Əlaqə Arxiv
news Image
2014.02.28
10:01
| A A A
Qarabağ danışıqlarını müharibə əvəz edir?!
Aydın Mirzəzadə: “Bu gün hər iki variant - həm danışıqlar, həm də hərb yolu paralel surətdə gedir” Elman Nəsirli: “İstənilən halda danışıqların hərbi fazaya keçməsi ehtimalı var”

Dağlıq Qarabağ münqişəsinin hərb yolu ilə həlli alternativ variant kimi saxlanılsa da, hazırda Azərbaycan konfliktin sülh yolu ilə çözümündə maraqlıdır. Ancaq artıq uzun illərdir aparılan danışıqların nə vaxta qədər davam edəcəyi də gündəm mövzularından biridir. Xüsusi ilə də son aylar cəbhədə Ermənistan tərəfindən atəşkəsin intensiv pozulması müqaşənin danışıqlar müstəvisindən çıxa bilmə riskini artırıb.

Sülh variantının ömrünün nə qədər olacağı isə çox çətin proqnoz kimi görünür. Siyasilərin fikrincə, danışıqlar variantından uzaqlaşmaq konkret tərəflərdən yox, dünya siyasi arenasındakı mövcud vəziyyətdən asılıdır.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadənin fikrincə, buna proqnoz vermək çox çətindir: "Yəni, hər bir problemin həllində həll mexanizmi unikal olur. Dünyada heç bir halda problemlərin həllinə eyni bir metodla axıra qədər getdikdə son nəticəni almaq olmur. O ki qaldı işğal edilmiş torpaqlardan qoşunların çıxarılması, danışıqların nə qədər davam etməsinə, bu, mövcud vəziyyətdən, ona təsir edən amillərin nə dərəcədə yetişməsindən asılıdır. Məsələ ancaq Ermənistanın mövqeyindən asılı olsaydı, Azərbaycan çoxdan bu problemi həll edərdi. Həm danışıq, həm də hərb yolu ilə. İnanmıram ki, Ermənistan indiyə qədər belə dirəniş göstərə bilsin. Təəssüf ki, Ermənistana xaricdən dəstəyin olması, Ermənistanı hakimiyyətindən daha çox kənardan diaspor qüvvələrinin, ona dəstək verən dövlətlərin, müəyyən siyasi dairələrin idarə etməsi bu vəziyyətə gətirib çıxarıb. Amma Azərbaycan vəziyyətə görə hərəkət edir. Hansı vəziyyətdə Azərbaycanın maraqlarına nə cavab verirsə, problemin həllinə Azərbaycanı nə daha çox yaxınlaşdırırsa, Azərbaycan ona doğru hərəkət edir. Bu gün hər iki variant - həm danışıqlar, həm də hərb yolu gündəmdədir. Hər ikisi paralel surətdə gedir. Hansının üstünlük təşkil edəcəyi, hansının problemin həllinə tez aparacağını isə zaman göstərəcək".

Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirliyə görə də danışıqların hansı vaxta qədər davam edəcəyinə proqnoz vermək çətindir: "Bu problemlə bağlı ölkə Prezidenti belə bir mövqeyi sərgiləyir ki, münaqişənin həllinin iki yolu var: Bu, ya danışıqlar, ya da hərbi yoludur". Prezident qeyd edir ki, biz danışıqlar yoluna sadiqik: "Amma, eyni zamanda əmin olsaq ki, danışıqlar heç bir nəticə vermir və Ermənistan danışıqları yalnız danışıqlar naminə aparırsa, biz istənilən halda danışıqları kəsib, münaqişənin digər yolla həlli hüququnu özümüzdə saxlayırıq". Yəni, göründüyü kimi, konkret müddət qeyd olunmur. Amma bu, həm də o anlama gəlir ki, danışıqların dayandırılması istənilən vaxt ola bilər. Yəni, bunun üçün yaxın, orta və uzaq perspektiv kimi ifadələr işlətmək yerinə düşümür. Bu iş ölkə Prezidentinin səlahiyyətində olan bir məsələdir. Danışıqlar məxfidir, detalları açıqlanmır. Açıqlanan hissə "dəryada damla" məsələsidir. Danışıqların bütün mahiyyəti, incəlikləri haqqında geniş ictimaiyyətə məlumat verilmir. Danışıqlar ancaq Prezident və xarici işlər nazirləri səviyyəsində aparılır. Belə olan təqdirdə xüsusi ilə dövlət başçısı qəti qərara gələ bilər ki, artıq danışıqların aparılmasının heç bir əhəmiyyəti yoxdur. Məsələn, ABŞ-ın çox nüfuzlu mərkəzinin ekspertləri Dağlıq Qarabağ münaqişəsini zaman baxımından Yaxın Şərqdəki Fələstin-İsrail münaqişəsi ilə müqayisə ediblər. Bu da çox pessimist proqnozdur. Çünki Fələstin-İsrail münqaişəsi 60 ildən artıqdır davam edir. Bu yanaşama çox nikbin olmayan bir ovqat formalaşdırır. Eyni zamanda da, danışıqların və münaqişənin nə qədər mürəkkəb olduğunu bir daha təsdiqləyir. Ona görə də zaman məsələsində konkret vaxt demək mümkün deyil. Bu, dondurulmamış münaqişədir. İstənilən halda danışıqların hərbi fazaya keçməsi ehtimalı var. Xüsusi ilə də bu ilin 20 yanvar tarixindən başlayaraq Ermənistan tərəfi atəşkəs rejimini ciddi şəkildə pozur. Kim təminat verir bilər ki, bu reallıqlar fonunda hərbi əməliyyatlar başlamaya bilər? ".

Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da bu günlərdə bildirib ki, Azərbaycan müharibə tərəfdarı olmasa da, istənilən vaxt torpaqlarını azad etmək üçün müharibə etməyə hazırdır: "Ermənistan 20 ildən artıqdır ki, torpaqlarımızı işğal edib. Gec-tez işğal olunmuş torpaqlarımızı azad edəcəyik. Artıq Azərbaycan ordusu güclənir. Biz hər vaxt müharibəyə hazırıq. Ermənistan qeyri-konstruktivliyini davam etdirərsə, Azərbaycan 100 il əvvəl ermənilərin işğal etdiyi torpaqları da azad edəcək. Biz heç nədən qorxmuruq. Sadəcə, qan tökülməsinin tərəfdarı deyilik. İstəyirik ki, regionda sülh və əmin-amanlıq olsun".

Sizin Reklam Yeriniz