Əlaqə Arxiv
news Image
2014.03.29
07:32
| A A A
Qarabağ münaqişəsinin həllində yeni mərhələ
Qərb ölkələri illərdir davam edən bu konfliktin çözümü üçün hərəkətə keçməyə hazırlaşır?!

Ukraynaya görə dünya siyasətində yaranan və getdikcə dərinləşməkdə olan ziddiyyət hazırda beynəlxalq miqyasda yeni bir qütbləşməyə də yol açmaqdadır. Qərb ölkələri Krımın işğalına görə Rusiyaya qarşı birləşdiyi halda, Moskva da onun mövqeyini dəstəkləyən ölkələri bir araya gətirməyə çalışır.

Qeyd edək ki, BMT Baş Assambleyası Krım Muxtar Respublikası və Sevastopol şəhərinin Rusiyaya birləşdirilməsini qanunsuz sayıb. Martın 27-də qəbul olunmuş özəl qətnamədə Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək verilir və dünya birliyinə, ölkələrə Krımın Rusiyaya birləşdirilməsini tanımamaq çağırışı yer alır. 100 ölkə, o cümlədən Azərbaycan Respublikası sənədin lehinə, 11-i əleyhinə (Rusiya, Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Sudan, Suriya, Venesuela və Zimbabve) səs verib, 58 ölkə, o cümlədən Çin, Qazaxıstan və Özbəkistan bitərəf qalib. Qırğızıstan, Tacikistan və Türkmənistan səs verməyiblər.

Qeyd edildiyi kimi, Azərbaycan qətnamənin lehinə səs verib. Bundan əvvəl isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Ukraynada stabilliyin bərpasına və problemlərin sülh yolu ilə çözülməsinə tərəfdardır. Nazirin sözlərinə görə, Azərbaycan Ukrayna ilə bağlı mövqeyini dəfələrlə ifadə edib: "Azərbaycan ərazi bütövlüyü məsələsinə hörmətlə yanaşır. Çünki ölkəmizin özü də təcavüzlə üzləşib və nəticədə Azərbaycan torpaqları işğal olunub".

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycana bu ölkəyə verdiyi dəstəklə əlaqədar təşəkkür edib. Təşəkkür Ukrayna XİN-in rəsmi "Twitter" səhifəsində yerləşdirilib. Azərbaycan dilində yazılan müraciətdə deyilir: "Azərbaycanlı dostlarımız, dəstəyinizə görə sizə təşəkkür edirik!".

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Misçenko da rəsmi Bakının mövqeyindən razılıq ifadə edir. Səfir dəstək üçün Azərbaycana minnətdarlığını bildirib. Bununla yanaşı, o qeyd edib ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyi Rusiya tərəfindən pozulub. Ukrayna bu kimi addımlara tərəfdaşlarından cavab gözləyir. Səfir Rusiya ilə Ukrayna arasında mübahisənin beynəlxalq səviyyəyə qalxdığını, Rusiyaya qarşı ciddi addımların tələb olunduğunu bildirib. Bu problemləri necə həll etməyə gəldikdə isə o, qeyd edib ki, Rusiyanın davranışlarının ciddi ölçüyə ehtiyacı var.

Rusiyanın mövqeyini dəstəkləyən ölkələrin, o cümlədən də Ermənistanın mövqeyi Ukrayna, həmçinin Qərb tərəfindən birmənalı qarşılanmır. Qeyd edək ki, Ermənistanın Rusiyanın Krım siyasətini dəstəkləməsi Qərbdə müəyyən narahatlıqlara səbəb olub. ABŞ-ın İrəvandakı səfiri Con Hefferen Ermənistanın Krımda keçirilən referendumu dəstəkləməsindən narahatlığını dilə gətirib: "Biz Ermənistanın Krıma qarşı bu cür addım atmasına heyfslənirik. Amma artıq Ermənistan öz seçimini edib". Əslində, Ermənistanın Krım separatçılarına dəstək verməsi gözlənilən idi. Çünki İrəvanın bu məsələdə Rusiyanın yanında olmaqdan başqa yolu yoxdur. Öz forpostunu Gömrük İtitfaqına qoşulmağa məcbur edən Moskva şübhəsiz ki, bu məsələdə İrəvanı razı salmaq üçün hansısa problem yaşamayıb.

İstisna olunmur ki, Qərb Krım separatçılarına dəstək verən ölkələrlə bağlı siyasətiində müəyyən dəyişikliklər edəcək və bu sıraya Ermənistan da aiddir. Ekspertlər bildirirlər ki, işğalçı ölkənin Krım separatçılarına dəstəyinə görə qərb nəhayət, Qarabağ münaqişəsinin həllində ədalətlə hərəkət edə bilər. Bu ədalətli hərəkət isə Azərbaycanın ərazi bütövlüyünün bərpasında ölkəmizə yardımçı olmaqdır. Xatırladaq ki, məhz Krım böhranından sonra artıq Qərbdə Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinin vacibliyinə dair fikirlər səsləndirilir.

Elə bu günlərdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da vurğulamışdı ki, Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini göstərir: "Əlavə etmək istərdim ki, Ukraynada baş verənlər mənim üçün Azərbaycanla ABŞ, Azərbaycanla Avropa İttifaqı arasında münasibətləri daha əhəmiyyətli edir". Onun sözlərinə görə, Krımdakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll edilməsinin vacibliyini göstərir. Məhz bu şəraitdə qərbin fəal hərəkəti Qarabağ konfliktinin çözümünü sürətləndirə bilər.

Sizin Reklam Yeriniz