Əlaqə Arxiv
news Image
2014.03.12
08:40
| A A A
Kvadratmetri 50 manata mənzil almaq olar
Vüqar Bayramov: "Dövlət büdcəsindən ildə 300 milyon manat vəsaitin ayrılması gənclərin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradar" Nüsrət İbrahimov: "Kifayət qədər güzəştlər olmalıdır ki, sosial mənzil bazarı sektoru işə düşsün"

Azərbaycanda, xüsusən də Bakıda mənzillərin qiymətinin həddən artıq yüksək olması və getdikcə yüksəlməsi aztəminatlı ailələrin mənzil sahibi olmaq şanslarını bir qədər də azaldır. Bu fonda artıq xeyli müddətdir ki, Azərbaycanda sosial mənzillərin inşa edilərək ucuz qiymətə və aşağı kredit faizi ilə aztəminatlı ailələrə verilməsi məsələsi gündəmdədir. Amma nədənsə məsələ hələ də gündəmdən real müstəviyə keçməyib.

Halbuki, sosial mənzillərin tikilməsi həm mənzilə ehtiyacı olan aztəminatlı insanların bu probleminin həllinə, həm də bazarda evlərin qiymətinin düşməsinə gətirib çıxara bilər.

Xatırladaq ki, bir sıra xarici ölkələrdə sosial mənzil təcrübəsindən geniş surətdə yararlanırlar. Xaricdə sosial mənzil tikintisinə stimul yaratmaq üçün geniş yayılan praktikadan biri də könüllü şəkildə belə evlər tikən şirkətlərə dövlət tərəfindən güzəştlərin verilməsidir. Məhz belə güzəştlər şirkətləri həmin işə daha həvəslə qoşulmağa meylləndirir. Maraqlıdır, bu təcrübənin ölkəmizdə tətbüqi mümkündürmü?

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov öncə qeyd etdi ki, Azərbaycanın sosial mənzil fondunun yaradılması üçün maliyyə imkanları qonşu ölkələrə baxanda daha yüksəkdir. Sosial mənzil inşasının hələlik ölkəmizdə mümkün olmamasının səbəbini isə həmsöhbətimiz sahibkarın indilikdə prosesdə maraqlı görünməməsində axtarmağı lazım bildi: "Bu, praktiki olaraq dövlət büdcəsi üçün heç bir çətinlik yaratmaz. Dövlət büdcəsindən ildə 300 milyon manat vəsaitin ayrılması gənclərin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradar. Bu vəsait həmçinin, mənzil bazarının rentabelliyinin qorunması baxımından təhlükəsizdir. Belə mənzillərin kvadratmetrinin 200 manata başa gələcəyi proqnozlaşdırılır. Əgər sovet illərindəki kimi yığcam, yəni təxminən 50 kvadratmetrlik mənzillər inşa edilərsə, bu, ildə 30 min yeni mənzil deməkdir. Bir mənzil 10 min manata başa gələr ki, sıfır faizlə 20 ilə verilən 50 kvadratlıq mənzil üçün ailə ayda maksimum 45-50 manat ödəməli olar. Dövlət Sosial Mənzil Fondu üçün yeri pulsuz ayrır, tikinti şirkətlərini isə tender əsasında seçir. Bu məsələnin daha dörd əlverişli tərəfi də var. Birincisi, indi əsasən neft gəlirlərindən xərclənən vəsaitlər 20 il ərzində dövlət büdcəsinə qayıdacaq və bu, indiki yüksək gəlirlərdən gələcək nəsillərin də istifadə etməsinə imkan yaradacaq. İkincisi, mənzil bazarında qiymət artımlarının qarşısı alınır. Bu da hətta, sosial mənzil fondundan istifadəyə etməyənlərə də əlverişli qiymətlər ilə mənzil almaq imkanı verir. Üçüncüsü, bu, aztəminatlı ailələri yüksək kirayə haqqları ödəməkdən azad edəcək, eyni zamanda kirayə bazarında qiymətləri stabilləşdirəcək. Həmçinin, dövlət sifarişləri əsasında mənzil tikintisi regionların proporsional inkişafını təmin edə bilər. Çünki belə fondlar sadəcə paytaxtda deyil, eləcə də regionlarda da formalaşdırılacaq.İndi məsələ sadəcə tətbiqi mexanizmlərinin formalaşdırmaq və fondun yaradılmasına başlamaqdır. Amma sosial mənzil inşasının indilikdə baş tutmaması sahibkarların prosesdə maraqlı olmaması ilə bağlıdır. İş adamının bu prosesdə maraqlı olması üçün də ona sosial mənzil tikərkən müəyyən güzəştlər verilməlidir. Bu güzəştlər də birinci növbədə özünü vergilərin azaldılmasında göstərməlidir".

"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimov da bu qənaətdədir ki, sözügüdən təcrübənin Azərbaycanda reallaşması üçün iş adamlarına güzəştlərin edilməsi vacibdir: "Ölkəmizdə sosial mənzillərin tikintisi məsələsi ona görə mümkün olmur ki, bunun üçün münbit şərait yoxdur. Bazarda münbit şərait yaradılmalıdır ki, bu sektor da inkişaf etsin. Bu gün hansı iş adamı bahalı qiymətə satılan torpağı alıb onun üzərində maya dəyəri yüksək olan yaşayış sahəsi tikərək sonradan onu ucuz qiymətə mənzilə ehtiyacı olanlara satar? İndiki halda heç bir sahibkar buna girişməz. Münbit şərait olduqda isə başqa məsələ. Onda prosesdə iş adamları geniş şəkildə maraqlı olacaq. Münbit şərait dedikdə isə sosial mənzil inşa edəcək iş adamlarına güzəştlərin verilməsi nəzərdə tutulur. Xarici ölkələrdə iş adamlarını prosesə məhz güzəştlərin verilməsi yolu ilə cəlb edə biliblər. Ölkəmizdə də bu prosesə qoşulan iş adamlarına vergilərdə müəyyən güzəştlər edilməli, torpaq sahəsi ilkin mərhələdə pulsuz verilməlidir, digər xərclərdən azad olmalıdırlar. Yəni, kifayət qədər güzəştlər olmalıdır ki, sosial mənzil bazarı sektoru işə düşsün".

Sizin Reklam Yeriniz