Əlaqə Arxiv
news Image
2014.02.27
07:29
| A A A
Hakimiyyət dəyişikliyi növbəsi Ermənistana çatır
Elşən Manafov: "Ermənistan iqtidarı mövcud şəraitdə xalqla ciddi qarşıdurmaya getməkdən də çəkinməyəcək" Elxan Şahinoğlu: "Nəsə baş verə bilər, amma bu sırf Ukraynadakı proseslə əlaqədar olmaya da bilər"

Ukraynadan sonra ABŞ-ın hədəfində Moldova və Ermənistan dayanır. Belə bir açıqlama ilə rus politoloq Aleksey Martınov çıxış edib. Erməni politoloq Sergey Minasyan Ukraynada hadisələrdən sonra Rusiyanın Ermənistanın Gömrük Şurasına üzvlük prosesini sürətləndirməyə çalışacağını güman etmir.

"Lragir" qəzeti yazır ki, Qırğızıstan indiyə kimi Gömrük İttifaqına üzvlüyü ilə bağlı "Yol xəritəsi"ni imzalamayıb. "Lragir" Ukrayna hadisələrindən sonra rəsmi Bişkekin artıq buna məcbur olmadığını, bununla da Ermənistanın Moskva qarşısında tək qaldığını bildirir: "Ukrayna yəqin ki, çox tezliklə Avropa İttifaqı ilə assosiasiya haqqında müqaviləni imzalayacaq. İrəvan tək qalacaq və Putin Ermənistanı kiçik, amma əhəmiyyətli qənimət kimi təqdim etməyə çalışacaq. Ermənistanın Gömrük İttifaqına sürətli hərəkəti intihar cəhdi kimi görünür. Gömrük Şurası ölkələrində iqtisadi enmənin davam etməsi və Avropa İttifaqının Rusiya qarşısında "Üçüncü enerji paketi" kimi bir əngəli qoyması onu göstərir ki, hazırda Gömrük Şurasına getmək yalnız mənasız deyil, həm də təhlükəlidir".

Qərb isə Ukraynadakı hadisələrlə göstərdi ki, Rusiyanın təsir dairəsini genişləndirmək cəhdlərilə barışan deyil və bu olaylara seyrçi mövqedə qalmayacaq. Məhz bu mənada da son zamanlar Ukraynadan sonra rusiyapərəst Ermənistanda da, Moskvanın Gömrük İttifaqını genişləndirmək cəhdlərinin qarşısını almaq üçün hakimiyyət çevrilişinin ola biləcəyinə dair fikirlər səslənməyə başlayıb. Qeyd edək ki, hazırda Ermənistan iqtisadi cəhətdən ağır bir durumdadır. Bu ölkədə işsizlərin sayı durmadan artır. Buna müvafiq olaraq Ermənistanı tərk edərək xaricə üz tutanların sayında da artımlar gözə çarpır. Belədə, ölkə daxilində Ermənistan hakimiyyətinə münasibətdə ciddi narazılıqlar yaranıb.

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz politoloq Elşən Manafov yaxın perspektivdə Ukraynanın ardınca Ermənistanda da hakimiyyət çevrilişi ola biləcəyini istisna edir: "Rusiyanın Gömrük İttifaqı ideyasının qarşısını almaq üçün Ukraynadan sonra Ermənistanda hakimiyyət çevrilişinin ola biləcəyini müəyyənləşdirmək üçün adları çəkilən birinci ilə ikinci ölkəni müqayisə etmək lazımdır. Ukraynada baş verən hadisələrin arxasında təbii ki, geosiyasi faktor vardı. Eyni zamanda, milli və sosial faktorlar da olmamış deyil. Hər halda Qərbin maliyyə dəstəyi şəraitində üsyan etmiş xalqın Yanukoviç hakimiyyətindən narazılığı üçün kifayət qədər əsaslar var idi. Ermənistanda da bu kimi motivlər var. Buradakı sosial-iqtisadi durum erməni xalqını ciddi çəkildə narahat edir. Amma Ermənistan müxalifəti də əsasən rusiyameylli olması ilə seçilir. Lakin o da nəzərə alınmalıdır ki, Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Rusiya da başa düşür ki, Ermənistan onun təsir dairəsindən çıxsa, Moskva bütünlüklə Cənubi Qafqazı itirəcək. Cənubi Qafqazın itirilməsi isə Rusiyanın Yaxın və Orta Şərqə gedən yollarının itirilməsi demək olacaq və onun buradakı maraqlarına ciddi zərbə dəyəcək. Bu səbəbdən güman edirəm ki, Qərb Ukrayna hadisələrilə bağlı Rusiyanın özü ilə müəyyən sövdələşmələrə gedə bilər. Hərçənd, Putin də Soçidəki olimpiya oyunlarının sakit tərzdə başa çatmasını gözləyirdi. Bu mənada, güman edirəm ki, Rusiyanın əks gedişlər üçün hələ kifayət qədər imkanları var. Yaxın perspektivdə Ukraynanın parçalanması ilə bağlı hadisələri də izləyə bilərik. Bu mənada Rusiyanın ciddi qarşıdurma olmadan Ukraynanı Qərbə güzəştə gedəcəyini güman etmirəm. Eyni motiv və sosial şərait Ermənistanda da mövcuddur. Burada da hakimiyyətin siyasətindən ciddi narazılıqlar hökm sürür. Sadəcə olaraq Ermənistan iqtidarı Yanukoviç hakimiyyətindən fərqli olaraq mövcud şəraitdə xalqla ciddi qarşıdurmaya getməkdən də çəkinməyəcək. Hər halda yaxın perspektivdə güman etmirəm ki, Ukraynada yaşanan eyni hadisələri Ermənistanda da müşahidə edəcəyik. Çünki Rusiyanın artıq geri çəkilməyə yeri də yoxdur. Onun Ermənistandan çıxması tam mənada Rusiyanın Cənubi Qafqaz üzərində indiki nəzarət imkanlarının itirilməsi demək olacaq. Perspektivdə Ermənistanda belə hadisə bir neçə il sonra baş verə bilər".

Politoloq Elxan Şahinoğlu məsələyə birmənalı münasibət bildirməyin çətin olduğunu söylədi: "Ukraynada baş verən son hadisələrdən sonra anoloji olayların bu və ya başqa ölkələrdə təkrarlana biləcəyinə dair müxtəlif proqnozlar səslənməkdədir. Hətta, bir çoxları həmin hadisələrin Ermənistanda da təkrarlana biləcəyini söyləyir. Amma bunu proqnozlaşdırmaq çətindir. Həmin olayların hansı ölkədə təkrarlana biləcəyini birbaşa demək çətindir. Ermənistan da bir ara Ukrayna kimi çətin seçim qarşısında qalmışdı. Onlar Avropa Birliyini deyil, Rusiyanı seçdi. Amma bu seçimə etiraz olaraq Ermənistan əhalisi kütləvi olaraq meydanlara axışmadı. Sadəcə, bəzi kiçik miqyaslı etirazlar oldu və o dağıdıldı. Buna qarşı ciddi reaksiyalar da olmadı. Ukraynada isə əksinə, ciddi reaksiyalarla rastlaşdıq. Bu səbəbdən Ukraynanın ardınca Ermənistanda da hakimiyyət dəyişikliyinin baş verəcəyini birmənalı söyləmək çətindir. Nəsə baş verə bilər, amma bu sırf Ukraynadakı proseslə əlaqədar olmaya da bilər".

Sizin Reklam Yeriniz