki, bəzi digər münaqişələrə münasibətdə birmənalı surətdə qəbul olunan sənədlər mövcuddur. Amma qəbulundan on illiklər keçən sənədlərin heç biri reallaşmır. Bunun da səbəbi xeyli dərəcədə həmin sənədlərin qəbuluna bu və ya digər şəkildə səs verən böyük güclərin siyasətilə bağlıdır. Azərbaycan işğala məruz qalan dövlət olaraq tələblərini bütün müstəvilərdə edib. Bu tələb qoyulanda da deyilir ki, onunla ATƏT-in Minsk qrupu məşğuldur. ATƏT-in Minsk qrupu hələ on illiklər də bu işlə məşğul olacaq və problem də yerində qalacaq. Bu hal Azərbaycan tərəfi qane edə bilməz. BMT-də bu istiqamətdə növbəti bir qətnamənin qəbuluna təşəbbüs göstərilməsi yenə də həmin güclərin müqavimətilə rastlaşa bilər. Bunu da nəzərə almaq lazımdır. Ermənistan isə işğalçı dövlət olaraq öz zəif yerlərini bilir. Məsələ nə qədər çox beynəlxalq müstəvidə müzakirə olunacaqsa, bir o qədər Ermənistanın işi də çətin olacaq. Çünki onun cavab verməyə yeri yoxdur. Ona görə Ermənistan və onu dəstəkləyənlər çalışacaq ki, münaqişə mümkün qədər mövcud mexanizmlərdən kənar başqa yerlərdə müzakirə olunmasın. Məsələn, Avropa Şurasında belə bir təşəbbüs qaldırılanda müqavimətlə qarşılandı. Sonda da təşəbbüs sanki, nəticəsiz qaldı. Ermənistan və onun arxasında duran qüvvələrin istəyi də budur. Amma hər bir halda Azərbaycan öz haqqı işini davam etdirməlidir".

Sizin Reklam Yeriniz