Əlaqə Arxiv
news Image
2012.06.09
09:09
| A A A
Saxta su və dondurmalar bazarı bürüyüb
Dövlət Məmmədov: “Əsas təhlükəli su 5, 10 və 19 litrlik qablara doldurulan sulardır” Eyyub Hüseynov: “Şəhərdə iki illik yararlıq tarixi olan dondurmalara rast gəlinir”

Havaların istiləşməsilə Azərbaycanda da sərinləşdirici vasitələr olan dondurma və sulara tələbat artır. Ona görə də ilin bu fəslində şəhərdə daha çox dondurma və müxtəlif sular satılır. Amma bu dövrdə eyni zamanda satılan dondurma və sular arasında saxta məhsulların da sayının artdığı müşahidə edilir. Belə su və dondurma məhsulları isə insan həyatı üçün, xüsusən də uşaqlar üçün təhlükəlidir.

Amma nədənsə hər yay sezonu gələndə anoloji təhlükə yenidən ölkəmizdə özünü kəskinliyilə göstərməyə başlayır. Buna nələrin rəvac verdiyini və hansı addımlarla qarşısını almağın mümkünlüyü barədə mütəxəssislərin fikirlərini öyrənməyə çalışdıq.

Su İstehsalçıları İctimai Birliyinin sədri Dövlət Məmmədov bildirdi ki, saxta su və dondurma məhsullarının artması prosesə nəzarətin zəif olmasının nəticəsidir: "Bildiyimiz kimi, yayın yaxınlaşması ilə əlaqədar olaraq suya və dondurmaya tələbat da çoxalır. Tələbat çoxaldıqca isə həmin məhsulların tərkibini yoxlamaqla məşğul olan təşkilatların işi də artır. Bu səbəbdən də onlar heç vaxtı yoxlama prosesini axıra çatdıra bilmir, ümumiyyətlə, yoxlamaq mümkün də deyil. Saxta su və dondurmaların şəhərin küçələrini bürüməsinin əsas səbəbi qismində yerli icra hakimiyyətləri, bələdiyyələr və sahə müvəkkillərinin yarıtmaz işi dayanır. Saxta su və dondurma istehsal edən sexlərin yerləşdiyi yerlər, demək olar ki, hamının gözünün qarşısında olur. Həmin sexlər açılarkən sahibkarlara hərtərəfli yardım edilməlidir fikri ortaya atılır və bu zaman sanitar qaydalara əməl edib-etmədiklərinə elə də nəzarət etmirlər. Halbuki, insanların sağlamlığını əsas gətirməklə birinci növbədə həmin yerlərin sanitar qaydalara uyğunluğuna, su, limonad, kvas buraxmaq üçün sex rəhbərinin texniki vəsaitinin olması amilinə diqqət yetirmək lazımdır. Bu gün rayonlarda, Bakıda içməli su istehsal etmək asan bir işə çevrilib. Bu da ondan irəli gəlir ki, uyğunluq və gigiyenik sertifikatı almaq olduqca asan məsələdir. Yerli həkim və uyğunluq sertifikatı verən qurumlar insanların sağlamlığını fikirləşmədən gigiyenik sertifikatı, demək olar ki, hər tərəfə paylayırlar. Əsas təhlükəli su 5, 10 və 19 litrlik qablara doldurulan sulardır. Həmin su birbaşa krantdan doldurulan sudur. Bu zaman əsas bəla odur ki, su qablarını yumaq üçün sexlərin hər hansı bir texniki avadanlıqları yoxdur. Həmin qablar 50-70 dərəcədə isti su ilə, ardınca da buxarla yuyulmalıdır. Amma belə tədbirlərə əməl edilmir. Prosesə nəzarət edən qurumlara isə müraciət edəndə sahibkarın hüququnu poza bilməyəcəklərini deyir. Sanitar həkimin xüsusi icazə olmadan saxta məhsullar buraxsa da belə, hansısa sexi bağlamaq və oradakı nöqsanların qarşısını almaq hüququ yoxdur. Bu səlahiyyət İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar və İstehlakçıların Hüququnu Müdafiə Komitəsinə verilib. Orada işləyənlər isə sözügedən sahənin işini bilmir. Gigiyena və Epidemologiya Mərkəzi keçən il qərar verdi ki, küçədə kvas, su, pivənin satılması qadağandır. Amma bu işə nəzarət yoxdur. Bazarın əsas bəlası dünyanın hər yerindən çoxsaylı saxta su və dondurmaların gəlməsidir. Bu günə qədər satış mərkəzlərindən heç bir orqan içməli suyun tərkibində nəyin olduğunu müəyyənləşdirmək üçün nümunə olaraq alıb yoxlamayıb".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu qənaətdədir ki, ölkəni saxta su və dondurma məhsullarının bürüməsinin kökünü qanunlarda olan boşluqlarda axtarmaq gərəkdir: "Çünki cəmiyyəti insanlar yox, qanunlar idarə edir. İstehlakçı hüquqlarını qoruyan qanunlar kompleksi və qanunun icrasına cavabdeh olan dövlət orqanlarının koordinasiya olunmuş fəaliyyəti yarıtmaz vəziyyətdədir. Müstəqil ekspertizanın, yeyinti məhsulların təhlükəsizliyi barədə qanunun, geniş istehlakçı şəbəkəsinin, istehlakçının səsinin eşidilmə mexanizminin olmaması da saxta məhsulların çeşidinin artmasına rəvac verən amillərdir. Hazırkı qanunlara görə vaxtı keçmiş mal satışdan çıxarılarkən məhv edilməsi üçün satıcıya təhvil verilir. Lakin məhv edilmir, regionlara göndərilir. Şəhərdə iki illik yararlıq tarixi olan dondurmalara rast gəlinir. Bu isə o deməkdir ki, dondurmanın tərkibi kimyəvi maddələrlə mumyalanıb. Halbuki onların yararlıq müddəti 15 gündən artıq olmamalıdır. Ölkədə ən məşhur brend suların da saxta variantları var. Nəzarət və ayırdedici mexanizminin olmaması üzündən beləcə problemlər yaşanır. İstehlakçı bilməlidir ki, dondurma boğazda acılıq verirsə köhnədir və ya hazırlanmasında marqarindən istifadə olunub".

Sizin Reklam Yeriniz