Əlaqə Arxiv
news Image
2014.03.08
07:45
| A A A
Beynəlxalq hüquqda beynəlxalq böhran
Qabil Hüseynli: "BMT-nin təkmilləşdirilməsinə ehtiyac var, beynəlxalq normaları pozan ölkələr dərhal oradan çıxarılmalıdır" Elman Nəsirli: "Beynəlxalq hüququ işlək vəziyyətə gətirən dövlətlər özləri bu və ya digər situasiyada həmin hüququ pozmaqla, ondan istədikləri kimi bəhrələnir"

Ukraynada cərəyan edən hadisələr bir daha onu göstərdi ki, beynəlxalq hüquq normaları lazımınca işləmir. Böyük dövlətlər özləri üçün lazım gələndə bu hüququ çox asanlıqla pozurlar. Şimal qonşumuz Rusiya da həmin ümumbəşəri prinsipləri ayaq altına atdığındandır ki, başqa bir dövlətin ərazisini işğal edir. Halbuki, BMT tərəfindən, o cümlədən burada aparıcı rola malik Rusiyanın özü tərəfindən də Ukraynanın ərazi bütövlüyü tanınıb.

İndi isə buna məhəl qoyulmur, Rusiya Ukrayannın ərazi bütövlüyünü pozur, beynəlxalq hüqqu ayaq alıtna alır. Qeyd edək ki, Azərbaycan da uzun illərdir beynəlxalq hüquq normalarının işləməməsindən əziyyət çəkir. Belə ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamə bu günə qədər icra olunmayaraq kağız üzərində qalır. Baş verənləri şərh edən politoloq Qabil Hüseynli BMT-nin təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətindədir: "Belə görünür ki, hazırkı situasiyada Rusiya qolu zorluluqla, müxtəlif təxribatlarla həm Krım əhalisini, həm də Şərqi Ukraynanın bir sıra iri şəhərlərini ayağa qaldırmağa və onları Ukraynanın tərkibindən çıxmağa doğru yönəldir. Bu isə tamamilə beynəlxalq hüquq normalarına ziddir. Belə vəziyyətin yaranması onu göstərir ki, beynəlxalq hüquq normaları işləmir. Ona görə də düşünürəm ki, Birləşmiş Millətlər Təşkilatının təkmilləşdirilməsinə ciddi ehtiyac vardır. Beynəlxalq normaları pozan ölkələr dərhal BMT-dən çıxarılmalıdır. Ya da BMT belə ölkələrə qarşı əsgəri qüvvələrin tətbiqi də nəzərə alınmaqla, kəskin sanksiyalar tətbiq etməlidir. Rusiya bildiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının üzvüdür və burada veto hüququna malikdir. Hazırda belə görünür, Qərb ölkələri Rusiyanı "G-8"dən çıxarmaq istəyir. Həmin ölkəni son hərəkətlərinə görə, Təhlükəsizlik Şurasından da çıxarmaq lazımdır. Çünki burada olmaqla Rusiya beynəlxalq hüquq prinsiplərinin qorunmasına deyil, əksinə, ondan öz marağının təmini naminə dəyənək kimi istifadə edir. Bir sözlə, son olaylar göstərir ki, beynəlxalq hüquq normalarının, bu hüquqa nəzarət edən qurumların işinin təkmilləşdirilməsinə böyük ehtiyac yaranıb".

Politoloq Elman Nəsirli isə məsələ ilə bağlı sualımızı diplomatik tərzdə cavablandırmağa üstünlük verdi: "Bugünkü dünyanın reallığı ondan ibarətdir ki, hüququn gücü deyil, gücün hüququ işləyir. Güclər öz yalanlarını həqiqət kimi təqdim edə bilir, eyni zamanda, bunu təlqin və diqtə etməyə çalışırlar. Krım ətrafındakı və Rusiya-Ukrayna münasibətlərindəki son vəziyyət də bu reallığı növbəti dəfə təsdiqlədi. Məsələ ondadır ki, Ukraynadakı məlum hadisələr fonunda Rusiya özünün iddialarını Krımla bağlı olaraq irəli sürdü. Orada yaşayan rusdilli əhalinin təhlükəsizliyi məsələsini qabardaraq Krımın Rusiyaya birləşdirilməsilə bağlı proseslərə start verdi. Krım parlamenti də artıq Rusiyaya birləşməklə bağlı qərar qəbul edib. Martın 16-da bununla bağlı referendum keçirəcəklər. Bu amil bir daha onu təsdiqləyir ki, əslində, Rusiya Krımda güc faktorundan istifadə edərək özünün ərazi ilə bağlı iddialarını reallaşdırır. Buna Qərbin reaksiyası da bəllidir. Qərb Rusiyanın bu hərəkətlərini qeyri-legitim hesab edir. Amma hələ ki, onun qarşısını almaq üçün uzağa gedən addımlar da ata bilməyiblər. İndiki reallığa qiymət versək, düşünürəm ki, Rusiya ilə Qərb arasında müəyyən kompromis əldə olunacaq. Ona görə, Ukrayna dövlətinin Krım olmadan Avropa İttifaqı və NATO-ya inteqrasiyası sürətlənəcək. Əvəzində Rusiya bu reallıqla barışacaq, amma Krımı ələ keçirmək niyyətini də reallaşdıracaq. Düzdür, Qərb bunu qəbul etməyəcək, amma onlar Cənubi Osetiya ilə Abxaziya məsələsində də eyni mövqe sərgiləmişdilər. Lakin Rusiya hələ də bu bölgələri nəzarətində saxlamaqda davam edir və bir sıra ölkələrin də həmin əraziləri tanımasına nail olub. Beynəlxalq hüquq prinsiplərinə gəldikdə, bunu sanki böyük dövlətlər müəyyən edib. Onlar da ondan istədikləri kimi yararlanırlar. Məsələn, ABŞ 78 gün ərzində Yuqoslaviyanı bombaladı. Amma bununla bağlı BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsi olmamışdı. Belədə həmin illərdə beynəlxaq hüquq ciddi zərbəyə tuş gəldi. 2003-cü ildə yenə də BMT qətnaməsi olmadan ABŞ və müttəfiqləri İraqı bombaladı. Hətta, Corc Buş öz fikirlərilə BMT-ni debatlar üçün klub olması səviyyəsinə endirdi. Rusiyaya gəldikdə, yenə də BMT-nin heç bir qətnaməsi olmadan Gürcüstana hücum edərək, onun ərazisinin bir hissəsini hələ də əlində saxlayır. Bu günlərdə Ukraynaya, xüsusən Krıma münasibətdə də Rusiyanın addımları eyni ssenarini xatırladır. Bütün bunlar göstərir ki, beynəlxalq hüququ işlək vəziyyətə gətirən dövlətlər özləri bu və ya digər situasiyada həmin hüququ pozmaqla ondan istədikləri kimi bəhrələnirlər. Dağlıq Qarabağ münaqişəsilə bağlı 21 ildir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul olunub. Lakin hələ də icra olunmur. Bunun müqabilində Liviya ilə bağlı verilən qərardan iki saat keçməmiş NATO həmin ölkəyə qarşı əməliyyata başladı. Bu da ondan xəbər verir ki, böyük dövlətlər istəklərindən asılı olaraq beynəlxalq hüquq normalarına öz bildikləri tərzdə yanaşırlar".

Sizin Reklam Yeriniz