Əlaqə Arxiv
news Image
2014.03.13
07:33
| A A A
Krım tatarlarının Azərbaycana köçü başlanır?!
Azər Allahverənov: “Miqrasiyanın mümkün istiqamətləri kimi onlar üçün məhz Azərbaycan və Türkiyə maraqlıdır” Əlövsət Əliyev: “Azərbaycandan Krıma gedən tatarların Azərbaycana qayıdışı gözlənilə bilər”

Martın 16-da Krım Ali Soveti muxtar respublikanın Rusiyaya birləşməsi barədə referendum keçirmək barədə qərarı Krım tatarlarını hərəkətə gətirib. Buna etiraz edənlərin sayı çoxalır. Lakin baş verənlərin yaratdığı təhlükəni görüb Krımı tərk edənlərin də sayı artır. Belə ki, Krımı tərk edən insanların, xüsusən Krım tatarlarının sayının artdığı qeydə alınıb. Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti açıqlama yayıb.

Bildirilir ki, təkcə son sutka ərzində 265 nəfər Krımı tərk edib. Onların böyük əksəriyyəti Krım-tatar xalqının nümayəndələridir. Hətta, xəbərlər var ki, Ukraynanın Krım Muxtar Respublikasında yaşayan azərbaycanlıların son bir neçə gündür bölgədən köçü başlayıb. Ekspertlərin fikrincə, axının əsas istiqamətlərindən biri Azərbaycan ola bilər. Buna səbəb, dil, mədəniyyət və tarixi yaxınlıq göstərilir. Ancaq miqrasiyanın Türkiyə, Gürcüstan və hətta, Rusiya istiqamətdə olacağı da istisna edilmir. Miqrasiya məsələləri üzrə ekpsert Azər Allahverənov hesab edir ki, Krım tatarlarının Azərbaycana gəlişi mümkündür: "Tarixən azərbaycanlıların Kırım tatarları ilə çox geniş əlaqələri olub. Hətta, əsrin əvvəlində çox sayda Krım ziyalısı Azərbaycana mütəmadi olaraq gələrək dövlət səviyyəli tədbirlər həyata keçiriblər. Bundan başqa Kazan tatarlarına nisbətən Krım tatarları ilə azərbaycanlıların dil yaxınlığı daha sıxdır. Krım tatarları, azərbaycanlılar və türkiyəlilər ortaq dildə sərbəst şəkildə danışa bilirlər. Dil faktorunun çox böyük təsiri var. Tarixi əlaqələr, digər tərəfdən dil, mədəniyyət yaxınlığı, həmçinin Krım tatarlarının Rusiyaya və Qərbi Avropa ölkələrinə gedə bilməməkləri onların Azərbaycana, Türkiyəyə gəlişini şərtləndirən səbəblərdir. Miqrasiyanın mümkün istiqamətləri kimi onlar üçün məhz Azərbaycan və Türkiyə maraqlıdır. Bundan da başqa, bu gün Azərabycanda çox sayda tatarlar yaşamaqdadır. Onların müəyyən bir qismi məhz Krım tatarları ilə qohumluğu olan insanlardır. Hətta, elə Krım tatarları var ki, onların əsilləri Azərbaycandandır. Ancaq Krım tatarlarının Krımı tərk etmələri barədə məlumatlar ziddiyyətlidir. Düzdür, istənilən halda əgər Krımda hərbi əməliyyatlar başlayarsa, qaçqınların üz tutduğu miqrasiya maşurutları kimi birinci Qara dəniz vasitəsi ilə Türkiyə, sonra isə yenə də Qara dəniz vasitəsi ilə Gürcüstan və Azərbaycan istiqaməti olacaq. Ehtimal oluna bilər ki, Krım tatarlarının bir qismi məhz Gürcüstana üz tutsunlar. Əgər qarşıdurmalar az vaxtı əhatə edərsə, bufer ərazi kimi Gürcüstanda müəyyən müddət qalmaqları mümkündür. Yox, hərbi əməliyyatlar inkişaf edərsə, Gürcüstanda olanların bir qisminin Azərbaycana üz tutması mümkün sayılır. Eyni zamanda, hazırda Gürcüstanın Axalkalaki bölgəsində mexseti türkləri yerləşib. Krımdan qaçqın düşəcək Krım tatarlarının müəyyən bir hissəsi məhz həmin Axalkalaki bölgəsində yerləşə bilərlər. Çünki dil, tarixi və mədəniyyət baxımdan çox yaxındırlar. Əgər Krım Ukraynadan ayrılacaqsa, onların Ukraynaya üz tutması mümkün olmayacaq. Amma çox məsələlər Ukrayna hökumətinin davranışından asılıdır. Krım tatarlarının sıx yaşadığı ərazilər atəş xəttində yerləşəcəksə, qaçqınlıq qaçılmazdır".

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə bildirdi ki, 1988-1990-cı illərdə Azərbaycandan Krıma gedən tatarlar var idi: "Düzdür, onların sayı 1000 nəfərdən çox deyildi. Ən pis halda məhz onların Azərbaycana qayıdışı gözlənilə bilər. Çünki qohumlarından Azərbaycanda yaşayanlar var. Amma Azərbaycan ilə bağlı olmayan şəxslərin bura axını gözlənilmir. Onlar başqa ərazilərə üz tuta bilərlər. Rusiyanın Krım tatarları yaşadığı ayrı-ayrı ərazilərə gedə bilərlər. Məsələn, Kazan, Ulyanski vilayətinə hərəkət etmələri gözləniləndir. Hətta, Rusiya Federasiyasnın özünə üz tuta bilərlər".

Sizin Reklam Yeriniz