Azərbaycanda vəhhabilərin sayı son 5 ildə 100 faiz artıb. Bunu "Azərbaycanda dini durumun təhlili və dünyəvilik prinsiplərinin qorunması perspektivləri" mövzusunda fəlsəfə elmlər doktoru, ekspert Aydın Əlizadə bildirib. Ekspert çıxışı zamanı qeyd edib ki, dini durumda əsas narahatlıq yaradan problemli hal, dini zəmində olan radikal təfəkkürdür:
"Radikal baxışlar İslamın bütün məzhəblərində vardır. Bu gün Azərbaycanda daha çox sələfi radikalizmi barəsində danışırlar və bunun üçün çoxlu səbəblər vardır. Sələfilər cəmiyyətdə çox vaxt "vəhhabi" adı ilə tanınırlar. Ancaq onların arasında bir çox radikal qruplar da vardır. Saylarının nisbətdə az olmasına baxmayaraq, onlar dövlət, eləcə də insanların həyatı və sağlamlığı üçün təhlükəli ola bilərlər. Hazırkı artım sürəti saxlanarsa yaxın gələcəkdə radikal sələfi cərəyanları dini zəmində cəmiyyət üçün ən təhlükəli qruplar halına gəlib çıxacaqdır". İlahiyyatçı alimlər də daha çox radikallığın əleyhinə olduqlarını açıqlayırlar.
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin İslam elmləri kafedrasının müəllimi Elşad Mahmudov bildirdi ki, ənənəvi, millətimizin din anlayışına tərs, zidd olan bütün qeyri-ənənəvi təriqətlər Azərbaycan üçün problem yaradır: "Bunların qarşısını almaq üçün intellektual insanların sayəsində düzgün, sağlam dini maarifləndirməyə ehtiyac var. Sağlam dini maarifləndirmə aparılmayıncaya qədər isə təkcə vəhhabilik yox, vəhhabiliklə əlaqəli və digər nə qədər qeyri-ənənəvi təriqətlər varsa, Azərbaycana gələcəkdə böyük zərərlər vuracaqlar. Əgər sağlam dini maarifləndirmə olmayacaqsa, mənəvi boşluq yaranacaq. Bu mənəvi boşluğun yerini isə mütləq qeyri-ənənəvi görüşlər tutacaq. Azərbaycanın min illər boyu bildiyi din anlayışı, mənsub olduğu bir mənsub və dünya dini görüşü var. Onu daha da inkişaf etdirmək lazımdır".
İlahiyyatçı alim Elşad Miri bildirdi ki, bu rəqəmin haradan alındığı açıqlanmalıdır: "Əvvəllər katoliklərin sayı 40, 400 və sonra 1000 nəfər olduğu bildirilirdi. Daha sonra katolik kilsəsi açıldı. Bu da rəsmi şəkildə həyata keçirildi. Heç bir problem də olmamışdı. Halbuki, katoloklik dünyada ən çox yayılmağa meylli xristian məhzəbidir. Elə bu gün Azərbaycanda mövcud olan hansısa sekta, icma, mənsəbin hər birinin məqsədi də odur ki, baxışlarını daha çox insanlar arasında yaysınlar. Yayılma məsələsi həm vəhhabiliyə, həm şiəliyə, həm də sünnüliyə və digər mənsəblərə aid olan anlayışdır. Lakin burada əsas məsələ odur ki, onların hansı təhlükəlidir? Məsələn, baş örtüyü ilə bağlı məsələdə təhsil Nazirliyinin qarşsında radikal bir mənsəbin nümayəndələrini gördük. Təəssüflər olsun ki, radikal kimi təsvir olunan bəzi qrupların nümayəndələrinin, eyni zamanda məscidə qumbara atmalarının da şahidi olduq. Radikallığa gətirib çıxaran səbəblər var. Məsələ odur ki, bu radikallığı yaradan səbəblərin aradan qaldırılması yolları axtarılmalıdır. Bunu hansı formada həyata keçirmək yollarını düşünməliyik".
Ekspert qeyd etdi ki, hər bir sektanın daxilində təhlükə mövcud ola bilər: "Məsələn, vəhhabilikdə özünü sələfi adlandıranlar var. Sələfiliyin də daxilində müxtəlif qruplar var. Bütün bunları o insanların zahiri görünüşdə fərləndirmək olmur. Sələfilər deyir ki, biz yeganə qrupuq ki, Azərbaycanda heç bir zaman hakimyyətə qarşı etiraz aksiyası keçirmirik. Ancaq təkfirçilər deyirlər ki, insan namaz qılmırsa, kafirdir. Başqa bir qolu deyir ki, dövlət rəhbərliyində mütləq dindar insan olmalıdır. Şiəlik isə deyir ki, biz İslam dövləti olmalıyıq. Azərbaycan nə qədər demokratik dövlət olsa da, şəriətə uyğun olaraq hərəkət edilməlidir. Yəni, konkret hansısa sektanın təhlükəli olduğunu demək mümkün deyil. Amma ümumulikdə hər bir mənsəbin daxilində radikal qruplar mövcuddur".
Fəaliyyəti dayandırılmış "Əbu Bəkir" məscidinin imam cüməsi Hacı Qamət Süleymanov isə hesab edir ki, ümumiyyətlə, vəhhabizm yoxdur: "Olmayan bir təriqət necə arta bilər? Sadəcə ola bilsin ki, radikallıq artıb. Vəhhabizm fikri dəqiq deyil. Konkret hansı dəstənin, hansı camaatın artdığı deyilməli idi. Vəhhabinin kim olduğu bilinmir. Saqqalı olmaq vəhhabi demək deyil. Vəhhabizm deyilən nəsə yoxdur".