Əlaqə Arxiv
news Image
2014.02.27
07:32
| A A A
Zəlzələlər yenidən intensivləşir
Azərbaycanın da yerləşdiyi regionda yeraltı təkanlar səngimir

Fevralın 10-da ölkə ərazisində baş verən zəlzələnin xofu hələ də tam sovuşmayıb. Düzdür, mütəxəssislər narahatçılıq üçün heç bir əsas olmadığını bildirirlər. Lakin elə təkcə son bir həftə ərzində Azərbaycanın da olduğu bölgədə zəlzələlərin yenidən intensivləşməsi ciddi narahatlıq predmeti olaraq qalır.

Xatırladaq ki, fevralın 19-da Türkiyənin Van vilayətində 4,6 bal gücündə zəlzələ baş verib. Boğaziçi Universiteti yanında Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatına əsasən, yerli vaxtla saat 23:51-də, yerin 5 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentri Akçift kəndində olub. Yeraltı təkanlar təşvişə səbəb olub.

Bundan 4 gün sonra isə Xəzərdə zəlzələ olub. Maqnitudası 3 bal olan, 55 km dərinlikdə baş verib. Elə həmin gün İranın cənub-şərqində Kirman əyalətinin Fəryab rayonunda 4 bal gücündə zəlzələ baş verib. Tehran universitetinin Geofizika İnstitutu yanındakı seysmoloji mərkəzin məlumatına əsasən, zəlzələ səkkiz kilometr dərinlikdə baş verib. Onu da xatırladaq ki, İran dünyada ən fəal seysmik zonalarından birində yerləşir. Onun ərazisində bir neçə iri tektonik çat var ki, bu da ölkə ərazisinin ən azı 90 faizini təşkil edir. Bu səbəbdən İranda tez-tez zəlzələlər baş verir və əksər hallarda kifayət qədər dağıdıcı olur.

Fevralın 24-də də İranda Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhər ərazisində qeydə alınıb. Tehran Universitetinin Geofizika İnstitutu yanındakı seysmoloji mərkəzin məlumatına əsasən, zəlzələ altı kilometr dərinlikdə baş verib. İkinci zəlzələ Kirman əyalətinin cənubunda yerləşən Fəryab şəhərində baş verib. Zəlzələnin gücü Rixter cədvəli ilə 3.6 balla qiymətləndirilir. Budəfəki zəlzələ 13 kilometr dərinlikdə baş verib. Fevralın 26-da Azərbaycanın Qəbələ rayonunda zəlzələ qeydə alınıb.

Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumatda deyilir ki, yerli vaxtla saat 11:29-da Qəbələdən 10 km şimal-şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub. Tikintilərdə dağıntı qeydə alınmayıb. Beləliklə, təkcə son bir həftənin məlumatları Azərbaycanın da yerləşdiyi regionun zəlzələlər baxımından xeyli fəal olduğunu göstərir. Cəmiyyətdə isə bu fonda narahatlığa yol açan məsələ dacıdıcı təsirə malik ola biləcək zəlzələlərin baş verə biləcəyi ilə əlaqədardır.

Yeri gəlmişkən, bu yaxınlarda ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun (MIT) alimləri proqnoz veriblər ki, Bakıda və Şamaxıda güclü zəlzələ olacaq. Amerikalı alimlər Bakıda zəlzələ baş verəcəyi təqdirdə bunun regionun vəziyyətinə təsir etmə imkanında olacağını iddia etmişdilər. Rusiyanın Dövlət Hidrometeorologiya Universitetinin alimi Viktor Bokovun proqnozlarına görə, yaxın vaxtlarda Azərbaycanda zəlzələ yenidən təkrar olunacaq. Bu fonda xatırladaq ki, fevralın 10-da Hacıqabul yaxınlığında baş vermiş 5,8 maqnitudalı zəlzələ olub. Lakin Azərbaycan seysmoloqları narahatlığa əsas görmürlər. O da xüsusi olaraq vurğulanır ki, dünyanın heç yerində zəlzələni dəqiq proqnozlaşdırmaq mümkün deyil. Mütəxəssislər hesab edir ki, zəlzələdən öncə gərginlik zonalarını, seysmik bağlılığı və aktiv qırılmanı müəyyən etmək olur, lakin zəlzələnin vaxtını və tam dəqiq yerini müəyyən etmək mümkünsüz sayılır.

Xatırladaq ki, bir neçə gün əvvəl də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumatda vurğulanırdı ki, dünyanın heç bir yerində zəlzələnin proqnozu olmadığı kimi, heç kim baş verəcək hər hansı təkanın gücü barədə də əvvəlcədən heç nə deyə bilməz. Bu cür fikirlərin səsləndirilməsi isə qeyri-ciddi xarakter daşıyır və elmi əsası yoxdur. Onu da bildirək ki, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu "Azərbaycanın geoekoloji xəritəsi"ni tərtib edib. Xəritədə geoloji mühitin texnogen təsir nəticəsində məruz qaldığı dəyişikliklər, zəlzələ ocaqları, palçıq vulkanları, sürüşmələr, torpaq çökmələri, sellər, şoranlaşmalar, eroziya və digər proseslər əks olunur.

Burada ekzogen geoloji proseslərin intensiv inkişaf etdiyi ərazilərin sərhədlənməsi, ölkə ərazisinin içməyə yararlı yeraltı sularla təminatlılıq dərəcəsinə görə rayonlaşdırılması, həmçinin ekoloji əhəmiyyətli, ekoloji təhlükəli obyektlər, karbohidrogen və yeraltı su yataqları da yer alıb. Xəritədə, həmçinin dib çöküntüləri və torpaq qatının çirklənməsi, texnogen təsir altında geoloji gərgin proseslərin aktivləşmə meylləri, digər amillər və proseslər haqqında da əhatəli məlumat verilir.

Sizin Reklam Yeriniz