Əlaqə Arxiv
news Image
2014.03.15
07:13
| A A A
Kreml Qafqazı yenidən qarışdıracaq
Elman Nəsirli: "Gürcüstanın NATO-ya üzvlüklə bağlı fəaliyyət planının təsdiq edilməsi fonunda Moskva onun qarşısını almaq üçün müəyyən cəhdlərdə buluna bilər" Fikrət Sadıxov: "Gürcüstan NATO-ya daxil olmaq istəyindədirsə, onda Rusiya ilə münasibətləri yenidən gərginləşəcək"

Cari ilin sentyabrında Gürcüstana NATO-ya üzvlük üçün fəaliyyət planı təqdim oluna bilər. Bu isə o demək olacaq ki, Tiflis sözügedən quruma üzv olmağa daha da yaxınlaşacaq. NATO-nun Gürcüstana fəaliyyət planı təqdim etmək niyyəti isə Rusiyanın Ukraynada apardığı işğalçılıq siyasətindən sonra meydana çıxıb. Gürcüstan isə üzvlük üçün NATO-ya çoxdan müraciət edib.

Amma Rusiyanın da Tiflisin bu istəyini sadəcə müşahidə etməklə kifayətlənəcəyi gözlənilmir. Moskvanın başı hazırda Ukrayna hadisələrinə qarışsa da, Gürcüstanın NATO-ya üzvlüklə bağlı fəaliyyət planını qəbul etməsilə ona qarşı da müəyyən təzyiqlərdə bulunacağı gözlənir. Belə ki, bu halda Moskva Qafqazı yenidən qarışdıra bilər. Məsələn, hazırda nəzarətində saxladığı Abxaziya, Cənubi Osetiyadan Gürcüstana qarşı təzyiq rıçaqı kimi istifadə edə bilər. Bundan başqa Cavaxetiyadakı ermənilərin separatist mövqeyinin daha da artması yenə də Moskvanın xeyir-duası ilə gözlənən ssenarilər sırasındadır. Təki Gürcüstan NATO-ya daxil ola bilməsin.

Politoloq Elman Nəsirli bildirdi ki, Gürcüstanın NATO-ya üzvlüklə bağlı fəaliyyət planının təsdiq edilməsi fonunda Moskva onun qarşısını almaq üçün müəyyən cəhdlərdə buluna bilər. Ama bu Tiflisin istəyinin baş tutmasının qarşısını ala bilməyəcək: "Qeyd edim ki, Rusiyanın 2012-ci ildə təsdiqlənən yeni xarici siyasət konsepsiyasında NATO-nun genişlənməsi məsələsi bu ölkənin milli maraqları üçün təhdid kimi qiymətləndirilib. Rusiya hər zaman NATO-nun şərqə doğru genişlənməsi və onun yeni müstəqillik qazanan ölkələr hesabına say baxımından artmasının əleyhinə olub. Buna görə heç şübhəsiz, Rusiya Gürcüstanla NATO arasında sentyabrda əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutan fəaliyyət planı ilə bağlı olaraq ona maneə olmaq üçün müəyyən mexanizmlərini işə salmaq istəyər. Moskva birmənalı şəkildə bildirir ki, postsovet dövlətləri NATO ilə əməkdaşlıq edə bilər. Bu əməkdaşlıq inteqrasiya şəklində ola bilər, lakin bu üzvlüklə nəticələnməməlidir. Kreml məhz belə bir xətti müdafiə edir. Gürcüstanın NATO ilə əlaqələri genişləndirmək xəttinə Moskva açıq şəkildə etiraz edə bilməsə də, onun üzvlük məsələsinin qəti və açıq şəkildə əleyhinədir. Hesab edirəm ki, bu halda müəyyən mənada hadisələr sentyabr ayına qədər Rusiya-Ukrayna, xüsusən də Krımın Rusiyaya birləşdirilməsi məsələsinə aydınlıq gəlməsindən də asılı olacaq. Vəziyyət daha da gərginləşdiyi, bu hadisələr fonunda Qərbin Rusiyaya təzyiqi artdığı təqdirdə isə təkcə Ukrayna deyil, Gürcüstanın da NATO ilə əməkdaşlığı dərinləşdirmək xəttinə dəstək veriləcək. Bu halda Rusiyanın cidd-cəhdlə həmin addımın əleyhinə çıxmaq imkanları məhdud olacaq. Hər halda Rusiya onun da fərqindədir ki, Gürcüstan atrıq Avropa İttifaqıyla assosiativ sazişi və azad ticarət zonası ilə bağlı sənədləri imzalayıb. Bunun məntiqi davamı olaraq hərbi müstəvidə də NATO ilə əlaqələri genişləndirir. Rusiya fərqində olmalıdır ki, bu genişlənmə prosesi yeni-yeni sənədlərin imzalanması və əlaqələrin dərinləşməsilə müşayiət olunacaq. Bu labüddür. Rusiya bu prosesə narazılığını ifadə etsə də, bunun əvəzi olaraq Ukraynada etdiyini Gürcüstanda da etmək səviyyəsində deyil. Ukrayna məsələsinin özü Rusiya üçün ciddi baş ağrısına səbəb olub. Ona görə də Moskva paralel olaraq iki cəbhə açmaq iqtidarında deyil. Moskvanın hərbi gücü, iqtisadi potensialı, dünyadakı mövqeyi buna imkan verməz. Əks halda bu, Rusiya üçün həddən artıq ciddi baş ağrılarına səbəb olar".

Politoloq Fikrət Sadıqovun fikrincə, Rusiyanın Gürcüstanın NATO-ya üzvlüklə bağlı plana qoşulması ilə ona müxtəlif aspektdə təzyiqləri də artacaq: "Gürcüstan və Azərbaycan bildiyiniz kimi, NATO ilə müxtəlif proqramlar çərçivəsində əməkdaşlıq edir. Ola bilsin, Gürcüstanın NATO ilə yaxınlıq niyyəti daha güclü olub. Çünki vaxtilə NATO-ya daxil olmaq sabiq prezident Mixail Saakaşvilinin əsas məqsədi olub. Lakin düşünmürəm ki, Gürcüstanın indiki rəhbərliyi də Saakaşvili siyasətini davam etdirsin. Ola bilsin, Ukraynada cərəyan edən hadisələr fonunda Tiflisin NATO-ya daxil olmaq istəyi daha da güclənsin. Amma Gürcüstan NATO-ya daxil olmaq istəyindədirsə, onda Rusiya ilə münasibətləri yenidən gərginləşəcək. Düşünmürəm ki, Gürcüstanın hazırkı rəhbərliyi bunu nəzərə almasın və keçmişdə olan səhvləri təkrar etsin".

Sizin Reklam Yeriniz