Əlaqə Arxiv
news Image
2014.02.18
07:14
| A A A
Tehran yenə Xəzərdə gərginlik yaradır
Elşən Manafov: "Xəzərin hüquqi statusu ilə bağlı məsələdə sahilyanı dövlətlərin heç də hamısı yekdil mövqe sərgiləmir" Zəfər Vəliyev: "İranın ölkəmizlə Xəzərin statusu məsələsində ortaq məxrəcə gəlməsi həm Tehran, həm də Bakı üçün olduqca vacibdir"

İran prezidenti Həsən Ruhani Xəzər dənizinin statusu məsələsinə toxunaraq bildirib ki, onun statusunun müəyyən edilməsi üçün sahilyanı ölkələrin əməkdaşlığı güclənməlidir. Lakin belə bir vaxtda İran xarici neft şirkətlərini Xəzərin dərin sularındakı neft-qaz yataqlarına dəvət edib. İranın neft naziri Bijan Namdar Zəngane parlamentin energetika komissiyası qarşısında çıxışı zamanı bu məsələni gündəmə gətirib.

Neft-qaz sektoru araşdırmaları üzrə nüfuzlu hesab edilən "oilprice.com" portalının yazdığına görə, İran naziri bildirib ki, ölkənin Xəzərdəki milli sularında yerləşən kondensat yataqlarını ancaq yeni texnologiyalar cəlb etməklə işlətmək mümkündür. Çünki bu yataqlar dərin sularda yerləşir və İranın onları işlətmək üçün texnologiyası yoxdur.

B.N.Zəngane əlavə edib ki, digər sahilyanı ölkələr İranın öz milli sularında hasilat aparmaq hüququna hörmət etməli və ancaq öz ərazi sularında hasilat aparmalıdır.

"Oilprice.com" qeyd edir ki, İranın neft nazirinin bəyanatında "kiçik" hüquqi maneə var. Belə ki, İran Xəzərin milli sektorlara bölgüsü prinsipini qəbul etmir və bu səbəbdən dənizin hüquqi statusu hələ də qeyri-müəyyən olaraq qalır. Ona görə də İranın "milli sularımız" deyəndə hansı bölgəni nəzərdə tutduğu qeyri-müəyyəndir.

İran Xəzərin 5 sahilyanı ölkə arasında bərabər bölünməsini tələb edir, yəni özünə 20 faiz pay istəyir. Xəzərin bölgüsünün Rusiya, Azərbaycan və Qazaxıstan tərəfindən qəbul edilmiş digər prinsipinə görə isə hər sahilyanı ölkə öz sahil xəttinin uzunluğuna münasib sektora malik olmalıdır. Bu prinsiplə bölgü aparılanda İrana Xəzərin su səthindən və dibindən 12-14 faiz pay düşür.

Lakin hesab edilir ki, İranın xarici şirkətləri Xəzərə dəvət etməsi mübahisəli hesab olunan yataqlarla bağlı Azərbaycanla yeni qarşıdurmaya səbəb ola bilər. Bu səbəbdən ilk olaraq dənizin statusu müəyyən olunmalıdır.

Politoloq Elşən Manafovun fikrincə, hüquqi statusun müəyyənləşməsi məsələsində sahil ölkələrinin əməkdaşlığının güclənməsi mümkündür: "Xəzəryanı dövlət başçılarının 2010-cu ildə Tehranda keçirilən toplantısında da dənizin hüquqi statusu məsələsində yekdil mövqe əldə edilməsə də hər halda xarici işlər nazirləri səviyyəsində danışıqların davam etdirilməsilə bağlı razılıq əldə olundu. Keçən il də bununla bağlı danışıqlar davam etdirilmişdi. Amma təəssüf ki, edilən cəhd və səylərə baxmayaraq, hər halda Xəzərin hüquqi statusu ilə bağlı məsələdə sahilyanı dövlətlərin heç də hamısı yekdil mövqe sərgiləmir. Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeyi üst-üstə düşsə də, İran və Türkmənistan hələ də fərqli mövqe sərgiləməkdədir. Bu fərqli mövqe də ilk öncə Xəzərdəki enerji yataqları ilə bağlı məlum məsələlərdən irəli gəlir.

Həmçinin, İranla Rusiyanın Xəzərə üçüncü dövlətləri buraxmamaqla bağlı mövqeləri də var. İran bəyan edir ki, əməkdaşlıq güclənsə də, Xəzərdə üçüncü dövlətləri təmsil edən hərbi qüvvələr olmamalıdır. Buna baxmayaraq, bütün hallarda tərəflər arasında danışıqlar davam etdirilməlidir".

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev isə qeyd edir: "Xəzərin statusu ilə bağlı sahilyanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsi mümkündür. Artıq bir müddət əvvələ kimi İrana tətbiq olunan embarqo zəifləyib. Tehranın milli neft şirkəti İsveçrədə xarici neft kompaniyalarla onların İrandakı fəaliyyətlərinin yenidən bərpası ilə bağlı ilkin danışıqlar aparıb. Bu danışıqlarda Qərb 6 şirkətlə, o cümlədən "Total", "Statoyl"la təmsil olunub. İranın Qərb şirkətlərilə əməkdaşlığa hazır olması yəqin ki, gələcəkdə Xəzərin hüquqi statusunun müəyyən olunmasına da böyük kömək edəcək. İranla Türkiyə arasında münasibətlər də konstruktiv əməkdaşlıq və strateji tərəfdaşlığa doğru yön almaqdadır. Bu baxımdan regionda geosiyasi vəziyyətin yenidən sabitləşməsinin işartıları görünür. Ona görə də İranın ölkəmizlə Xəzərin statusu məsələsində ortaq məxrəcə gəlməsi həm Tehran, həm də Bakı üçün olduqca vacibdir.

Bundan başqa, yaxın gələcəkdə İran Qərbin neft şirkətlərilə konstruktiv əməkdaşlığa nail olmaqla, Tehran Azərbaycanın Qərbə yönələn ixrac imkanlarından yararlanma imkanı qazanmış olacaq. İran iki il davam edən embarqodan belə bir nəticəyə gəldi ki, həmin sanksiyalar ona böyük itkilər gətirib. Belədə İran Qərbdəki enerji bazarlarının demək olar ki hamısını itirdi və bu bazarlar indi Rusiya tərəfindən zəbt edilib. Bilirsiniz ki, son iki ildə Rusiya əvvəllər İrana məxsus Çin, Yaponiya, Cənubi Koreyadakı enerji bazarlarını zəbt edib. İran yenidən həmin bazarlara can atmaq istyirsə, mütləq yanacaq-enerji siyasətində, eyni zamanda kəmər diplomatiyası məsələsində konstruktiv əməkdaşlığa üstünlük verməlidir. Bu əməkdaşlığın bir ana xəttini də Xəzərin hüquqi statusunun müəyyən olunmasında Azərbaycanla ortaq fikrə gəlməsi təşkil edir. Qazaxıstan, Türkmənistan, Azərbaycan və Gürcüstan hökumətlərarası saziş çərçivəsində əvvəlki iki ölkənin enerji ehtiyatlarının Avropaya nəqli nəzərdə tutulub. Bu onu göstərir ki, həm Qazaxıstan, həm də Türkmənistan nefti Azərbaycan üzərindən Avropa bazarına daşınacaq. Anoloji imkandan İran da istifadə edə bilər. Bu ölkənin neft və qazı həmişə Qərb üçün cəlbedici olub. Ona görə də hesab edirəm ki, İran qısa müddətdən sonra Azərbaycanla Xəzərəin hüquqi statusunun müəyyən olunmasında konstruktiv addım atacaq. Mübahisəli yataqlar isə Azərbaycanın mövqeyinə görə ortaq şəkildə istismar edilməlidir".

Sizin Reklam Yeriniz