05 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə
"Yerli icra hakimiyyəti oraqanları ilə kütləvi informasiya
vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda
konfrans keçirildi. Tədbirdə Qaradağ rayonunun, onun idarə və
təşkilatlarının rəhbərləri, ictimaiyyətin 200-dək nümayəndəsi,
eləcə də respublikanın 40-dək aparıcı kütləvi informasiya
vasitələrinin rəhbərləri iştirak etdilər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirakçıları salamlayaraq konfransın mahiyyəti barədə məlumat verdi.
Fondun icraçı direktoru Vüqar Səfərli çıxışında Fondun 3 illik fəaliyyətindən söz açaraq bildirmişdir ki, ötən müddətdə kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin yaradıcılığının stimullaşdırılmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sosial müdafiəsinin möhkəmləndirilməsinə, habelə beynəlxalq təcrübəni mənimsəmələrinə xidmət edən çoxsaylı layihələr icra edib. Vüqar Səfərli vurğulamışdır ki, Fondun son illərdə həyata keçirdiyi mühüm layihələrdən biri də kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir. O bildirmişdir ki, belə tədbirlər mətbuat nümayəndələri ilə yerli icra strukturlarının əməkdaşları arasında sivil əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verir.
Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov məruzəsində ölkə mətbuatının hazırkı mənzərəsinə
nəzər salmış, habelə bu sahədə mövcud problemlərə toxunmuşdur. 3 il
əvvəl Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılmasını ölkə mediasının problemlərinin həllində və
inkişafında keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirən Əflatun
Amaşov qurumun həyata keçirdiyi layihələrin müstəsna əhəmiyyətindən
söz açıb. Mətbuat Şurasının sədri əmin olduğunu bildirmişdir ki,
Fondun təşəbbüsü ilə Qaradağ İcra Hakimiyyətində keçirilən konfrans
ölkə jurnalistlərinin rayonun ictimai həyatının bütün sahələri üzrə
obyektiv informasiya almaq imkanlarını genişləndirəcəkdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin
başçısı Süleyman Mikayılov öz növbəsində Fondun təşəbbüsü ilə
keçirilən konfransın məmurlarla jurnalistlər arasında qarşılıqlı
etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi
baxımından müstəsna əhəmiyyətini xüsusi qeyd etmişdir. O vurğulayıb
ki, rəhbərlik etdiyi rayon ölkədəki dinamik sosial-iqtisadi inkişaf
və abadlıq-quruculuq işlərini öz nümunəsində qabarıq şəkildə əks
etdirir. İcra başçısı Qaradağ rayonunun 11 qəsəbəsində mühüm sosial
infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayıb.
Süleyman Mikayılov eyni zamanda, hazırda Qaradağ rayonunda ölkə
əhəmiyyətli Beynəlxalq Dəniz Limanının, Gəmiqayırma zavodunun, yeni
sement zavodunun inşa olunduğunu, yolların əsaslı təmir edildiyini,
işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qaldırıldığını
tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Rayonda müəyyən
problemlərin də mövcudluğunu səmimi qeyd edən icra başçısı ölkə
jurnalistlərini bu problemlərin işıqlandırılması zamanı obyektiv və
qərəzsiz olmağa, həqiqəti yazmağa çağırmışdır.
Daha sonra dialoq və diskussiya
şəraitində davam edən tədbirdə qarşılıqlı maraq doğuran məsələlərə
aydinlıq gətirilmişdir. Konfrans iştirakçıları da icra strukturları
ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı
əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından belə
tədbirlərin əhəmiyyətini vurğulamışlar. Konfransda, eyni zamanda,
kütləvi informasiya vasitələri ilə yerli icra strukturları arasında
əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı konkret təkliflər
irəli sürülmüşdür.
Fondun icraçı direktoru Vüqar
Səfərli Fondun Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə razılıq
əsasında "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: mövcud
vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları
müsabiqəsi keçirəcəyini bəyan etmişdir. Eyni zamanda, belə bir
konfransın keçirilməsinə verdiyi dəstəyə görə Qaradağ Rayon İcra
Hakimiyyətinin rəhbərliyinə, o cümlədən rayon ictimaiyyətinin
nümayəndələrinə minnətdarlığını bildirmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov sonda tədbirin jurnalistlərlə icra strukturları əməkdaşları arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini bir daha önə çəkərək faydalı təşəbbüsə görə Fondun icraçı direktoruna və aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinə təşəkkürünü bildirib.
Tural QABİLOĞLU