Əlaqə Arxiv
news Image
2012.06.19
14:04
| A A A
Milli qəhrəmanın şəhid olmasından 2 il ötür

Movqe.az xəbər verir ki, 2 il əvvəl Azərbaycan xalqı acı bir xəbərlə oyandı. Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimov qəhramanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdı. Bu gün onun şəhid olmasının ildönümüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olub. Bir neçə erməni əsgərini öldürən hərbiçimizin meyidini geri almaq elə də asan olmadı. Yalnız Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan Mübariz İbrahimov, eləcə də şəhid zabit Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verdi. Azərbaycan prezidenti İlham Əliyev iyulun 21-də gizir Mübariz İbrahimova Azərbaycanın Milli qəhrəmanı adının verilməsi barədə sərəncam imzalayıb.
Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 2010-cu ildə "İlin adamı" mükafatına layiq görülüb.

Sizin Reklam Yeriniz